Rusiya Ukraynada sınaqdan keçirdikdən sonra yeni “İsgəndər-1000” raketlərini Kalininqrad vilayətində yerləşdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” yazıb.
Nəşr Ukrayna məlumatlarına istinadən bildirib ki, 9M723-2 raketi “İsgəndər” kompleksinin əvvəlki 9M723-1 raketi əsasında hazırlanıb. Yeni raketin uçuş məsafəsinin 1000 kilometrə qədər olduğu, daha güclü mühərrikə və böyük ölçülərə malik olduğu qeyd edilib.
Məlumata görə, raketlərin Rusiyanın ən qərbdə yerləşən Kalininqrad vilayətində yerləşdirilməsi onların Mərkəzi və Qərbi Avropanın böyük hissəsində, eləcə də Baltik dənizindəki hədəflərə çatmasına imkan verə bilər. Bunun ilk döyüş sınaqlarından sonra baş verə biləcəyi bildirilib.
Nəşr həmçinin “İsgəndər-1000” raketlərinin yüksək manevr qabiliyyətinə malik olduğunu və buna görə onların ələ keçirilməsinin çətinləşdiyini yazıb.