Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın regiondakı strateji əhəmiyyətinin daha da artacağı gözlənilir. Belə ki, dəhlizin istifadəyə verilməsi Naxçıvanı Türk dünyası ilə əlaqələrin əsas mərkəzlərindən birinə çevirə bilər. Prezident İlham Əliyevin son dövrdə Naxçıvana xüsusi diqqəti də bu bölgənin qarşıdakı inkişaf perspektivlərini gündəmə gətirir.
Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan türk dünyasının paytaxtı statusunu qazana bilərmi? Naxçıvanı nələr gözləyir?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Zəngəzur dəhlizi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) gələcəkdə iqtisadi mənzərəni dəyişəcək yeni tarixi konfiqurasiyanın formalaşmasına səbəb olacaq:
“Bu marşrutların yaradacağı yeni nəqliyyat xətləri iqtisadi əlaqələrin genişlənməsinə və yeni iqtisadi mərkəzlərin formalaşmasına imkan verəcək. Naxçıvan tarixən mühüm tranzit funksiyası daşıyıb, Türküstanla Anadolu arasında keçid və körpü rolunu oynayıb. Eyni zamanda, Naxçıvandan cənuba, İran ərazisinə doğru uzanan marşrutlar da mövcud olub. Bu baxımdan, Naxçıvan orta əsrlərdə İpək yolu üzərində yerləşən əsas ticarət və mədəniyyət mərkəzlərindən biri sayılıb”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanda olarkən şəhərin Atabəylər dövründə Azərbaycanın paytaxtı olduğunu xatırlatması da təsadüfi deyil:
“Böyük Səlcuq imperiyası dövründə Naxçıvan mühüm mərkəzlərdən biri olub. Şəmsəddin Eldənizin və Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə də bu funksiyasını qoruyub. Naxçıvandakı Qarabağlar kompleksi, Möminə Xatun türbəsi və digər tarixi abidələr bölgənin qədim, eləcə də zəngin mədəni irsə malik olduğunu göstərir. Naxçıvan tarixən səyyahların da diqqətini cəlb edən mərkəzlərdən biri olub. Övliya Çələbi Naxçıvan, Sədərək və Qarabağlar ərazilərində olub, Qarabağlar haqqında məlumat verib və bu əraziləri mühüm istehsal mərkəzləri kimi təsvir edib. O, Qarabağlarda armudun 27 növünün yetişdirildiyini, Naxçıvanda meyvələrin qurudularaq karvanlarla digər ərazilərə göndərildiyini qeyd edib”.
H.Babaoğlu qeyd edib ki, bütün bu sadalananlar Naxçıvanın mühüm iqtisadi və tranzit mərkəzi olmaq potensialının tarixən mövcudluğunu göstərir:
“Ona görə də haqlı olaraq deyə bilərik ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan türk dünyasının paytaxtı statusunu qazanmaq potensialına sahibdir. Hesab edirəm ki, Naxçıvan öz tarixi rolunu Azərbaycan dövlətçilik tarixində yenidən oynayacaq.
Digər mühüm məqam isə ondan ibarətdir ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı sənəd məhz Naxçıvanda imzalanıb. Yəni bütün bu siyasi və strateji amillər Naxçıvanın, eləcə də bütövlükdə Azərbaycanın böyük gələcəyindən xəbər verir”.