ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvaya səfər edərək Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məlumata görə, Retkliff Bortnikova Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı ABŞ kəşfiyyatının “bədbin qiymətləndirməsini” çatdırıb və Moskvanı hərbi və iqtisadi vəziyyət daha da pisləşmədən sülh sazişi bağlamağa çağırıb.
MKİ rəhbərinin Rusiyanı təhdid etmədiyi, lakin Moskvanın müharibəni davam etdirməsinin vəziyyəti daha da ağırlaşdıracağını bildirdiyi qeyd olunur. ABŞ kəşfiyyatı uzun müddətdir Vladimir Putinin cəbhədəki vəziyyət, itkilər və müharibənin gedişi barədə ona çatdırılan məlumatların tam obyektivliyinə şübhə edir.
Retkliffin sözlərinə görə, Rusiya əsgərinin cəbhədə orta ömür müddəti 35 dəqiqədən azdır. O, həmçinin qeyd edib ki, son 18 ay ərzində Rusiya ordusunun Ukrayna ərazisində irəliləyişi cəmi 1 faiz civarında olub. MKİ direktoru Ukraynanın dron texnologiyalarının inkişafını da xüsusi vurğulayıb.
NYT yazır ki, Retkliffin Bortnikovla əlaqələri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Kremlə yaxın digər yüksək vəzifəli şəxslərlə apardığı danışıqlardan ayrı kanalla həyata keçirilir.
Məlumata görə, Retkliff Moskvaya getməzdən əvvəl ukraynalı həmkarları ilə də danışıb və Rusiyanın mövqeyini öyrənəcəyini, Kiyevin adından heç bir güzəştə getməyəcəyini bildirib.
Nəşr hesab edir ki, Retkliffin Moskva səfəri Tramp administrasiyasının dalana dirənmiş Rusiya-Ukrayna danışıqlarını yenidən canlandırmaq üçün son cəhdlərindən biri ola bilər. Avropalı diplomatlar isə qarşıdakı qış aylarında sülh sazişi üçün imkan yarana biləcəyini düşünürlər.