Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi onların buraxıldığını və Suriya ordusuna inteqrasiya olunduğunu elan edib. O, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında çıxış edərək bildirib: “Biz Suriya tarixində sülh, sabitlik və bərpa fəsli açırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sonunu tam məsuliyyətlə elan edirik”.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani bildirib ki, PYD/PKK və ya qısaca Suriya Demokratik Qüvvələrinin özünü ləğv etdiyini elan etməsi müsbət bir hadisədir.
Büstani qeyd edib ki, çoxları bunun müsbət tərəflərini müzakirə etsə də, onun bəzi narahatlıqları var:
“SDQ ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında imzalanan müqaviləyə baxdıqda, ləğv edilmiş SDQ terror təşkilatı liderlərinin Suriya dövlət qurumlarında yüksək vəzifələr tutacağını görürük. Türkiyə Respublikasına düşmənçilik etmiş və əsgərlərini şəhid etmiş bir terror təşkilatının ləğv edilməsi müqabilində aktiv siyasi rollar almasının problem olub-olmadığını soruşsanız, bu, “ən pisindən daha yaxşıdır” deyərdim və nisbətən müsbət baxardım. Lakin mənim narahatlığım onların Suriya bürokratiyasına inteqrasiyası deyil, Suriya müharibəsi boyunca terror təşkilatının bizə zərər verməyə çalışdığı ərazilərdə “öz” qüvvələrindən istifadə edərək Suriya ordusu adı altında əməliyyat bölgəsində fəaliyyət göstərməyə davam edəcəkləridir”.
Ekspert qeyd edib ki, 24 avqust 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri bu terror təşkilatının ölkəni bölmək səylərinə cavab olaraq Suriya daxilində əməliyyatlara başladı və qarşısını aldı:
“Beləliklə, Türkiyə Respublikasının sərhəd təhlükəsizliyi təmin edildi və bu, adından da göründüyü kimi, terror və separatizm əleyhinə olduğu üçün bütün dünyaya qəbul etdirdiyimiz bir əməliyyat idi.
Bu məqamda sual yaranır: əgər yaxın, orta və ya uzunmüddətli perspektivdə Suriyadakı mövcud qüvvələr balansı dəyişərsə və bu terror təşkilatı olduğu ərazilərdə “Suriya ordusu” adından istifadə edərək bizə qarşı fəaliyyət göstərərsə, biz bu əməliyyatı rəsmi olaraq Suriya ordusuna qarşı həyata keçirmiş hesab ediləcəyikmi? Düzünü desəm, razılaşmanı oxuyarkən ən böyük narahatlığım bu idi”.
Büstani bildirib ki, digər vacib bir məsələ Suriyadakı vəzifələrə təyinatların etnik mənsubiyyətə əsasən aparılacağıdır:
“Başqa sözlə, zamanla təyinatlarda məzhəb və etnik mənsubiyyətlərin prioritetləşdiriləcəyi bir sistemin qurulduğuna dair güclü bir hiss var. Hətta bu mühitdə belə, Türkiyəyə yaxın olduğu və ya Türkiyə ilə yaxşı münasibətlər qurması nisbətən daha asan olduğu bilinən Suriya türkmənlərinə ya vəzifə verilmir, ya da məhdud səlahiyyətli simvolik təyinatlar verilir.
WhatsApp Image 2025 11 18 at 12.57.16
Deniz Büstani
Əgər bu, Türkiyənin əhəmiyyətli təsirə malik olduğu bir dövrdə baş verirsə, fəlakətli bir ssenari baş verərsə, 911 km sərhədi paylaşdığımız Suriyada Türkiyəyə qarşı silahlı münaqişə ilə yanaşı, bürokratik risklər də yarana bilərmi?
Və digər bir narahatlıq doğuran məsələ, bölgə xalqlarının sülh içində yaşamasına və inkişaf etməsinə imkan verəcək milli strukturların dağıdılıb-dağıdılmamasıdır”.
D. Büstani, terror təşkilatlarının özünü ləğv etməsi və təşkilatın əhatə dairəsinin daraldılmasının olduqca dəyərli olduğunu vurğulayıb:
“Buna qarşı çıxmaq və ya istəməmək, mahiyyət etibarilə, terrorizmi dəstəkləməyin başqa bir yoludur. Lakin burada əldə edilən razılaşmalarla bağlı ortaya çıxan sualları dilə gətirməliyik.
Narahatlıqlarımız gerçəkləşsə belə, Türkiyə Respublikası bütün qurumları və təşkilatları ilə bunun qarşısını almaq gücünə malikdir; buna şübhəmiz yoxdur. Lakin narahatlıqları da görməzdən gəlmək olmaz”.
Xatırladaq ki, yanvar ayında ABŞ-nin vasitəçiliyi ilə bağlanan sazişə əsasən, Suriya neft və qaz ehtiyatlarının, eləcə də elektrik enerjisi güclərinin əsas hissəsinin cəmləşdiyi Fərat çayı boyunca yerləşən ərazilərin böyük hissəsi hökumət qüvvələrinin nəzarətinə keçib. SDQ-nin nəzarətində isə yalnız şimal-şərqdə, ölkənin İraq və Türkiyə ilə həmsərhəd bölgələrində kürdlərin üstünlük təşkil etdiyi şəhər mərkəzləri qalıb. Həmin razılaşma, eyni zamanda, SDQ-nin tam şəkildə Suriya Silahlı Qüvvələrinə inteqrasiyasını nəzərdə tuturdu.