Bu il yay çox isti keçməsə də, vaxtaşırı mediada günvurma ilə bağlı müxtəlif məlumatlar yer alır. Bəs, bundan qorunmaq üçün nə etmək lazımdır?
Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Sputnik Azərbaycan-a açqılamasında bu haqda danışıb: "Günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi hallar insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükəlidir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Tibb mütəxəssislərinə görə, günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır.
Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində və əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beynin qan dövranı pozulur".
Həkim günvurmanın əlamətlərindən də söz açıb: "Bu əlamətlər zəiflik, qızarmış sifət, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma, qusma, ağır hallarda bədən hərarətinin 40C və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir.
O bildirir ki, bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir. İlkin yardım olaraq nə etmək olar, deyə həkim tövsiyələrini verib: "Belə olan halda zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükülməsi, başına buz qoyulmasıdır. Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!".
"Günvurma zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. Günvurma zamanı patoloji proses, həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qaraciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda günvurma xüsusilə ağır keçir. Bu zaman həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır", - Y.Abdiyeva əlavə edib.
Onun sözlərinə görə, maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir: "Yaxud günvurma diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 42-43 dərəcə C-dən yüksək olarsa, ölüm baş verir. Günvurmanın üç forması var: asfiksiyalı, paralitik, psixopatik. Asfiksiyalı formada xəstədə tənəffüs və damar-hərəki mərkəzin fəaliyyətinin zəifləməsi baş verir. Tipik akrosianoz, koma əlamətləri, apnoe, asistoliya əlamətləri ola bilər. Paralitik forma üçün ara vermədən baş verən qıcolmalarla müşahidə olunan koma xarakterikdir. Sonradan bu vəziyyət ürək və tənəffüsün dayanmasına keçir. Psixopatik forma çox vaxt isti müəssisə və gün altında olmaqdan 5-6 saat sonra baş verir. Huşun pozulması (sayıqlama və hallüsinasiya) çox vaxt qıcolma və ifliclə müşayiət olunur. Günvurma zamanı su-elektrolit balansının pozulma dərəcəsinə görə infuzionterapiya və ya maye rejiminin korreksiyası aparılır. Əsasən aşağıdakı simptomlar təhlükəli hesab olunur: tər ifrazının kəsilməsi, dəri temperaturunun artması, əllə toxunduqda dərinin isti və quru olması, huşun itməsi, tənəffüs və nəbzin tezləşməsi. Təcili və təxirəsalınmaz tibbi yardım günvurma dərəcəsindən asılı olaraq aparılır".
"Əgər xəstədə yüngül dərəcəli günvurmadırsa, onda xəstə ilk növbədə kölgə və ya sərin bir yerə aparılmalıdır. Əvvəl xəstə üst geyimindən azad olunur, ona sərin su içirdilir, başa sərin kompress qoyulur, soyuq suda isladılmış mələfəyə bürüdülür. Günvurma orta ağır dərəcədədirsə, xəstənin fiziki yolla hərarətini salmaqla yanaşı medikamentoz yardım da olunmalıdır (v/d aminazin və ya droperidol). Venadaxili damcı şəklində 10%-li qlükoza, NaCl izotonik məhlulu köçürülür. Xəstəyə meyvə şirələri və bol maye qəbulu məsləhət görülür (2 x/q şəkər, 0,5 ç/q duz, 0,5 ç/q soda 1 litr suda həll edilib xəstəyə içirdilir). Susuzluq, yanğı hissi itənə və sutkalıq diurez bərpa olana qədər tibbi yardım davam etdirilir. Ağır dərəcədə oksigenoterapiya, fiziki soyutma (dəri daim soyuq mələfəylə silinir) aparılır. Baş və qasıq nahiyəsinə buz yastıqcığı qoyulur. Əgər bədən temperaturu 38,50C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə, vena daxilinə relanium və ya natriumoksibutirat köçürülür. Həmçinin, infuzion terapiya (duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədi ilə qlükokortikoidlərdən (prednizolon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur", - deyə mütəxəssis əlavə edib.
O bildirir ki, günvurmadan qorunmaq üçün bir sıra tədbirlər görmək olar: "12:00-16:00 arası xüsusi səbəb olmadıqca çölə çıxmayın. Günəş şüalarının təsirinin güclü olduğu saatlarda bu şüalardan qorunun və həmin saatları kölgəlik bir yerdə (ağac, çətir altı və s.) keçirin. İsti havalarda açıq rəngli, incə, pambıq geyimlər geyinin. Geniş kənarlı şapka taxın və ya çətirdən istifadə edin. Yay mövsümündə bol maye qəbul edin. Ağır və həddindən artıq yemək yeməyin, yüngül yeməklərə, meyvə və tərəvəzə üstünlük verin. Qızartma və ədviyyatlı yeməklərdən uzaq durun. Olduğunuz yeri havalandırın. Ventilyasiyası olan yerlərdə qalmağa çalışın. Tez-tez duş qəbul edin. Qoruyucu günəş kremindən istifadə edin, günəş vannası qəbul etməzdən əvvəl dəriyə uyğun qoruyucu krem sürtün. Çalışın ki, günəş altında idman etməyin. Eyni zamanda gün eynəklərindən istifadə etməyiniz məsləhətdir".