Texas Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, həddindən artıq çox işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri riski artmış olur.
MedicalDaily xəbər verir ki, araşdırmanın müəllifləri 1986-2011-ci ilər arasında yaşı 18-dən yuxarı olan 2000 nəfər insana nəzarət edirdilər.
Nəticədə məlum olub ki, iş vaxtı qurtardıqdan sonra işdə tez-tez əlavə qalan və həftədə 45 saatdan artıq işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha tez-tez inkişaf edir. Bu insanların 43%-də stenokardiya, ürək çatışmamazlığı, hipertoniya və digər pozulmalar, o cümlədən infarkt və insult, aşkar edilib.
Belə araşdırmalar bundan əvvəl də keçirilirdi. 2015-ci ildə keçirilmiş araşdırmalar göstərib ki, stress şəraitində işləyən insanlarda işemik insultun riski 22% artır. Alimlər ən stresli peşələr sırasında dayə və bərbər peşələrini qeyd edirlər.