ABŞ və İranın imzaladığı anlaşma memorandumunun mətni Tehranın qələbəsi hesab olunur. Bu, təkcə İran rejiminin propaqandası deyil, memorandum ən azı nəzəri olaraq ABŞ-ın “geri çəkilməsi” olaraq qiymətləndirilə bilər.
1. ABŞ İran kampaniyasında əsas hədəfinə - rejimin dəyişdirilməsinə nail ola bilmədi, əksinə devirmək istədiyi qüvvələrlə masada razılaşır: rejim nəinki dözdü, hətta tələblərinin əks olunduğu anlaşma memorandumuna da nail oldu;
2. İranın Hörmüz boğazı üzərində nəzarət hədəfi memorandumda əksini tapır, bunun praktiki olaraq, baş tutması sual altında olsa da (boğazla bağlı məsələdə Vaşinqtonun fərqli taktikaya əl atdığı görünür);
3. İran “nüvə silahı əldə etməyəcəyi” öhdəliyini götürsə də, “nüvə ehtiyacları” məsələsini açıq saxlayır və bu, yekun razılaşmada əksini tapmalıdır;
4. İran bütün sanksiyaların aradan qaldırılması, gələcəkdə yenilərinin tətbiq edilməməsinə nail olur;
5. İranın Hizbullahla bağlı tələbi də memorandumda əks olunur və bu, Tehran üçün əsas nəticələrdən biridir;
6. Memorandumda proksi qüvvələrə dəstək və raket proqramı məsələsinin yer almaması da Tehranın mövqeyindən mühüm nəticədir.
Bu kontekstdə İranın “qələbə elanı” memorandum mətninə əsaslanır. ABŞ-ın qazancı zənginləşdirilmiş uranın durulaşdırılması, nüvə silahının əldə edilməməsidir. Vaşinqtonun anlaşma ilə nüvə proqramı da daxil olmaqla İran üzərində nəzarət imkanı əldə etməsi perspektivini proqnozlaşdırmaq mümkündür, lakin buna nail olub-olmayacağı hadisələrin inkişafından asılı olacaq, hazırda isə memorandum Tehran maraqları üçün daha məqbuldur.
Ümumilikdə anlaşma memorandumunun yekun razılaşmaya çevrilib-çevrilməməsi, 60 günlük müddətdə proseslərin razılaşma çərçivəsində davam edib-etməməsi sual altındadır.