Bakı və ətraf qəsəbələrdə vaxtaşırı rast gəlinən əcaib mənzərə restoran və şadlıq evlərinin bacalarından yayılan tüstüdür. Tüstünün bu şəkildə atmosferə yayılması obyektlərin havaya atdığı tullantıların nə dərəcədə nəzarətdə saxlanıldığı və bununla bağlı mövcud tələblərə əməl olunub-olunmadığı bilinmir.
Bəs şadlıq sarayları və digər iaşə obyektlərində bacalardan çıxan tüstü ilə bağlı hansı tələblər var və atmosferin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, atmosfer havasına atılan zərərli tullantılar üzrə müəyyən edilmiş normativlərə əməl olunması tələb olunur:
“Müəyyən edilmiş hədlərin aşılması ətraf mühitə və atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda obyekt sahibləri üçün məsuliyyət yarada bilər. Bu baxımdan, xüsusilə restoran və iaşə obyektlərində mətbəx və manqal bacalarından atmosferə atılan tüstü, his və digər zərərli maddələrin azaldılması üçün müvafiq təmizləyici və filtrasiya sistemlərindən istifadə mühüm əhəmiyyət daşıyır. Quraşdırılan qurğuların daim işlək vəziyyətdə saxlanılması, həmçinin filtrlərə vaxtında texniki xidmət göstərilməsi də vacib şərtlərdəndir”.
O.Musayev deyib ki, bəzi hallarda xərclərdən yayınmaq məqsədilə bu tip qurğuların quraşdırılmadığı və ya mövcud filtr sistemlərinə lazımi texniki xidmət göstərilmədiyi məlum olur:
“Nəticədə normativlərdən artıq tullantıların havaya atılması və ətraf mühitin çirklənməsi riski artır. Atmosfer havasının çirklənməsinin qarşısının alınması məqsədilə tullantı normativlərinə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədəuyğun hesab olunur”.
Ekspertin fikrincə, müəyyən edilmiş tələbləri pozan obyektlərə münasibətdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirlərinin tətbiqi təmin edilməlidir:
“Ümumilikdə, restoran və digər iaşə obyektlərində tüstü və zərərli tullantıların azaldılması üçün müvafiq təmizləyici qurğuların quraşdırılması, onların saz vəziyyətdə saxlanılması və mütəmadi texniki baxışdan keçirilməsi atmosfer havasının mühafizəsi baxımından prioritet məsələlərdən biri olmalıdır”.