Bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümüdür.
Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Şuşada doğulub. Atası Xurşidbanu Natəvanın yanında əvvəl mirzəlik, daha sonra isə təsərrüfat işlərinə başçılıq edib. Şirinbәyim xanımla da Natәvanın sarayında tanış olub, 1870-ci ildә ailә həyatı qurublar. Anası Әliverdibәyova Şirinbәyim xanım Kәrbәlayı Әlәkbәr qızı (1853-1939) isə mülkədar ailəsində doğulub.
Üzeyirin uşaqlığı Şuşanın Çöl qala məhəlləsində keçib. İbtidai təhsilini Şuşada Camal bəy Fətəlibəylinin ikisinifli məktəbində aldıqdan sonra Haşım bəy Vəzirovun rəhbər olduğu Nikolayevski adına mülki rus-tatar məktəbində davam etdirib. Üzeyirin ilk musiqi müəllimi dayısı, musiqişünas Ağalarbəy Əliverdibəyli olub.
1897-ci ildə Üzeyir Cabbar Qaryağdıoğlu ilə Ə.Haqverdiyevin səhnəyə qoyduqları “Məcnun Leylinin məzarı üzərində” səhnəsini müşayiət edən oğlanların xorunda iştirak edib.
Üzeyir bəyin ilk qələm təcrübəsi də bu dönəmlərə aiddir. O 13 yaşında "Kitabi-məzhəkə" adlı nağıl və hekayələr kitabı yazıb, kitab üçün illüstrasiyaları özü çəkib.
Şuşadan Qoriyə
Üzeyir bəy 1899-cu ildə Qori seminariyasına qəbul edilib. Onunla birlikdə həmin il Qoriyə daxil olanlar bunlardır: Vəli Vəliyev, Zülfüqar Hacıbəyov, Abbas İsmayılbəyov, Qulam Vahabov, Həmid Əfəndiyev, Sayad Namazov, Əyyub Bidadov, Əli Terequlov.
Əli Terequlov Üzeyir bəyin həm dostu, həm də qohumu idi. Xatirələrində Terequlov yazırdı: “Avqust ayı idi. Qori seminariyasına qəbul olunanlar içərisində qəhvəyi rəngli tələbə arxalığı geymiş, belinə ensiz qayış bağlamış və başında sadə buxara papağı olan qarayanız, arıq bir gənc də vardı. Bu, Üzeyir Hacıbəyov idi”.
Üzeyir bəyin Qoridə necə təhsil almasını onun 1899-1900-cu dərs ilindəki sinif rəhbəri K.Karakenidzenin yazdığı xasiyyətnamədən bilmək olar: “Qabiliyyətlidir, yoldaşlarından daha çox ürəyiaçıqdır. Şəkil çəkməyi və kitab oxumağı sevir. Azərbaycancadan ruscaya və əksinə özü könüllü olaraq məqalələr tərcümə edir. Xasiyyətcə şəndir, ayıqdır. İlboyu əxlaq qiyməti “5”-dir”.
Üzeyir bəyin Qoridəki həyatı ilə bağlı maraqlı faktlar var.
“3 dekabr 1900. Tələbə Üzeyir Hacıbəyov ana dilində danışmışdır. Müfəttişin töhməti”.
“8 dekabr 1900. Üzeyir Hacıbəyov dua oxumayıb. Yoldaşından xahiş etmişdir ki, o oxusun. Üzümüzə gələn bazar günü gəzməyə çıxmaqdan məhrum edilmişdir. Müfəttişdən töhmət almışdır”.
Növbəti töhmətlərdən birini Üzeyir bəy 1901-ci il oktyabrın 1-də sinif rəhbəri V.Polevskidən alır. Səbəb kimi Üzeyirin musiqi dərsindən icazəsiz getməsi, müəllimi ilə saymazyana davranması göstərilib.
Əslində səbəb Üzeyir bəyin yaşadığı sarsıntı ilə bağlı idi. 1901-ci ilin sonlarında Üzeyirin atası Hacıbәyov Әbdülhüseyn Molla Mәhәmmәd oğlu mədə xəstəliyindən vəfat edir. Bu hadisənin gənc seminaristdə yaratdığı təsir 1901-1902-ci illərə aid xasiyyətnaməsində də özünü göstərir: “Hacıbəyovdakı şuxluq yox olub, ciddiyyətlə əvəz edilmişdir. Onun xasiyyətində şənlikdən çox qəm-kədər vardır. Tez-tez qaradinməz və qaşqabaqlı olur”.
1902-ci ilin 8 yanvarında Üzeyir bəy milad bayramı tətilindən gec qayıtdığına görə növbəti dəfə töhmət alır.
1904-cü il iyunun 1-də Üzeyir bəy Qori seminariyasını uğurla bitirir, ibtidai məktəb müəllimi adını qazanır.
1904-cü ildə seminariyanı bitirən 17 nəfərin hamısına təyinat verilir, lakin təkcə Üzeyir bəy kənarda qalır. Buna səbəb Üzeyirin ancaq Bakıda işləmək arzusu idi. Bu məqsədlə də Qoriyə məktub yazmışdı. 1904-cü il iyunun 30-da aldığı cavab məktubunda yazılırdı: “...Axı, Siz Bakı şəhərində işləmək arzusunda olduğunuzu bildirmisiniz...”
1904-cü il iyulun ilk günlərində Hacıbəyov Yelizavetpol quberniyasının məktəblər inspektorluğuna müraciət edir. O, Cəbrayıl qəzasının Hadrut kənd məktəbinin üçüncü paralel sinfinə müəllim təyin edilir, avqust ayının 25-dən gec olmayaraq kəndə getməsi tələb olunur. Beləliklə, Üzeyir bəy müəllimlik fəaliyyətinə başlayır, rus dili, hesab, tarixdən dərs deyir, nəğmə və musiqi öyrədir. Lakin bir il sonra baş verən hadisə onun Hadrutdakı fəaliyyətinə son qoyur. Sənədlər arasında belə bir məktub var: “Dərslər başlamış, müəllim Üzeyir Hacıbəyov hələ də məktəbə gəlməmişdir”.
Bu sətirlər Hadrut məktəbinin müdirinin Yelizavetpol quberniyasının məktəblər inspektoruna 1905-ci il oktyabr ayının 2-də yazdığı məktubdandır. 1905-ci ildə ermənilərlə türklər arasında başlanan münaqişə sonucunda Üzeyir bəy Hadrutu tərk edir, avqustun axırlarında Bakıya gəlir.
Bakı onu necə qarşıladı…
Bakıya gələn Hacıbəyli Bibiheybət neft rayonunda fəhlələrin uşaqlarına dərs deyir. Bu müddətdə o, hesabdan türk dilində dərslik tərtib edir, Qoqolun “Şinel” əsərini dilimizə tərcümə edir. “Həyat” qəzetində tərcüməçi işləyir, həmin ilin 10 sentyabrında qəzetin 59-cu sayında “Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhü” adlı ilk yazısı dərc olunur.
Üzeyir bəy məqalələrində jurnalistikaya ilk dəfə “Həyat” qəzetində başladığını söyləyir.
“Həyat” qəzeti 1905-1906-cı illərdə Tağıyevin vəsaiti ilə “Kaspi” mətbəəsində nəşr olunurdu, redaktorları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə idi. Qəzetin ilk nömrəsi 1905-ci il 7 iyunda, sonuncu nömrəsi 1906-cı il 3 sentyabrda (cəmi 325 sayı) dərc olunur.
“İrşad” qəzetində
Dönəmin mühüm simalarından Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə bağlı elan olunan 17 oktyabr manifestindən sonra yeni qəzet açmağı qərarlaşdırır. Bu ideya dekabr ayının 17-də Bakıda çap olunan “İrşad” ilə həyata keçirilir. “İrşad”ın hərfi anlamı “yol göstərən” deməkdi.
1908-ci il iyun ayının 25-dək fəaliyyət göstərən qəzetin 1905-06-cı illərdəki 116 sayına Əhməd bəy redaktorluq edir. Ümumilikdə, 4 il ərzində “İrşad”ın 536 sayı çap olunur. 1906-ci il fevral nömrələri Üzeyir bəyin müdirliyi, mart nömrələrinin bəziləri isə redaktorluğu ilə nəşr olunur. 1907-ci ilin 1-15-ci saylarına Haşım bəy Vəzirov redaktorluq edir. Qəzetin 46-57-ci nömrələri isə Məhəmməd Əmin Rəsulzadənin redaktəsi ilə nəşr olunur. Hər həftə fars dilində çıxan əlavəsinə isə Əbdül-Məmalik Fərahi redaktorluq edir. Qəzetin naşiri isə İsa bəy Aşurbəyov idi.
Əli bəy Hüseynzadə “İrşad”ı “Həyat” qəzeti ilə birgə “Əkinçi”dən sonra xalqın “ikinci gözü” hesab edirdi. Qəzetin tirajını artırmaq üçün Əhməd bəy Ağaoğlu Ağdaş, Göyçay, Gəncə və Nuxaya səfərlər edir. Bu səfərlərdən sonra tiraj bir müddət qalxır, canlanma yaranır. Buna baxmayaraq, qəzet hər an bağlanmaq təhlükəsi qarşısında idi. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının üz səhifəsində verilən karikaturada “Həyat” qəzeti tabutda, “İrşad” isə xəstə halda tabutun arxasında göstərilir. Həmin dönəmdə “İrşad”ın felyetonçusu adı ilə tanınan Üzeyir bəyin yazıları qəzetin iki dəfə bağlanmasına səbəb olur.
Birinci dəfə Hacıbəylinin yazdığı “Stolıpinin xәyalı”, ikinci dəfə, birdəfəlik bağlanmasına səbəb isə “Nağıl” felyetonu olur. “Nağıl” felyetonunda çar Rusiyası “İvan” obrazında kəskin tənqid olunur, Rusiyanın Yaponiyaya yenilməsi gücsüzlük kimi göstərilir, xalqlara verilən konstitusiya haqlarının boğulduğuna işarə edilir. Məhz bu felyeton səbəbindən “İrşad” qəzeti birdəfəlik bağlanır.
“İrşad”dan sonra
1908-ci ilin 3 iyulundan Üzeyir bəy “Tərəqqi” qəzeti ilə əməkdaşlığa başlayır, 1909-cu il iyunun 28-də Əhməd bəy Ağaoğlu ölkəni tərk etdiyi üçün həmin ilin oktyabrınadək, yəni qəzet bağlananadək redaktorluq edir. 1909-cu ilin 25 dekabrında “Həqiqət” qəzetinin naşiri və baş redaktoru olur. 1910-cu ilin 30 mayında vəzifəsindən imtina edənədək o, “Həqiqət”in 121 sayının çapına rəhbərlik etmişdi.
1908-ci ildən etibarən artıq Üzeyir bəyin jurnalist fəaliyyəti arxa plana keçir. Artıq ilk operamız “Leyli və Məcnun”un uğurundan sonra “Şeyx Sənan”, “Ər və arvad”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” əsərləri tamaşaya qoyulur, təhsil üçün Moskvaya gedir, 1914-cü ildə Peterburq konservatoriyasına qəbul olunur. Lakin I Dünya savaşı başladığı üçün təhsilini yarımçıq qoyub Bakıya qayıdır.
1915-ci ilin sentyabrın 18-dən Üzeyir bəy “Yeni İqbal” qəzetinin redaktoru, oktyabrın 11-dən 1916-cı ilin fevralın 19-dək onun sahibi və baş redaktoru olur.
Üzeyir bəy Cümhuriyyət dönəmində
1918-ci ilin mart ayında Rusiyada baş verən proseslərin nəticəsi olaraq Bakıda ermənilərlə türklər arasında münasibət gərgin həddə idi. Belə bir məqamda, Üzeyir bəyin Azərbaycan üçün gərəkli olduğuna inanan Nəriman Nərimanov onu yanına çağırır, "Hacıbəyli qardaşlarının teatr truppası" ilə İrana qastrola getməyi məsləhət görür. Etiraz etməsinə baxmayaraq, Nərimanovun uzaqgörənliyinə inanan Üzeyir bəy həmin ay qastrola yollanır, oktyabrın 23-də Bakıya qayıdır. Həmin ayın 29-da isə "Azərbaycan" qəzetində ilk məqaləsi dərc olunur.
Ceyhun Hacıbəyli Paris sülh konfransına gedən heyətdə təmsil olunduğuna görə Azərbaycan bolşeviklər tərəfindən işğal olunan günə qədər qəzet Üzeyir bəyin (1919-cu il 4 iyul-1 sentyabr müddəti istisna olmaqla, həmin dönəmdə Üzeyir bəyin səhhətində problem olduğuna görə onu Xəlil İbrahim əvəz edir) rəhbərliyi ilə çap olunur.
Parlament və Hacıbəyli
“Bu gün o gündür ki, Azərbaycan türklərinin milli məclisi, milli şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklinə girir”.
1918-ci ilin 7 dekabrında yazılan “Tarixi günümüz” adlı məqaləsini Hacıbəyli “Yaşasın türk Azərbaycan Cümhuriyyətinin cavan parlamanı” fikri ilə tamamlayır. İki gün sonra yazdığı “Təəssürat” adlı yazısında parlamentin açılışı zamanı keçirdiyi hissləri anladır, Rəsulzadənin bayrağın mənasını izah edərkən söylədiyi nitqin insanın tüklərini biz-biz etdiyini söyləyir. Ardınca cümhuriyyət anlayışının mahiyyətini ifadə edən bu dəyərli cümləni yazır: “Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin məclisi-məbusanını bir nəfər vətən övladı açdı”.
Üzeyir bəy bu dövrdə Cümhuriyyətin himnini bəstələyir.
Üzeyir bəy SSRİ dönəmində
Üzeyir bəy 1920-ci ildə Qızıl Ordu Siyasi İdarəsinin incəsənət şöbəsinə rəhbərlik edir, 1921-ci ildə ASSR Xalq Maarif Komissarlığı incəsənət şöbəsi musiqi bölməsinin müdirliyi ona tapşırılır. Həmin il onun təşəbbüsü ilə musiqi məktəbi təşkil edilir. Üç il sonra həmin musiqi məktəbinin əsasında Bakı Musiqi Texnikumu yaradılır və Hacıbəyli oranın ilk direktoru olur. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yaradılır, Üzeyir bəy əvvəlcə rektor müavini, daha sonra isə (1939-da) rektor təyin olunur. 1936-cı ildə Azərbaycan Dövlət Xorunu təşkil edir, 1937-də Bəstəkarlar İttifaqının sədri seçilir.
Üzeyir bəy 1937-ci ildə ASSR xalq artisti, 1938-ci ildə isə SSRİ xalq artisti ünvanını qazanır. 1937-ci ilin dekabrında birinci çağırışda SSRİ Ali Sovetinə deputat seçilir, 1938-də Lenin ordeni ilə mükafatlandırılır. Ordeni Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.İ.Kalinin təqdim edir.
Qeyd etdik ki, Üzeyir bəy opera sənətində bir də 17 il sonra qayıdıb. Lakin bu dəfə elə bir opera ərsəyə gətirilir ki, aradan keçən illərin boşuna olmadığını göstərir. Bu “Koroğlu” operası idi. Hacıbəyli bu opera üzərində 1932-37-ci illərdə çalışıb.
1937-ci ilin 30 aprelində M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrında “Koroğlu” operası tamaşaya qoyulur. Operanın ilk tamaşasının rejissoru İsmayıl Hidayətzadə, dirijoru isə özü idi. Əsas ifaçılar Bülbül, Gülarə İskəndərova, Əli Zülalov, Məmmədtağı Bağırov, Böyükağa Mustafayev oldu.
1940-cı ildə professor ünvanı qazanan Hacıbəyli 1941-ci ildə “Koroğlu”ya görə Stalin mükafatına layiq görülür. ASSR Elmlər Akademiyası yaradılandan sonra oranın həqiqi üzvləri sırasına daxil olur, EA-nın İncəsənət İnstitutunun direktoru vəzifəsinə təyin olunur. 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” adlı monoqrafiyası çap olunur. Üzeyir bəyin ASSR-ə bir xidməti də Səməd Vurğun və Süleyman Rüstəmin birgə yazdıqları mətnə musiqi bəstələməsidir. Həmin musiqi ASSR-in himni olur.
İkinci Dünya müharibəsi ərəfəsində “Şəfqət bacısı”, “Qızıl ordu marşı”, “Ananın oğluna nəsihəti”, “Vətən və cəbhə”, “Vətən ordusu”, “Döyüşçülər marşı”, “Yaxşı yol”, “Qələbə himni” kimi əsərlər ərsəyə gətirilir. Əsərləri arasında Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi "Sənsiz" (1942) və "Sevgili canan" (1943) romansları xüsusi yer tutur.
Üzeyir Hacıbəyli həyatının son illərində "Firuzə" adlı opera üzərində işləyib. Yarımçıq qalmış, tamamlanmamış bu operadan yalnız Firuzənin ariyası qalıb. 1945-ci ildə 60 illik yubileyi keçirilib, Üzeyir bəy Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub.
1948-ci il noyabrın 23-də səhər vaxtı radiodan Üzeyir bəyin ölüm xəbəri yayılır. Azərbaycan SSR Elmlər Akademiyasında vida görüşü keçirilir, Bülbül “Sənsiz”i ifa edir. Səməd Vurğun onun ölümünə həsr etdiyi “Ölümün acığına” adlı şeirini oxuyur.
Onun keçmiş silahdaşı M.Ə.Rəsulzadə isə ölüm xəbərini eşidəndə belə reaksiya verdi:
“...Dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə bağlılığı olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və azəri-türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir”.
Dilqəm Əhməd[b][/b]