İranla ABŞ arasında gərginliyin yenidən hərbi qarşıdurmaya çevrilməsi ehtimalı artır. “Financial Times”ın məlumata görə, Tehran Vaşinqtonun müharibəni yenidən genişləndirməsi halında Yaxın Şərqdən kənarda — Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək variantını da nəzərdən keçirir.
Nəşr iddia edir ki, İranın nəzərdən keçirdiyi mümkün hədəflər arasında Cənub-Şərqi Avropadakı ABŞ hərbi obyektləri, o cümlədən Bolqarıstan və Kiprdəki ABŞ və müttəfiq qüvvələrlə əlaqəli infrastrukturlar da var. Bu isə artıq münaqişənin coğrafiyasının Yaxın Şərqlə məhdudlaşmaması və Avropanın da birbaşa risk zonasına çevrilməsi ehtimalını gündəmə gətirir.
Vaşinqtonla Tehran arasında növbəti hərbi eskalasiya baş verərsə, Avropa bu münaqişənin yalnız müşahidəçisi olaraq qala biləcəkmi? Yoxsa Yaxın Şərqdə başlayan qarşıdurma Avropanın təhlükəsizlik sərhədlərinə qədər genişlənəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırkı məlumatlar ikinci ssenarinin artıq yalnız nəzəri ehtimal olmadığını göstərir:
“ABŞ-ın müharibədə maraqlı olduğunu düşünmürəm. Birincisi, əvvəlki müharibə göstərdi ki, rəsmi Vaşinqton məqsədlərinə tam nail olmadı və “pat” vəziyyəti yarandı. İkincisi, ABŞ Yaxın Şərqdə və Hörmüz ətrafında sabitlikdə, o cümlədən enerji qiymətlərinin tənzimlənməsində maraqlıdır. Əgər Ağ Ev müharibə istəsə idi, nə dayanar, nə də İsraillə fikir ayrılığı yaranardı. ABŞ-ın istədiyi sadəcə İranla öz əli güclü halda masaya oturmaqdır.
İranın ABŞ-ın Avropadakı bazalarını hədəf alma ehtimalına gəldiksə isə, məncə, bu, o qədər də real deyil. Belə bir variant Tehran üçün yaxşı seçim olmaz. Nəticədə onsuz da zəifləmiş İran, Avropa ilə münasibətlərini daha da korlamış olar”.