1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Qevaranı öldürən boliviyalı təqaüdçü əsgər Mario Teran Salazar ölkənin Santa Kruz şəhərində vəfat edib.
Qeyd olunur ki, o, ağciyər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
80 yaşlı Salazarın ölüm xəbərini Çe Qevaranın tutulması əməliyyatına rəhbərlik edən, istefada olan general Qari Prado da təsdiqləyib.
Qeyd edək ki, Ernesto Çe Qevara 1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində anadan olub, Fidel Kastronun (1926-2016) ən yaxın silahdaşı və 1959-cu il Kuba inqilabının liderlərindən biri olub. 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Qevara Boliviyada tutularaq güllələnib. Onun dəfn yeri uzun müddət gizli saxlanılıb, yalnız 1997-ci ildə antropoloqlar respublikanın mərkəzindəki Valleqrande kəndi yaxınlığında inqilabçının və onun silahdaşlarının qalıqlarını aşkar ediblər. Həmin qalıqlar Boliviyadan Kubaya aparılıb və Santa Klarada torpağa tapşırılıb.
Mənbə: TASS