Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur.
"Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı. Əzəldən bəri mövcud olan varlığı əbədiyyətə qədər sürəcək. Gizlidir Tanrı, kimsə görməyib Onu. İnsanlara və yaratdıqlarına hər zaman sirr qalacaqdır".
Bu tərif firon Exnaton tərəfindən Aton üçün şeir olaraq yazılmışdır.
Exnaton sfinks cildində günəş Atonun şüaları altında
Exnaton (e.ə. 1372 – e.ə.1354) atası III Amenhotepin ölümündən sonra 18-ci sülalənin 9-cu fironu olur. Bu dövrdə Misirdə hakim inanc baş tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlarkən mütləq kahinlərin öncəgörmələrini və fikirlərini nəzərə alırdılar. Lakin bütün bunlara baxmayaraq hələ də tam bilinməyən səbəblərdən IV Amenhotep hakimiyyətinin ilk illərində digər yaradıcıları inkar edərək, yalnız Günəş tanrısı Atonu tək yaradıcı kimi qəbul edir və verdiyi qanunla xalqın da buna əməl etməsinin vacibliyini bildirir. Karnak məbədlərini bağlayaraq Amon kahinlərini vəzifədən uzaqlaşdıran Amenhotep e.ə. 1366-cı ildə Amona sitayişin güclü olduğu Fiva şəhərini tərk edir və indiki Tel əl-Amarna şəhərində yeni ibadət mərkəzi yaradır. Yeni inancın şərəfinə həmin mərkəzi Axetaton, yəni "Günəş üfüqü" adlandırır. Öz adı – Amenhotep "Amon məmnundur" mənasını verdiyi üçün onu dəyişdirərək Exnaton – "Günəşə sərfəli" qoyur. Firon Exnatonla yanaşı onun ailə üzvləri və saray əyanları da adlarını dəyişirlər və getdikcə Atona inam genişlənir.
Exnaton və ailəsi günəş Atonun şüaları altında
Beləliklə, firon Exnaton 41 yaşında ikən minillik Misir inancını kökündən dəyişərək Tanrının bir olduğunu, həmçinin təkcə Misirin deyil bütün kainatın yaradıcısı olduğunu bildirir. Bütpərəstliklə mübarizə aparan Exnaton Amon məbədini bağlatdıraraq yerinə "Gematon" ("Atonu tapdıq") adlı başqa bir məbəd inşa etdirir. Köhnə məbədlərdən fərqli olaraq Aton məbədləri tavansız tikilir. Xalqın fironları tanrı səviyyəsinə yüksəltmələrinə qarşı çıxan Exnaton dini mərasimlərdə bütün xalqın gözü qarşısında ailəsi ilə birgə iştirak etməyə başlayır. Getdikcə Atona daha çox bağlanan Exnaton yaradıcıya şeirlər həsr etməyə başlayır:
"Aton, gündüz kimi işıqlı Aton. Gözlərimiz sənə baxır və səni görür. Sən mənim qəlbimdəsən, lakin səni tanımaq istəmirlər. Sadəcə mən, sənin qulun Exnaton səni tanıyır. Onlara axtarma gücü ver. Sənin gücün, sənin planın sonsuzdur. Dünya sənə aiddir və sənindir. Çünki onu sən yaratdın..."
Exnatonun dini islahatı insanların dini, mədəni, əxlaqi həyatında mühüm dəyişikliklərə səbəb olur yeni əxlaqi keyfiyyətlər formalaşır:
Məbədlərə girməzdən qabaq əllər və ayaqlar müəyyən bir rituala əməl olunaraq yuyulur
Yaşlı insan yanlarına gəldikdə gənclər ayağa qalxırlar
Yaxınlıq əlaqəsindən sonra mütləq yuyunulur
Məbədə girərkən pişiklərə və itlərə toxunulmamamlıdır, əgər toxunularsa əllər, ayaqlar və üz yuyulmalıdır
Bütlər qadağan edilir
Donuz əti yasaqlanır
Dini adət olaraq heyvan qurban kəsilir
Ölən insan üçün dəfn mərasimi keçirilir
Ruhun varlığına, ölümdən sonra həyata inam güclənir
Artıq bu dövrdən etibarən fironların rəsmləri ilahi formada deyil, olduğu kimi çəkilir. Lakin, Exnaton firon olsa da, hakimiyyəti baş naib və baş kahin Ay, ordu komandanı Horemheb, xəzinədar Mayla birlikdə edirdi. Elə buna görə də o, bir versiyaya görə zəhərlənərək öldürülür.
Exnatondan sonra hakimiyyətə gələn oğlu Tutanxaton atasının ölümünü Amonun qəzəbinə bağlayır və adını dəyişərək Tutanxamon edir və yenidən əski inanca qayıdaraq paytaxtı Memfisə köçürür. Fəqət onun da hakimiyyəti uzun sürmür, kahin Ay tərəfindən hazırlanan sui-qəsd planına əsasən öldürülür. Bu hadisələrdən sonra Exnatonun nəslindən olanların bəzilərinin adları məbədlərdən silinir. Tutanxamonu öldürtdükdən sonra heç bir varis olmadığından kahin Ay şahzadə ilə evlənir və Misir adətinə görə hakimiyyət ona keçir. Lakin ordu komandanı Horemheb onu devirərək taxt-taca sahib olur. Exnatonun ölümündən sonra Axetaton şəhəri yerlə yeksən edilir və onun ismi lənətlənmiş firon kimi tarixə düşür. Təsadüfi deyil ki, ən çirkin firon heykəli də ona məxsusdur. Exnatonun qəbrində aparılmış tədqiqatlar onu göstərir ki, burada heç bir mumiyalama prosesi olmayıb və çox güman ki, tək tanrı Atonun əmrinə əsasən torpağa basdırılıb.
Minillik inancı kökündən dəyişərək yalnız Günəşə inamı yaratmaqda Exnatonun hansı məqsəd güdməsi barədə bir sıra ehtimallar var və bu haqda Ziqmund Freyd başda olmaqla bir sıra tədqiqatçılar araşdırma aparıblar:
Firon Exnaton hakimiyyətin idarə edilməsində nüfuz sahibi olan Amon kahinlərinin mövqeyini sarsıtmaq və onları hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Və buna görə də kahinlərin hakimiyyət rıçaqlarını əllərindən almaq qərarına gəlir. Fikrimizcə, bu yanlışdır. Çünki Exnaton hakimiyyətə gələrkən 10 yaşı var idi və atası III Amenhotep ona ucsuz-bucaqsız imperiya miras qoymuşdu. Təbii ki, kahinlərə qarşı çıxmaqdansa Exnatonun onların dəstəyi ilə öz hakimiyyətini saxlaması daha düzgün addım olardı.
Həqiqətən Exnaton müəyyən biliklərə sahib idi və mövcud inancın yanlışlığını anlayaraq, onun hakimiyyətindən 300 il əvvəl Misirə monoteist inancı gətirən Həzrəti Yusif peyğəmbərin təbliğatını davam etdirmək istəyirdi. Hansı ki, Quranda bu barədə deyilir: "Ey mənim iki zindan yoldaşım! Ayrı-aryı tanrılar yaxşıdır, yoxsa bir olan, qadir olan Allah. Qeyri-ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!" ("Yusif"-39-40) Çünki digər yazılan şeirlərdə də Aton yer üzündəki həyatın mənbəyi, bütün dövlətlərin və xalqların yaradıcısıdır: "Sən zamanınn gedişini təyin etmisən, -qışı yaratmısan ki, şumlanmış yer sərinləşsin; sən uzaq göyləri yaratmısan ki, oradan doğasan, yaratdığın hər şey səni görsün. Sən vahidsən, sən öz surətində zühur edirsən, ey canlı, parlaq, işıqlı Aton, uzaq və yaxın Aton! Sən özündən özünəbənzər milyonları yaratmısan... Sən səmaya qalxdığın zaman Yer üzü işıqlanır; sən günəş diski kimi işıq saçırsan, səxavətlə sən öz şüalarını yayaraq zülməti qovursan və hər iki dünya oyanır, sevinclə ayağa qalxır..."
18-ci sülalənin 8-ci fironu III Amenhotepin hakimiyyəti dövründə Misir geniş bir əraziyə sahib idi və işğal olunan ərazilərdə bir sıra tanrılara inam mövcud idi. Məhz Exnaton bu fərqlilikləri aradan qaldırmaq və imperiya daxilində yaşayan bütün xalqları bir Tanrı kölgəsi altında birləşdirmək üçün vahid bir Tanrı seçir və bütün xalqlarda günəşə inam güclü olduğu üçün Atona üstünlük verilir.
Firon Exnaton son dərəcə romantik və şair təbiətli bir şəxsiyyət olub və Misir ədəbiyyatında "Aton himnləri" ona məxsusdur. Buna görə də qadınına hədsiz məhəbbətlə bağlanan Exnaton üçün arvadı Nefertiti tək idi. Tək bir qadına sevgiylə bağlanan Exnaton üçün kainatın yaradıcısı da tək olmalı idi.
Firon Exnaton bir peyğəmbər idi. İlk baxışdan qəribə görünsə də, tədqiqatçılar bu versiyanı da irəli sürüblər. Çünki ilk baxışdan peyğəmbər dedikdə sadə, asketik həyat sürən, kasıb bir insan göz önünə gəlir. Lakin unutmayaq ki, peyğəmbər hesab edilənlərin içərisində padşahlara da rast gəlinir. Yəni İsrail padşahlarından (David və Solomon) peyğəmbər ola bilərsə, Misir fironlarından da kiminsə peyğəmbər olması heç də mümkünsüz görünməməlidir. Yəhudi əsilli fransız tədqiqatçıları Messod və Rocer Sabbah firon Exnatonun İbrahim peyğəmbərlə eyni şəxsiyyət olması fikrini ortaya atıblar. Lakin ən maraqlı tədqiqat Ziqmund Freydə məxsusdur və o bu barədə "Musa və monoteizm" adlı kitab yazıb. Freydə görə əslində Musa yəhudi deyil, milliyətcə misirli olub və əslində Musa firon Exnatonun özüdür. Digər tədqiqatçılara görə isə, Həzrəti Musa Axetaton şəhəri salındıqdan sonra buradakı Aton məbədində rahib olub və Axetatonun dağıdılmasından sonra Misirdə yaşayan israilliləri öz tərəfinə çəkərək onlara yeni bir din gətirdiyini bildirir və onları Misirdən çıxarır. Bu çıxış dini kitablarda özünəməxsus rəvayətlərlə əks olunub. Lakin tezliklə israillilər xəyanətkar çıxırlar və yenidən öz əski inanclarına qayıdırlar və Musanı da öldürürlər. Digər bir araşdırmaya görə isə kahin Ay hakimiyyətə gəldikdən sonra Axetatonda yaşayan və Atona ibadət edən əhalini sürgün edir və Musa ilə Misirdən çıxan xalq elə Axetatonun əhalisidir.
Atonun xüsusiyyətləri
Bütün kainatın tanrısıdır – nəzərə alsaq ki, Aton dininin yarandığı dövrdə hər bir nomun (vilayətin) öz tanrısı vardı və digər nomun tanrısına ibadət edilmir, o zaman bu islahatın nə qədər əhəmiyyət daşıması aydın olur.
Sülh və sevginin tərəfdarıdır. Digər monoteist dinlərdəki kimi cəhənnəmi, işgəncəsi, əzabı yoxdur.
O nə qadındır, nə də kişi. Məhz ilk dəfə Atonun timsalında bir tanrının hər hansı bir cinsə məxsusluğu fikri inkar edilir və kainatın dualizmini özündə əks etdirən bir tanrı obrazı yaradılır.
Onun heç bir vasitəçiyə ehtiyacı yoxdur.
İnsanları özünəbənzər olaraq yaradıb. Necə ki, sonrakı dinlərdə də tanrının Adəmi öz ruhundan üfürərək can verməsi qeyd olunur.
O, insanlara həm uzaq, həm də yaxındır.
Bu gün Aton dini tarixin dərinliklərinə qərq olsa da, onun prinsipləri sonrakı monoteist inanclara keçərək öz varlığını bu günədək sürdürür.