Azərbaycan mühacirət tarixində iz buraxan şəxsiyyətlərdən biri də Nağı Bayramgil olub.
Nağı Mustafa oğlu Hacıbayramlı (mühacirətdə Bayramgil) 1902-ci ildə Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində mülkədar Mustafa Hacıbayramoğlunun ailəsində (1870–1916) doğulub. Pavel Libera doğum tarixini 16 may 1905-ci il olaraq göstərib. Ankara məzarlıq sistemində isə 1 yanvar 1912-ci il qeyd olunub.
Nağı bəy 1919-cu ildə Tiflisdə rus dilində təhsil verən dördillik kommersiya gimnaziyasını tamamlayıb. 1916-cı ildə atası Mustafa ağa öldürülüb, qısa zaman sonra isə anası Fatma xanım vəfat edib. 1920-ci ildə Qaraçöpdən olan Nigar xanımla ailə həyatı qurub.
1921-ci ildə Gürcüstan sovetləşdiyi üçün bir çox mülkədar kimi Hacıbayramlı ailəsinin də mülkləri müsadirə edilib. Kolxozlaşdırmanın vüsət aldığı dövrdə mülkədarlar bu siyasətə etiraz edərək qiyam qaldırıblar. Qarayazının Kosalı və Nəzərli kəndlərində Nağı bəy və qardaşı Qurban bəy, eləcə də əmisi oğlanları İsaxan və Aslan qiyamçılara rəhbərlik edib, nəticədə bölgənin tanınmış xadimlərinə çevriliblər. Onlar 1929-cu ilin oktyabr ayının 27-də Qarayazıda kəndli qiyamını başladıb, dekabrın 16-da kəndə hücum edən milis qüvvələrini məğlub ediblər. 1930-cu il martın 11-də qırmızı ordu hissələri Qarayazı meşəsində qiyamçıları mühasirəyə alıb, martın 20-də tərəflər arasında barışıq görüşü keçirilib. Sülh danışıqlarının oyun olduğunu başa düşən qardaşlar 1930-cu ilin iyul ayında Türkiyənin Qars vilayətinə keçiblər. Nəticədə 1931-ci ildə Qarayazı qiyamında iştirak edən ailələr, eləcə də Nağı bəyin həyat yoldaşı Nigar xanım və övladları Qazaxıstana sürgün ediliblər.
Polşada Rəsulzadə ilə birlikdə
Hacıbayramlı qardaşları 10 ay Qarsda qaldıqdan sonra İstanbula yola düşüblər. 1931-ci ildə Fransaya, ardınca Polşaya gediblər. Prometey Cəmiyyətində yer alan qardaşlar Avropada ikən Məhəmmədəmin Rəsulzadə ilə münasibət qurublar.
M. Rəsulzadənin baş redaktorluğunda Berlində çıxan “İstiqlal” qəzetinin 27 aprel 1932-ci il tarixli 8-ci sayında Nağı bəyin “27 aprel münasibətilə” adlı kiçik həcmli məqaləsi işıq üzü görüb:
“27 aprel müstəqil Azərbaycan Cümhuriyyətinin qırmızı rus imperialistləri tərəfindən istila edildiyi qara bir gündür. Bu gün Azərbaycanın milli bayrağı endirilmiş və Vətənimiz üzərində qanlı bir kabus çökmüşdür. Bu istila, istibdad və vəhşəti əldə silah olaraq qarşılayan Azərbaycan xalqı bu gün qəhrəman gənclik başda olmaqla milli mücadilə meydanına atılmışdır. Zalım istila hökuməti, milli istiqlal hərəkatını öldürməyə, məmləkətin ən zində və münəvvər ünsürlərini qafilə-qafilə Sibirə sürgün etməyə və zindanlarda boğmağa başlamışdır. Fəqət mücadilə susmadı, milliyyət və istiqlal eşqi bir qat daha qüvvətləndi. Dağlara və meşələrə çəkilən mücahidlər Azərbaycanın hər tərəfində bu istila və imha rejiminə qarşı mücadiləsinə davam etdi. On iki ildən bəri aparılan mücadilə, verilən qurbanlar Vətənin istiqlalı, millətin hürriyyət və hakimiyyəti üçündür. Azərbaycan partizanlarına qarşı hər cür texnika ilə təchiz olunmuş 40 minlik rus ordusu göndərilmişdir. Lənkəran, Şirvan, Göyçay, Qarabağ, Naxçıvan, Gəncə, Ağdaş, Şəki, Zaqatala, Qazax, Borçalı və Qarayazıda zühur edən qanlı üsyanlar Azərbaycanın milli qurtuluşu, hürriyyəti və istiqlalı namına eyni zamanda bütün Qafqazın ruslardan təmizlənməsi üçün edilən həmlələrdir. Vəhşi və zalım istila qüvvəti bir tərəfdən bu üsyanları qan və atəş içərisində boğmağa çalışarkən, digər tərəfdən mücahidlərin ailə və uşaqlarını da amansızca imha edirdi. Kənardan kömək və dəstək tapmayan azəri partizanlarının qanı sel kimi axmışdır. Azərbaycanın dağları, dərələri və meşələri onların al qanı ilə boyanmışdır. 1920-ci ilin 27 aprelindən bəri 12 ildir Azərbaycan üçün, onun hürriyyəti və istiqlalı üçün qan axır. 12 ildir məmləkət matəm içindədir. Orada gülən bir üz, ağlamayan bir göz görə bilməzsiniz. Millətimiz cəhənnəmi bir rejim, qanlı bir idarəçilik altında inləməkdədir. Bolşeviklərin iddialarına baxmayaraq partizan hərəkatı dayanmamışdır. O hələ də davam etməkdədir. Yeni bir qüvvət və şiddətlə hərarətlənmişdir. İstila və istibdad artdıqca xalqın müqaviməti də o nisbətdə qüvvətlənməkdədir. Mücadilə davam edir və bizi İstiqlal Günümüz 28 Maya yaxınlaşdırır.
Yaşasın istiqlal! Yaşasın Azərbaycan! Yaşasın istiqlal mücadiləsi! Var olsun istiqlal hərəkatının ələmdarı Müsavat Firqəsi və milli mücadilənin böyük rəhbəri Rəsulzadə Məhəmmədəmin bəy!
İstiqlal partizanlarından qarayazılı Nağı”.
“İstiqlal” qəzetinin 10-cu sayında (28 may 1932) Nağı bəyin “Azərbaycan günü” adlı məqaləsi də işıq üzü görüb.
“28 May! Bu gün Azərbaycana məxsus bir gündür, Azərbaycan günüdür. Bu gün Azərbaycan xalqının vicdanından doğan və ona ilham verən bir gündür. 28 May azəri türkünün Rusiya zindanından xilas olduğu, zəncirlərini qırdığı və hürriyyətinə qovuşduğu müqəddəs bir gündür. 28 May yeni Azərbaycan tarixinin birinci günüdür, ilbaşıdır. Tarixi 28 may ilə bugünkü 28 may arasında 14 illik bir zaman var. Bunun son 12 ili əsarət və məhkumiyyət həyatıdır. 12 ildir ki, Vətənimiz qırmızı ruslar tərəfindən istila edilmişdir. 12 ildir ki, istilaya qarşı, istiqlal üçün Azərbaycanın qəhrəman oğulları qan axıtmaqdadır. Vətənimizin hər tərəfi qana boyanmışdır. Bu mücadilədə ən dəyərli qüvvətlərimiz qurban getmişdir. Sovet zindanları və sürgün yerləri azəri mücahidləri ilə doludur. Ana yurdda qalmasına imkan verilməyən mücahidlərimiz bolşevik zindanlarında 28 May bayramını təsid edirlər, 28 May üçün öz varlıqlarından vaz keçmişlər. 28 May 28 Mayçı mübariz, qəhrəman və fədakar bir nəsil yetişdirmişdir. Bu nəsil bu gün zindanlarda, sürgündə, dağlarda, meşələrdə, qürbət ellərdə, daxildə gizli məhfillərdə 28 Mayı qeyd edirlər. Bu nəsildir ki, əldə silah istiqlal üçün qan axıdır. Bu nəsil hər cür işgəncə, məhrumiyyət, iztirab və əziyyətləri gözə almışdır. Onlar canlarını və qanlarını bu yola vəqf etmişdir.
Yaşasın müsavatçı Azərbaycan gəncliyi. Yaşasın Azərbaycanın istiqlalı! Yaşasın 28 May Azərbaycan Günü! Yaşasın üçrəngli milli bayrağımız! Qəhr olsun istiqlalımıza fasilə verən istilaçı rus vəhşiləri! Hörmət istiqlal mücahidlərinə! Rəhmət millətlərin müqəddəs haqları olan hürriyyət və istiqlal yolunda can verən istiqlal şəhidlərinə!
İstiqlal partizanlarından qarayazılı Nağı”
Hər iki məqalədən göründüyü kimi Nağı bəy Varşavada yaşadığı illərdə Müsavat Firqəsinə və onun liderinə bağlı olub. Ona görə də o, Varşavada ikən müxtəlif tədbirlərdə nitqlər söyləyib. 1934-cü ildə Cümhuriyyətin elanının 16-cı ildönümü münasibətilə Varşavada mühacir azərbaycanlıların iştirakı ilə 28 May tədbiri keçirilib. Tədbiri açan Məhəmmədəmin Rəsulzadə geniş nitq söyləyib. Məhəmmədəmin bəydən sonra Nağı və Qurban qardaşlarının çıxış etməsi onların Polşa paytaxtındakı nüfuzunu göstərməkdədir. “İstiqlal” qəzetinin 1934-cü ildə çıxan 60-cı sayında bu barədə yazılıb: “Əmin bəyin hərarətli nitqindən sonra Qurban və Nağı bəylər həyəcanlı nitqlə mənsub olduqları partizan qruplarının məmləkət daxilindəki milli mücadilələrindən, azəri xalqının rus-bolşevik rejiminə qarşı arasıkəsilməyən müqavimətindən, bolşevik rejiminin şiddətli işgəncə və təzyiqinə rəğmən milli mübarizənin məmləkət daxilində gün keçdikcə daha ziyadə qüvvətləndiyindən bəhs edərək milli təşəkkülü dağıtmaq istəyənlərə və müxtəlif vəsilələrlə pozuculuq edənlərə qarşı daima mücadilə aparmağa hazır olduqlarını söyləmişlər”.
Rus və türk dillərində nəşr olunan “Şimali Kafkasya” dərgisinin 1936-cı ilin may ayında çıxan 25-ci sayında Nağı bəyin rus dilində “Qafqazda partizanlıq” adlı mühüm məqaləsi dərc edilib.
Nağı bəy 1934-cü ildə Varşavadakı Şəhər Tacirləri Birliyinə aid olan Oğlan Ticarət Məktəbinə daxil olub. Professor Vilayət Quliyev “Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən” adlı əsərində Nağı bəyin Varşavada təhsilinə dair sənədin surətini təqdim edib.
Yenidən Türkiyədə
1938-ci ildə Bayramgil qardaşları yenidən Türkiyəyə gediblər, amma Polşa hökuməti ilə münasibətləri davam edib. II Dünya müharibəsi illərində Nağı bəy ruslara qarşı könüllülər topladığına görə Türkiyə hökuməti tərəfindən həbs edilib, lakin məhkəmə tezliklə onu azad edib. 1950-ci illərdə o, Cümhuriyyət Xalq Partiyasının üzvü kimi fəaliyyət göstərib.
8 fevral 1952-ci ildə Ankarada Azərbaycan Milliyyətçilər Dərnəyi təsis edilib. Dərnəyin nizamnaməsində qurucu üzvlər arasında mühasib Nağı Bayramgilin də adı qeyd olunub. Nağı bəy dərnəyin müxtəlif tədbirlərində və qurultaylarında iştirak edib, nitqlər söyləyib. 27 aprel 1960-cı ildə dərnək Türk Ocağında Azərbaycan Cümhuriyyətinin işğalının 40-cı ildönümü ilə bağlı tədbir keçirib. Dərnək sədri Hidayət Turanlı, dərnək katibi Nağı Bayramgil və Dr.Əziz Alpaut çıxış ediblər. 1969-cu ilin may ayında Ankaradakı üç Azərbaycan dərnəyi Cümhuriyyətin elanının 51-ci ildönümünü qeyd edib. Tədbirdə çıxış edən Nağı Bayramgil Azərbaycanın istiqlal mübarizəsinin türk dünyasının mücadiləsinin parçası olduğunu bildirib.
Nağı bəyin bədii-publisistik fəaliyyəti daha çox Azərbaycan Milliyyətçilər Dərnəyinin rəsmi orqanı olan “Türk izi” jurnalı ilə bağlıdır. O, bu jurnalda müxtəlif şeirlərini, məqalələrini, ən önəmlisi isə “Qırmızı istilanın yaratdığı Azərbaycan üsyanlarından xatirələr” adlı memuarını yazıb, bilavasitə iştirak etdiyi Qarayazı üsyanlarını geniş şəkildə qələmə alıb. Xatirələr “Türk izi”nin 1952-ci ildə çıxan 4-5-ci qoşasayından (avqust-sentyabr) etibarən dərc olunub, 1955-ci ildə çıxan 33-cü sayında tamamlanıb. Bu jurnalda onun həmçinin “QPU zindanlarındakı gecələrin qanlı mənzərələri” adlı eyni mövzulu xatirələri də işıq üzü görüb.
Nağı bəyin bu jurnalda “Kommunistlərin kolxoz təşkilatı və kəndlilər”, “Zəruri bir açıqlama”, “Kommunizm insanlığın düşmənidir”, “Mübarizəmiz və milli birliyimiz”, “Rus istilası”, “28 may və 27 aprel” adlı məqalələri, “Azərbaycanım uğrunda”, “Ey türk oğlu, vətən sənindir”, “Könül yenə vətəni arzular”, “Vətəni təslim edənlərə nə deyim”, “Yaşasın istiqlal deyə”, “Zeynəbim” adlı şeirləri dərc olunub.
Bu dövrdə Nağı bəy tarixə Boraltan faciəsi olaraq keçən hadisə ilə bağlı mətbuat üzərindən Cümhuriyyət deputatlarından Məhəmmədsadıq Aranla münaqişə edib. Belə ki, “Son Havadis” qəzetinin 12 oktyabr 1961-ci il tarixli sayında M. Aran “Qardaş qardaşı necə vurdu?” adlı məqalə yazıb, Bakıdan tanıdığı Türkiyənin sabiq Bakı səfiri, CXP katibi Məmduh Şövkət Esendala müraciət etdiyini, lakin 160 qaçqını qurtara bilmədiyini qeyd edib. Buna cavab olaraq Azərbaycan Milliyyətçilər Dərnəyinin katibi ünvanı ilə Nağı bəy partiyanın “Ulus” qəzetinə (14 oktyabr 1961 tarixli say) məktub göndərərək belə bir hadisənin baş vermədiyini, ruslara təslim edilənlərin Azərbaycan türkləri olmadığını, fərqli qruplara mənsub şəxslər olduğunu bildirib. Aran da öz növbəsində “Son Havadis” qəzetinin 23 oktyabr 1961-ci il tarixli sayında “Azərbaycanlılar məsələsi” adlı məqalə yazaraq Nağı bəy haqqında sərt ifadələr işlədib, onun azərbaycanlı olmadığını ittiham edib. Görünür, Aran Nağı bəyin doğulduğu torpaqların faktiki Azərbaycan Cümhuriyyəti sərhədlərindən kənarda qaldığı üçün həmin ifadəni işlədib. Nağı bəy isə qarşılığında bu məqaləyə bir qədər gec – “Türk izi” dərgisinin 1963-cü ildə çıxan 25-ci sayında “Zəruri bir açıqlama” məqaləsi ilə cavab verib. Burada o, Aranın “azərbaycanlı olmamaq” məsələsinə münasibət bildirib: “Üzvü olduğum Azərbaycan Milliyyətçilər Dərnəyinin çətiri altında toplanmış kimsələr Azərbaycan etnoqrafik qrupuna mənsub türklərdir. Üzvlərimizdən bir qismi 1918-ci ildə qurulan Azərbaycan dövlətinin daxilində olan bölgələrdən, bir qismi də başqalarının xətri üçün bu sərhədlərin kənarında buraxılan bölgələrdən olan Azərbaycan türkləridir... Məhəmmədsadıq Aranın Cənubi Qafqazda Azərbaycan türklərinin sərhədləri daxilində buraxılan Borçalı və digər məntəqələrdəki türklərlə Azərbaycan sərhədləri içərisində qalan türklər arasında fərq qoyan cəhdləri nə türkçülük və millətçilik ümdələri ilə, nə də türk aləminin birliyinə aid çalışmalarımızla təlif etmək əsla mümkün deyildir”.
Yuxarıda qeyd etdiyimiz kimi Nağı bəy Varşavada ikən Rəsulzadənin yanında yer alsa da, Ankarada yaşadığı müddətdə ona əks cəbhədə olan şəxslərlə birlikdə mücadiləsinə davam edib. Amma mərhum tarixçi Nəsiman Yaqublunun əldə etdiyi bəzi sənədlərdə Nağı bəyin 1951-ci ildə Ankarada Rəsulzadə ilə görüşdüyü, onun təlimatı ilə Qars-Qafqaz Komitəsində yer aldığı bildirilib.
Nağı Bayramgil 1969-cu ildə Türkiyədə Böyük Millətlər Məclisinə keçirilən ümumi seçkilərdə Qars vilayətindən müstəqil millət vəkilliyinə namizəd olub.
Türkiyə dövlət arxivində Nağı bəyin məmurluq həyatı ilə bağlı bir neçə sənəd mövcuddur. 19 sentyabr 1977-ci ildə prezident Fəxri Korutürkün və nazirlər kabinetinin qərarı ilə Nağı bəy Dövlət Su İşləri Ümummüdirliyinə təqaüdü yerində qalmaqla 18 min lirə maaşla tərcüməçi olaraq işə götürülüb. Yenə prezidentin və kabinetin qərarı ilə Nağı bəy 1 mart 1979-cu ildən 29 fevral 1980-ci il tarixinə qədər SSRİ ilə sərhəddə tikiləcək Arpaçay bəndinin inşaatına 20 min maaşla rus dilindən tərcüməçi olaraq təyin olunub. Bu vəzifəsi daha sonra 30 min lirə maaşla 1 mart 1980-dən 28 fevral 1981-ə qədər uzadılıb.
Nağı bəy ikinci dəfə türk əsilli Polşa vətəndaşı bir qadınla evlənib, üç oğlu, bir qızı olub. 24 yanvar 1989-cu ildə Kocaelində vəfat edib, nəşi Ankaraya gətirilərək Karşıyaka məzarlığında dəfn edilib.
Qaraçöpdəki oğlu Hacıkişi bəy və Qarayazıda yaşayan qızı Fatma xanım 1991-ci ildə, daha sonra oğlu Allahyar bəy Ankaraya gedərək atalarının qəbirini ziyarət ediblər. 2020-ci ildə Bakıda xatirələri və məqalələrindən ibarət “Bolşevik işğalı və mübarizəmiz. Siyasi mühacirin xatirələri” adlı kitabı işıq üzü görüb.