“Bulud” xidmətlərindən yararlanmaq məqsədilə “AzInTelecom”un fəaliyyətdə olan data mərkəzinə indiyədək 287 qurum inteqrasiya olunub. Bu qurumlardan 147-si dövlət strukturlarına, 140-ı isə özəl sektora məxsusdur. Bununla yanaşı, mövcud tutumun artırılması istiqamətində “Hökumət buludu” layihəsi çərçivəsində yeni əsas və ehtiyat data mərkəzlərini əhatə edən ikimodullu data mərkəzinin tikintisi hələ də davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bunu “AZCON Holding”in icraçı direktoru Şahin Babayev “Report”a müsahibəsində bildirib.
Qeyd edib ki, bu yanaşma həm göstərilən xidmətlərin fasiləsizliyini, həm də kibertəhlükəsizlik müdafiəsini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.
“Hazırda SİMA rəqəmsal platformasının istifadəçi sayı 4,2 milyon nəfərə yüksəlib ki, bu da vətəndaşların rəqəmsal xidmətlərə olan inamının və müraciətinin sürətlə artdığını təsdiqləyir. Kibertəhlükəsizlik istiqamətinə gəlincə, Holdinq daxilində bu proseslərin idarə olunmasında “AzInTelecom”un tərkibində fəaliyyət göstərən Əməliyyatların Təhlükəsizliyi Mərkəzi – “Security Operations Center” (SOC) mühüm funksiya daşıyır. SOC kibertəhlükəsizliyin fasiləsiz rejimdə təmin edilməsində əsas rol oynayır”, – deyə, Şahin Babayev əlavə edib.