Yunanıstanın istefada olan general-leytenantı İoannis Baltzois Ankara ilə bağlı Afinanın siyasətini sərt şəkildə tənqid edib. O, həmçinin Egey dənizi ilə Şərqi Aralıq dənizində gərginliyin yenidən artacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Baltzois Yunanıstanın “Naftemporiki” telekanalına açıqlamasında xüsusilə oktyabr ayına doğru vəziyyətin daha da gərginləşə biləcəyini bildirib.
Generalın sözlərinə görə, Afinanın uzun illərdir apardığı yumşaq siyasət Türkiyəni daha da cəsarətləndirib. “30-40 ildir yumşaltma siyasəti aparırıq. Bu artıq faydalı deyil, əksinə dağıdıcıdır”, - o deyib.
Baltzois Egey dənizi, Kasos adası və Şərqi Aralıq dənizindəki enerji layihələrinin yeni qarşıdurmalara səbəb ola biləcəyini vurğulayıb.
İstefada olan general həmçinin Yunanıstanın problemləri daim təxirə salmasının ölkənin mövqeyini zəiflətdiyini iddia edib. Onun sözlərinə görə, bu siyasət davam edərsə, Yunanıstan müharibə olmadan milli suverenliyini və suveren hüquqlarını itirmək riski ilə üzləşə bilər.
Baltzois hesab edir ki, Afinanın hazırkı passiv siyasəti Türkiyənin təşəbbüsü ələ keçirəcəyi mümkün müharibəyə aparan “dəqiq yol”dur.