Ermənistanın Araqatsotn vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata əsasən, hadisə İrəvan-Gümrü yolunda qeydə alınıb. PAZ markalı avtobusla “Opel Zafira” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi şəkildə deformasiyaya uğrayıb.
Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları və xilasedicilər göndərilib. Müxtəlif xəsarətlər alan şəxslər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyində araşdırma başlanılıb.