“Avropanın Media Azadlığı və Mətbuat Mərkəzi” (European Centre for Press and Media Freedom - ECPMF) Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan olan müstəqil media üçün qrant layihəsi elan edib. 5000 avrodan başlayan qrant layihəsinə müraciət 30 sentyabr tarixinə qədərdir. Layihələr əsasən “müstəqil medianın təhlükəsizliyini və mühafizəsini təmin etmək, eləcə də peşəkar dayanıqlığı gücləndirmək” istiqamətində təlimlərin keçirilməsini nəzərdə tutur.
Qrant layihəsi ilk baxışdan apolitik görünə, ECPMF-nin 5 ölkədə jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimlərin keçirilməsini maliyyələşdirmək istəyi normal qarşılana bilər. Lakin Avropanın donor təşkilatlarının qrant layihələri vasitəsilə ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, ayrılan vəsaitlərin de-fakto siyasi məqsədlərə xərcləndiyi və bu prosesdə “əməkdaşlığa” cəlb olunan jurnalistləri fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyini pozmağa sövq etdikləri təcrübəsi ESPMF-nin məqsədinə dair şübhələri ön plana çıxarır.
Azərbaycanda “Meydan Tv”, “Toplum Tv”, “Absaz.net” kimi işlər bunun bariz nümunəsidir. Soros Fondu, NED kimi təşkilatların yer aldığı şəbəkə Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə bu media orqanlarını qanunsuz olaraq maliyyələşdirirdi. Qeyri-qanuni fəaliyyət təkcə ayrılan maliyyənin profilindən kənar istiqamətlərə xərclənməsi ilə yekunlaşmır, həm də həmin pulların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini də əhatə edir. Araşdırma zamanı müəyyən edilib ki, bu media subyektlərinin əməkdaşları ayrılan vəsaitləri Gürcüstanda nağdlaşdıraraq, qaçaq yolla ölkəyə gətirib, yaxud qeyri-rəsmi köçürmə - İŞİD kimi terror təşkilatlarının da istifadə etdiyi “Havala sistemi” və digər üsullarla əldə ediblər. Faktlar təsdiq edir ki, Qərbin donor təşkilatları Azərbaycan da daxil olmaqla bir çox ölkədə qrant layihələri vasitəsilə şəbəkə formalaşdırmaq, “söz azadlığı”, “müstəqil media fəaliyyəti” kimi adlar altında daxili işlərə müdaxilə edərək, milli hökumətlərə təzyiq rıçaqları yaratmaq istiqamətində işləyiblər. Bu məqsədlə özlərinə bağlı şəbəkəni qeyri-qanuni yollarla maliyyələşdirmək üçün bir çox jurnalisti də cinayət məsuliyyəti yaradan əməllər törətməyə sövq ediblər. “Qrant qaçaqmalçılığı” işində qanunları pozduqları üçün cinayət məsuliyyətinə cəlb edilənlər bunu aydın şəkildə göstərir.
Bu mənzərə fonunda ECPMF elan etdiyi qrant layihəsi iki sualı aktuallaşdırır.
Qrant dəstəyi niyə yenidən işə salınır?
Qərbin uzun müddət region ölkələrində formalaşdırdığı şəbəkənin de-şifrə olması prosesi gedir. Misal üçün, Azərbaycanda “qrant qaçaqmalçılığı” işi şəbəkə üzvlərini və qeyri-qanuni fəaliyyətlərini ortaya çıxardı. Gürcüstanda “Xarici agentlər haqqında” qanun Qərbin donor təşkilatlarının bu ölkənin daxili işlərinə QHT-lər vasitəsilə müdaxiləsini xeyli məhdudlaşdırıb. Moldova, Ukrayna və Ermənistanda xarici qrantlarla bağlı yanaşma “loyal” görünsə də, əslində vergi müdaxiləsi və maliyyə axınına nəzarətin güclənməsi bu ölkələrin də daxili təhlükəsizlik məsələsinə diqqət ayırdığını deməyə əsas verir. Şəbəkənin böyük ölçüdə de-şifrə olması və nəzarətin güclənməsi Qərbin “Şərq Tərəfdaşlığı” coğrafiyası olaraq gördüyü bu ölkələrə vətəndaş cəmiyyəti və media üzərindən müdaxilə imkanlarını azaldıb. Yeni qrant dəstəyinin elan edilməsi də maliyyə axınını bərpa edərək, şəbəkəni yenidən formalaşdırmaq, “itirdiklərini qaytarmaq” məqsədi daşıyır.
“Avropanın Media Azadlığı və Mətbuat Mərkəzi” niyə önə çıxır?
Qrant dəstəyinin məhz bu təşkilat üzərindən edilməsi təsadüfi deyil. Qərb şəbəkəsinin maliyyələşdirilməsi və idarə edilməsi ənənəvi olaraq, USAİD və onun çətiri altındakı NED (Demokratiyaya Yardı üzrə Milli Fond), NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatlar, o cümlədən, Soros Fondu və ona bağlı təşkilatlar tərəfindən həyata keçirilib. USAİD və Soros Fondu qlobal müdaxilə siyasətini birlikdə həyata keçirir, ABŞ və Avropanın xarici siyasət kursuna ciddi təsir edirdi. Prezident Donald Trampın USAİD-in maliyyələşməsini məhdudlaşdıraraq, “Vaşinqton bataqlığı”nı qurutmaq siyasəti bu qlobal şəbəkənin əl-qolunu kifayət qədər bağladı. Bundan sonra qrant dəstəyinin daha çox Avropa təşkilatları üzərindən verilməsi strategiyasını tətbiq edilir. Bununla bir tərəfdən müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti və media sektorunda formalaşdırdıqları şəbəkələrin maliyyə axınını təmin etməyə, digər tərəfdən, yeni şəbəkələrin qurulmasına çalışırlar. ECPMF-nin qrant dəstəyi elan etdiyi 5 ölkədə hədəflər fərqli görünür. Azərbaycanda məqsəd yeni “əməkdaşların” cəlb edilməsi və ifşa olunmuş şəbəkənin yerini doldurmaq, Gürcüstanda nəzarətin güclənməsi ilə zəifləyən tərəfdarlarını dəstəkləməkdirsə, Moldova, Ukrayna və Ermənistanda maliyyə kəsintilərini bərpa etməkdir. Misal üçün, Ermənistan hökuməti ötən il USAİD-in dəstəyindən məhrum olmuş QHT-lərin maliyyəsini daxili resurslar hesabına təmin etməyə çalışsa da, buna tam nail ola bilmədi. Avropada mənzillənən donor təşkilatlarının qrant layihələrini aktivləşdirməsi bu və digər ölkələrdəki maliyyə problemlərini həll etməyə hesablanıb.
ECPMF-nin ön plana çıxmasının digər səbəbi izi azdırmaq kimi də görünür. Çünki milli hökumətlər USAİD və Soros Fondundan qaynaqlanan layihələrin ölkələrin daxili işlərinə müdaxilə məqsədinə xidmət edən siyasi planın tərkib hissəsi olduğunu anlayır, belə layihələrə daha ehtiyatla yanaşır, yaxud nəzarəti gücləndirirlər. Belə görünür ki, eyni qlobal şəbəkə ECPMF kimi təşkilatları vitrinə çıxarmaqla diqqəti yayındırmağa çalışırlar. Təşkilatın maliyyə mənbələri və tərəfdaşlarının siyahısı da bunu deməyə əsas verir.
2015-ci ildə Leypsiq şəhərində təsis edilən ECPMF “Mətbuat azadlığı haqqında Avropa Xartiyası” və “Avropa Birliyinin Fundamental Hüquqlar Xartiyası” əsasında fəaliyyət göstərdiyini qeyd edir. Təşkilatın maliyyə mənbələri arasında Avropa Komissiyası, Almaniya hökuməti və Xarici İşlər Nazirliyi, Saksoniya əyaləti, Leypsiq şəhər meriyası və Sparkasse Leypsiq Media Fondunun adı çəkilir. Lakin Soros Fondu, NED kimi təşkilatlar da ECPMF-nin əsas tərəfdaşlarıdır.
ECPMF qrant layihələrini tərəfdaş olduğu donor təşkilatların vəsaitləri ilə maliyyələşdirir, yəni təşkilat Soros Fondu, NED, eləcə də Avropa Komissiyası, Almaniya hökumətinin ayırdığı maliyyəni müxtəlif layihələrlə “yerli tərəfdaşlara” – qrant şəbəkəsinə çatdırılma işini icra edir. Burada ECPMF-nin vitrinə çıxarılma səbəbi bir daha aydın olur: USAİD və Soros şəbəkəsi izi azdırmaq məqsədilə “ötürücü” rolunu oynayan ECPMF vasitəsilə qrant dəstəyini həyata keçirmək niyyətindədir.
Təşkilatın Azərbaycan, Ukrayna, Gürcüstan, Ermənistan və Moldovada “müstəqil media” üçün elan etdiyi qrant dəstəyinin detalları da şübhəlidir. “İfadə azadlığı üçün dəstək və yardım” proqramı (SAFE) üzrə nəzərdə tutulan qrant dəstəyi təşkilatın Ukraynada jurnalistlər üçün keçirdiyi “Voices of Ukraine” layihəsinin genişləndirilmiş versiyasıdır. 2022-ci ildən Ukraynada keçirilən bu layihəyə indi dörd ölkə əlavə edilir.
Layihə ilə bağlı qeyd olunur ki, ECPMF qrant ayıracağı beş ölkədəki jurnalistlərə üç xüsusi dəstək fonduna çıxış imkanı yaradılır:
- Təcili dəstək fondu: itirilmiş və ya məhv edilmiş peşəkar avadanlıqları, təcili tibbi ehtiyacları və ya birbaşa təhdidləri əhatə edən maliyyə və təhlükəsizlik yardımı;
- Psixoloji dəstək fondu: münaqişə və düşmən mühitindən təsirlənən media işçilərinə təcili ruhi sağlamlıq yardımı;
- Media bacarıqlarına dəstək fondu: yüksək risk altında fəaliyyət göstərən müstəqil media üçün təhlükəsizliyi, mühafizəni və peşəkar dayanıqlığı gücləndirmək üçün yardım;
Layihədə qeyd olunan dəstək istiqamətləri daha çox münaqişə və müharibə şəraitinə uyğundur, konkret desək, Ukraynaya. ECPMF də daha öncə Ukraynada həyata keçirdiyi layihəni indi Azərbaycan, Ermənistan, Moldova və Gürcüstanda tətbiq etməyi planlaşdırır. Ukraynadan fərqli olaraq, digər ölkələrdə müharibə şəraiti mövcud deyil. O zaman, qeyri-müharibə şəraitində bu layihələr necə həyata keçiriləcək? Yaxud “münaqişə və düşmən mühitindən təsirlənən jurnalistlər” necə müəyyən ediləcək, onlara “yardımlar” hansı formada veriləcək? Cavablar qeyri-müəyyəndir.
Bu məqamlar deməyə əsas verir ki, ECPMF “müstəqil mediaya dəstək” adı altında elan etdiyi qrant layihəsi ifşa edilmiş Qərb şəbəkəsini yenidən formalaşdırmaq və maliyyələşməsini təmin etmək məqsədi daşıyır.
ECPMF Azərbaycanda kimlərə dəstək verməyi planlaşdırır?
Bu sualın cavabı da layihənin gerçək mahiyyətini anlamağa imkan verir. Təşkilat indiyə qədər Azərbaycanda “qrant qaçaqmalçılarını” – “Toplum Tv”, “Abzas.net” və digərlərini müdafiə edib və bu subyektləri, onların əməkdaşlarını “müstəqil jurnalist” hesab edir.. Daha öncə də Azərbaycanda İslam Şıxlı (Azadlıq radiosunun əməkdaşı) və Pərvanə Qurbanlının (Toplum Tv) “müdafiəsi”ni həyata keçirib. Azərbaycana qarşı birtərəfli yanaşma sərgiləyən ECPMF-nin yeni qrant dəstəyinin məhz Qərb şəbəkəsini əhatə edəcəyi sirr deyil. Məqsəd “qrant qaçaqmalçıları”nın qanun qarşısına çıxarılmasından sonra dağılmış Qərb şəbəkəsini yenidən formalaşdırmaq, yeni “əməkdaşlar” tapmaq və yenidən hücuma keçməkdir. İstisna deyil ki, ayrılan vəsaitlərin əldə edilməsi üçün Gürcüstan, yaxud regionun digər ölkələrində nağdlaşdırma və qeyri-rəsmi köçürmə üsullarından istifadə edilə bilər. Bu isə “Toplum Tv”, “Abzas.net”, “Meydan Tv” işinin təkrarlanması, müxtəlif jurnalistlərin ölkə qanunvericliyini pozmağa, cinayət tərkibli əməllər törətməyə sövq edilməsi deməkdir.
Bu kimi təşkilatlar üçün hədəf seçdikləri ölkələrin qanunları, yaxud jurnalistlərin fəaliyyət göstərdikləri ölkələrdə cinayət məsuliyyəti yaradan əməllər törətməsi və bütün bunların mənfi nəticələri maraqlı deyil. Məqsəd milli hökumətlərə təzyiq rıçaqlarına malik olmalarıdır. Və təcrübə təsdiq edir ki, “əməkdaş” kimi öz şəbəkələrinə cəlb etdikləri jurnalistləri maraqları naminə işlədir, daha sonra “yeniləri” ilə əvəzləyirlər. ECPMF-nin qrant layihəsinin də mahiyyəti bundan ibarətdir: istifadə olunmuşları yeniləri ilə əvəzləmək, yeni şəbəkə qurmaq və hücumları davam etdirmək!