I Bəyazid və ya Sultan İldırım Bayazid — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir.
Şahzadəlik illəri
1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur. 1378-ci ildə Gərmiyanoğlu Süleyman Çələbinin qızı Sultan Xatunla evləndirildi və xanımının cehizi olaraq Osmanlılara verilən torpaqlara sancaqbəyi təyin edildi. Kütahyada vəzifələndirilən Şahzadə Bəyazid ölkənin şərq sərhədlərinin mühafizəsi ilə məşğul oldu. 1386-cı ildə atasının Qaramanoğlu Ələddin bəyə qarşı çıxdığı səfərə qatıldı, baş tutan çatışmada cəsarəti və cəld hücumlarıyla fərqləndi və İldırım ləqəbi qazandı. Şahzadə Bəyazid 28 iyun 1389-cu ildə, türklərin Rumelində sabitlənməsi ilə nəticələnən Kosova döyüşündə önəmli rol oynadı. Bu döyüş əsnasında atası Sultan Murad ağır yaralanmış, böyük oğlu olması və üstün bacarığı səbəbilə öz yerinə Şahzadə Bəyazidin gətirilməsini vəsiyyət etmişdir. Sultanın vəfatından sonra vəsiyyəti yerinə yetirildi və Şahzadə Bəyazid, döyüş meydanındakı sultan çadırında taxta çıxarıldı. Dövlət xadimlərinin tövsiyəsilə, yeganə qardaşı Şahzadə Yaqubu edam etdirdi. Bu əsnada əsir düşən Serbiya şahzadəsi Lazar da ələ keçirilərək döyüş meydanında qətlə yetirildi.
Səltənəti
İlk illəri
Yeni sultan döyüşdən dərhal sonra Bursaya dönmək üzrə yola çıxdı. Çünki bu əsnada Osmanlı tabeliyindəki Anadolu bəylikləri üsyan qaldırmış, əvvəllər hakim olduqları əraziləri geri ala bilmək üçün Qaramanoğlu bəyliyinin ətrafında toplanmışdı. Qaramanoğlu Ələddin bəy Beyşəhəri ələ keçirərək Əskişəhərə qədər irəliləmiş, Gərmiyanoğlu II Yaqub bəy miras yoluyla itirdi torpaqları yenidən zəbt etmiş, Qazi Burhanəddin isə Kırşəhəri almışdı. Sultan Bəyazid Anadoluya keçmədən öncə Serbiya kralının oğlu Stefan Lazareviçlə müzakirələrə başladı və bacısı Olivera ilə evlənərək serbləri öz tərəfinə çəkməyə çalışdı. Razılaşmadan sonra Stefan həm macarların, həm də Osmanlıların təzyiqindən qorunmaq üçün Sultan Bəyazidə sadiq qaldı və hətta onun səfərlərinə belə qatıldı. Ancaq şimali Serbiya hakimi Vuk Brankoviç, öz idarəsindəki bölgələri qorumaq üçün Osmanlılara qarşı mübarizə aparmağa davam etdi. Ancaq bu bölgədə fəaliyyət göstərən Paşa Yiğit bəy 1391-ci ildə Skopyeni işğal etdi və beləliklə, Bosniya və Albaniyaya gedən yolun önü açıldı.
Anadoludakı fəaliyyəti
Daha sonra Anadoluya gedən Sultan Bəyazid 1389-cu ilin qışında Alaşəhəri işğal etdi, ardından qərbi Anadoludakı türkmən bəyliklərini, Aydın, Saruhan, Məntəşə, Həmid və Gərmiyan bəyliklərini Osmanlı idarəsində topladı. Candaroğlu Süleyman bəy və Bizans imperatorunun oğlu Manuel Paleoloq da öz qüvvələriylə birlikdə Osmanlı cəbhəsində səfərə qatılmışdı.
1390-cı ilin mayında Sultan Bəyazid Afyonqarahisara gəldi və Qaramanoğlu bəyliyinə qarşı səfərə hazırlaşdı. Ani hücumların ardından Beyşəhəri ələ keçirdi, ardından Konyaya doğru irəliləyərək şəhəri mühasirəyə aldı. Bu əsnada ordudan ayrılıb Kastamonuya qayıdan Süleyman bəy, Qaramanoğluna kömək məqsədilə Qazi Burhanəddinlə ittifaq qurdu. Yeni müttəfiqlərin Kırşəhərə gəlməsinin ardından Sultan Bəyazid Konya mühasirəsini qaldırdı və qısa zamanda sülh danışıqları başladı. Sülh şərtlərinə görə, iki dövlət arasında sərhədlər müəyyənləşdi və çatışmalara səbəb olan Beyşəhər və ətrafındakı bölgələr Osmanlı hakimiyyətində qaldı. Bir il sonra Sultan Bəyazid Süleyman bəyin üzərinə yürüdü. Ancaq Süleyman bəyin müttəfiqi Qazi Burhanəddinin qüvvələrinə məğlub oldu. Bu səbəblə geri çəkilən Osmanlı ordusu 1392-ci ilin baharında yeni bir səfər üçün hazırlığa başladı. Hətta Venesiya elçisinin 6 aprel 1392 tarixli raportunda, o illərdə Sultan Bəyazidin vassalı olan Manuel Paleoloqun da Sinopa tərtiblənən səfərə hazırlandığı qeyd olunur. Bu dəniz səfərinin nəticəsində Sinop istisna olmaqla, Süleyman bəyə aid bütün ərazilər ələ keçirildi və Süleyman bəy həlak oldu. Daha sonra Osmanlı ordusu, Qazi Burhanəddinin müqavimətini qırmaq üçün Osmancıq üzərinə səfərə çıxdı və bölgəni ələ keçirdi. Ancaq Çorumlu istiqamətində baş tutan çatışmada Osmanlı qüvvələri məğlub oldu və geri çəkildi. Qazi Burhanəddin bu qələbədən həvəslənərək daha da irəlilədi və Sivrihisar-Ankara istiqamətində irəliləyərək bölgəni darmadağın etdi. Ancaq bu əsnada Qazi Burhanəddinin mühasirəsində olan Amasiya əmiri 1392-ci ildə qalanı Osmanlılara təslim etdi. Ertəsi il bölgəyə gələn Sultan Bəyazid burdakı Tacəddinoğulları, Daşanoğulları kimi xırda bəylikləri öz tərəfinə çəkdi. Bu əsnada müttəfiqləriylə münasibətləri pisləşən Qazi Burhanəddin Osmanlı ordusuna arxadan hücumlar edərək geri çəkildi.
Rumelidəki fəaliyyəti
Sultan Bəyazid, səltənətinin bundan sonrakı illərində üzünü qərbə çevirdi. Kosovo döyüşündən sonra Bizans imperiyası üzərindəki təsiri artmışdı. Belə ki, 1390-cı ildə Bizans imperatoru VII İohannın, ardından 1391-ci ildə V İohann və ortaq imperator olan oğlu Manuelin taxta çıxışını dəstəklədi. Hətta İmperator Manuel Osmanlı ordusunun Anadoluda çıxdığı səfərlərdə iştirak etmişdi. Osmanlı ordusunun Anadoludakı çatışmalarla məşğul olduğu illərdə dövlətin qərb sərhəddindəki uc bəylikləri də düşmən bölgələrinə ard-arda hücumlar təşkil edirdi. Paşa Yiğit bəy Vuk Brankoviçi özünə tabe etmiş, Evrenos bəy Kitros və Vodinanı fəth edərək Fessaliyaya qədər irəliləmiş, Firuz bəy Valaxiyaya, Şahin bəy isə Albaniyaya axınlar tərtibləmişdi. Ancaq Valaxiya hakimi sultanın Anadoluda olmasından faydalanaraq Silistrəni ələ keçirmiş, Burqasdakı axıncılar üzərində qələbə qazanmışdı. Venesiyalılar bir yandan Bizansa təzyiq göstərir, digər yandan Moreya və Albaniyada da Osmanlı əleyhinə propaqanda aparırdılar. Macarlar isə Valaxiya və Dunay sahili bölgəsində nüfuzları yaymağa başlamışdılar. Bu vəziyyətdə Sultan Bəyazid bütün qüvvələrini qərbə yönəltməyə məcbur oldu. 1388-ci ildən etibarən Osmanlı idarəsində olan işğal altındakı Tırnova qalasını 17 iyun 1393-cü ildə geri aldı və bolqar çarı Osmanlı vassallığını qəbul edərək Niqboluya çəkildi. Həmin ilin qışında Sultan Bəyazid Balkan yarımadasındakı bütün çarları və Paleoloq nümayəndələrini toplayaraq yeni bir ittifaq qurdu. Xüsusilə də Bizans imperatoru V İohannın Moreya çarı olan kiçik oğlu Teodor Paleoloqdan, Venesiyaya qarşı mübarizədə bəzi önəmli şəhər və qalaları ələ keçirməyi tələb etdi. Ancaq müstəqillik arzusunda olan Paleoloqlar, bundan boyun qaçıraraq Venesiyadan kömək istədilər. Bunun ardından Sultan Bəyazid şəxsən özü Balkan yarımadasına səfərə çıxdı və 1387-ci ildə fəth edilən, ancaq 2 il sonra itirilən Saloniki qalasını yenidən fəth etdi (1394). Beləliklə, Fessaliya bölgəsi tamamilə ələ keçirildi. Bundan başqa həmin ilin baharında Konstantinopolu yenidən mühasirəyə aldı. 1395-ci ildə isə Macarıstan üzərinə səfərə çıxan Osmanlı ordusu yol üzərindəki bir çox önəmli qalanı da (Timeşvar, Kratova, Zrenjamin, Titel) ələ keçirdi. Arceş çayı sahilində baş verən döyüşdə (17 may 1395) Valaxiya çarı Mirkeya məğlub edildi və Osmanlı vassallığını qəbul edən I Vlad Valaxiya knyazı təyin edildi. Ardından Dunay çayını keçərək Niqboluya gəldi və Bolqar çarını ələ keçirib edam etdirdi (3 iyun 1395).
Sultan Bəyazidin ani və sürətli fəthlərinin ardından, macarlar və venesiyalılar Osmanlılara qarşı ittifaq quraraq yeni bir səlib yürüşünə başladılar. 1396-cı ildə Osmanlı ordusunun Konstantinopol mühasirəsində olmasından istifadə edən macar kralı I Ziqmund Niqbolunu mühasirəyə aldı. Ardından Sultan Bəyazid Konstantinopoldakı mühasirəni qaldıraraq dərhal bölgəyə gəldi və burada səlib ordusu üzərində böyük bir qələbə qazandı (25 sentyabr 1396). Niqbolu döyüşü adlanan bu döyüşün adından Vidin qalası da ələ keçirildi. Bizans imperatoru Manuel, Konstantinopolda bir türk məhəlləsinin qurulması, məscid inşa edilməsi və bir qazının vəzifəyə alınması şərtlərini qəbul etməyə məcbur oldu. 1397-ci ildə Evrenos bəy Arqos və Afina şəhərlərini ələ keçirdi. Niqbolu döyüşündən böyük qənimətlə qayıdan Sultan Bəyazid paytaxt Bursada möhtəşəm Ulu Məscidi inşa etdirdi.
Əmir Teymurla münasibətləri. Ankara döyüşü
Bu əsnada Sultan Bəyazid Niqbolu döyüşündəki düşmənliyi səbəbilə Qaramanoğlu Ələddin bəyin üzərinə səfərə çıxdı. Akçay döyüşündə məğlub olan Ələddin bəy Konya qalasına gizlənsə də, ələ keçirilərək edam edildi. Beləliklə, Konya başda olmaqla, digər bütün Qaramanlı mülkləri Osmanlıların əlinə keçdi (1397-ci ilin payızı). Ertəsi il Qazi Burhanəddinin Ağqoyunlu bəyi Qara Yuluq Osman bəylə girişdiyi döyüşdə həlak olmasının ardından yerinə keçən oğlu Ələddin bəy, Əmir Teymurdan qorunmaq məqsədilə Osmanlı tabeliyinə keçdi. Ancaq Sultan Bəyazid Əmir Teymur təhlükəsinə qarşı Məmlüklərlə münasibətləri yaxşılaşdırmaq yerinə, onlara aid Əlbistan, Malatya və şərqi Sivas torpaqlarını ələ keçirdi.
Digər yandan Fransa kralı IV Karl Bizansa kömək üçün böyük bir donanma göndərmiş, bu donanma bölgədəki Osmanlı gəmilərini məğlub etsə də, Konstantinopolu mühasirədən xilas edə bilmədi (1399-cu ilin yayı). Bu səbəblə imperator Manuel Osmanlılara qarşı mübarizədə özünə dəstək qazanmaq məqsədilə 10 dekabrda gizlicə şəhəri tərk edərək Avropaya qaçdı. Şəhərin təslim edilməsinə az qalmış, şərqi Anadoluda Əmir Teymur təhlükəsi peyda oldu. 1394-cü ildə şərqi Anadoludakı bir neçə şəhəri ələ keçirməsinin ardından Əmir Teymur Böyük Səlcuq və Hülaki imperiyasının varisi olaraq Anadoluya da sahib olmaq istəyirdi. Sultan Bəyazid isə səlcuqluların varisi iddiasında idi və Anadoludakı birliyi təmin etmək istəyirdi. Məhz bu nöqtədə 2 türk sultanının arasında ziddiyət yarandı. Belə ki, Osmanlı tabeliyindən qaçan Anadolu bəyləri Əmir Teymura sığınmış, əmir isə onları olduqca yaxşı qarşılamışdı. Buna cavab isə çox gecikmədi. Belə ki, Sultan Bəyazid, Əmir Teymur və onun işğalçı siyasətinə boyun əyməyən Sultan Əhməd Cəlair və Qara Yusif bəyi qoruyaraq öz himayəsinə aldı. Bu vəziyyət Əmir Teymuru qəzəbləndirdi. Dərhal Ərzincana gələn Əmir Teymur burada şəhər qapısında qarşılandı və çox keçmədən Osmanlılara aid Sivas qalasını mühasirəyə aldı (1400-cü ilin avqustu). Şəhər əmirin ordusuna təslim olsa da, qalada dəhşətli qətliamlar oldu və qala əhalisi qılıncdan keçirildi. Darmadağın edilən bölgə Ərzincan hakiminə verildi (1401). Nəhayət, iki ordu Ankara yaxınlığındakı Çubuq oylağında qarşılaşdı (28 iyul 1402). Baş tutan döyüşdə məğlub olan Sultan Bəyazid əsir düşdü və bir neçə ay sonra əsirlikdə ikən Akşəhərdə vəfat etdi (8 mart 1403). Ankara döyüşü Sultan Bəyazidin qısa zamanda genişləndirdiyi dövlətin çökməsinə səbəb oldu. Keçmiş torpaqlarını geri alan Anadolu bəyləriylə yanaşı, qalan torpaqları da aralarında bölüşdürən Osmanlı şahzadələri Əmir Teymurun Anadoludakı səltənətini tanıdılar. Osmanlı tarixində Fetrət dövrü olaraq adlanan bu dövrdəki çaxnaşmalar yalnız II Mehmed dönəmində tamamilə həll edildi.
Ailəsi
Hərəmxanası
Sultan Xatun
Dövlət Xatun
Olivera Despina Xatun
Hafsa Xatun
Oğlan uşaqları
Ərtoğrul Çələbi
Süleyman Çələbi
İsa Çələbi
Böyük Musa Çələbi
I Mehmed
Kiçik Musa Çələbi
Mustafa Çələbi
Qasım Çələbi
Qız uşaqları
Hundi Xatun
Ərhondu Xatun
Fatma Xatun
Uruz Xatun (d. 1391) — 1403-cü ildə Əmir Teymurun Miranşahın oğlu Əbubəkr Mirzəylə evləndirildi. Səmərqənddə vəfat etmişdir.
Paşa Mələk Xatun (d. 1392) — 1403-cü ildə Əmir Teymurun sərkərdəsi Şəmsəddin Məhəmmədin oğlu Əmir Cəlaləddinlə evləndirildi.