Ermənistan ərazisində beynəlxalq sülhməramlı təlimlər keçiriləcək. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasından 250, ABŞ-ın Avropa və Afrika üzrə quru qoşunlarından, həmçinin Kanzas ştatının Milli Qvardiyasından 58, Fransadan 24, Yunanıstandan isə 11 hərbçi iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, təlimlər çərçivəsində sülhməramlı tapşırıqların hazırlanması və icrası üzrə fəaliyyətlər yerinə yetiriləcək. Əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistan ordusunun sülhməramlı bölmələrinin hazırlıq səviyyəsinin artırılmasıdır.
Qeyd edilib ki, dörd ölkənin iştirakı ilə keçirilən təlimlər ilk dəfə təşkil olunur. “Eagle Partner” təlimləri Ermənistan və ABŞ arasında ilk dəfə 2023-cü ilin sentyabrında Ermənistanda keçirilib, sonuncu dəfə isə 2025-ci ilin avqustunda baş tutub.
Nazirliyin məlumatında vurğulanır ki, beynəlxalq sülhməramlı əməliyyatlara hazırlıq çərçivəsində bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə və birgə təlimlərdə iştirak edirlər.