Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr 1918, Novxanı, Bakı, AXC – 2 noyabr 1944, Vitovle, Sloveniya) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı.
İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.
Həyatı
Müharibəyə qədər
Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881–1922) Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür.
1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur. 1936-cı ildə buranı bitirmişdir. Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə idi və o bu rəsmini “Qırmızı Ordu əsgərləri düşərgələrdə” adlandırmışdı. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanıda ibtidai məktəblərdən birinə müəllim kimi göndərildi. O, burada bir neçə ay işlədi. Bununla yanaşı o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyirdi.
Daha sonra Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrada getdi. Akademiyaya daxil ola bilmədikdən sonra o, Bakıya qayıdır və burada Məşədi Əzizbəyov adına kitabxanada iş tapır. Bir ildən sonra o yenidən Leninqrada gedir, lakin bu dəfə qəbul ola bilmir və Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olur. 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülür. Onun bu instituta keçməsinin səbəbi poeziyaya və ədəbiyyata olan sevgisindən irəli gəlirdi.
Müharibə illəri
22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutdu. Kiçik bacısı Hürriyət Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışırdı. Mehdi isə onun çiyinlərini qucaqlayaraq dedi:
“Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir.”
Bundan sonra o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqustda M.Hüseynzadə hərbiyə gedir. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulur.
Mehdi Hüseynzadə Tiflis Hərbi Məktəbində oxuyarkən
Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra, 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərdilər. Bu dövrdə şiddətli döyüşlər gedirdi. Minaatanlar tağımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə[9] iştirak etmişdir. Stalinqraddan kiçik bacısına yazdığı son məktubda deyilirdi:
"Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur! "
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşdü. Orada o, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salındı. 1943-cü ilin ortalarında almanlar Ştrans (Almaniya) hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisinə böyük miqdarda hərbi əsirlər, o cümlədən azərbaycanlılar gətirdilər. Hələ Almaniyada olarkən Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar. Onların İtaliya və Yuqoslaviya partizanları ilə əlaqəsi var idi. Mehdi Hüseynzadə Bu təşkilatın fəal üzvlərindən biri idi. 1943-cü ildə azərbaycanlı əsirlərin düşərgəsinin Şimali İtaliyada Udinə yaxın bir yerdə yerləşdiyi zaman o, alman komandanlığının ştabından "Harribaldçılar" partizan dəstəsinə qəfil hücum planını əldə etməyə müyəssər oldu. Partizanlarla gedib çıxmağı bacaran antifaşistlər (Rəşid Kərimov və Həsən Cabbarov) bu haqda onlara məlumat verdilər və partizanlara hücum edən polk Tolmin-Kobarid ətrafında böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Antifaşistlərin özü isə nasistlər tərəfindən ələ keçirildi və öldürüldü.
Partizan "Mixaylo"
1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçdı və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu.[9] Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunun rus rotası yaradıldı.[14] Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə oldu. Rota Aydovşçina şəhərindən şimal istiqamətində Angel dağı ətəyində yerləşən Otliça kəndində məskən salmışdı. Bu zamandan başlayaraq M.Hüseynzadə ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olur. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün 9-cu korpusdakı ən yaxşı diversantlardan biri adlandırır. Partizan Məhər Məmmədov öz xatirələrində yazırdı:
Bu, 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq.
Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda M.Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı.
Aprelin 2-də Mehdi Hüseynzadə Mirdaməd Seyidovla birgə Triest şəhəri yaxınlığında yerləşən Opçine (sloven. Opčine) yaşayış məntəqəsindəki kinoteatr binasını kinoseans zamanı partlatdı. Onlar kinoteatr zalına girərək gözə çarpmadan kürsünün altına mina quraşdırıb binanı tərk etdilər. Partlayış nəticəsində 80 nəfər öldü, 60 nəfər ağır, eyni zamanda 200 alman əsgəri yüngül yaralandı. Onlardan 40 nəfəri hərbi hospitalda aldıqları yaralardan öldü. Həmin ay, aprelin 22-də Mixaylo ikinci böyük diversiyanı həyata keçirir. Bia Qeqa küçəsində əsgər evi olan alman restoranının binasını partladılır. Alman əsgəri paltarında M.Hüseynzadə və Mirdaməd Seyidov restorana girib əvvəlcədən detonatorların ampulalarını əzdilər. Onlar stol arxasında iki yer tutub stolun altında partlayıcı cantanı qoyub zaldan talon almaq adı altında çıxıb oradan da küçəyə çıxdılar. Alman barı havaya uçduqdan sonra hitlerçilər iki sutka ərzində dağıntıların altından ölüləri və yaralıları çıxarırdılar. İtaliyan faşist qəzeti olan "İl Pikkolo"nun 23 apreldə dərc etdiyi məqalədə deyilirdi: “Dünən, şənbə günü kommunist elementləri Triestdəki alman əsgər kazarmalarına terrorçu sui-qəsdi törətdilər ki, bu da bir neçə alman əsgərinin və italiyan vətəndaşının həyatına son qoydu.” Partlayışı törətməkdə təqsirləndirilən və elə bu binada yerləşən bərbərxanadakı insanlar gestapoçular tərəfindən tutuldu və edam edildi.
Yenə Triestdə Mixaylo "İl Pikkolo" qəzetinin redaksiyasını və tipoqrafiyasını partlatdı. Bir müddət keçəndən sonra Mehdi öz yoldaşı Əli Tağıyev və antifaşist Hans Frislə daha bir diversiya törətdilər, 24 vaqondan ibarət alman əmlak qatarının keçdiyi Postoyn dəmiryolu stansiyası yaxınlığındakı körpünü partlatdılar.
Partizan qərargahının qərarına əsasən, Mixaylo və M.Seyidov gestapo mayoru N.Kertneri edam etdilər. Yayın sonunda diviziya rəhbərliyinin tapşırığı ilə M.Hüseynzadə və Əkbər Ağayevlə birgə partizan vzvodunun başında geri çəkilən alman hissələrinə qarşı əməliyyat apardı. Döyüşdə çoxlu alman əsgər və zabiri həlak oldu, düşmənin 10-dan çox yük maşını məhv edildi.
Sentyabr ayında Mehdi Hüseynzadə alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil oldu və yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partlatdı. Həmin ay Mixaylo daha bir diversiya həyata keçirdi. O, alman zabiti formasında motosikllə silahsız tədris marşında olan faşist rotasına yaxınlaşdı və avtomatla 20-dən artıq düşmən əsgərini güllələyib bir anda yoxa çıxdı. Mixaylo Qoriça şəhərində hərbi sursayla dolu alman maşınını qaçırmağa müvəffəq oldu. O, Opçıne şəhərində yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatdı.
Oktyabr ayında Mixaylonun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum etdilər. Hüseynzadə vermaxt zabiti formasında alman əsgəri formasında olan iki partizanla birgə “hərbi əsirlərin” əhatəsində alman həbsxanasının darvazasına yaxınlaşdılar və keşikçidən qapını açmağı tələb etdilər. Həbsxananın ərazisinə daxil olan kimi Hüseynzadə və yoldaşları keşikçilərin silahını aldılar və bütün kameraların qapısını açıb 700 hərbi əsiri, o cümlədən 147 sovet hərbçisini azad etdilər. Həbsxana rəisi də tutularaq partizan qərargahına gətirildi.[20] Növbəti gün faşist radiosu xəbər verdi ki, guya həbsxanaya 3 minlik partizan diviziyası hücum edib. Bundan əlavə aksiyaların biri zamanı Mixaylo banka girirərək 1 milyon italyan lirəsi götümüş və partizan qərargahına təhvil vermişdi.
M.Hüseynzadə uzaq Adriatikdə döyüşərkən öz vətənini xatırlamaqdan yorulmurdu. Öz şeirlərindən birində vətənini xüsusi istiqanlılıqla yad edirdi:
Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni;
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni...
Onun 1943-cü ildə vətəndən uzaqda yazdığı 1 bəndlik şeir vətəninə olan məhəbbətini xarakterizə edir:
Süd verib qoynunda bəslədin məni,
Mən sənin gözündə qurbanam, Vətən!
Qoymaram incidə yad ellər səni,
Bil ki, etibarlı oğlunam, Vətən!
Yuqoslaviya xalq-azadlıq ordusunun 9-cu korpusunun tapşırığı ilə Mixaylo 31-ci diviziyanın qərargahı nəzdində diversiya-kəşfiyyat qrupu yaratdı və ona başçılıq etdi. Cavad Həkimlinin xatirələrində deyilir: “Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular və onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır və ona pəhləvan rəhbərlik edir.” Almanlar başına 400 min lirə mükafat təyin etmələrinə baxmayaraq Mehdi Hüseynzadə ələ keçməz olaraq qalırdı. Yuqoslaviyada tapılan sənədlərin birində deyilirdi: “Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunların içində əsasən zabitlər idi. Faşistlər necə olursa olsun, onun başını əldə etmək istəyirdilər.”Cavad Həkimlinin xatirələrinə görə gestapo mayoru Şultsun dəstəsi bir dəfə Sejanda kəndli formasında olan Mixaylonu tutmuşdu. Mehdi Hüseynzadə özünü rəssam kimi qələmə verdi və özünü elə təbii apardı ki, heç kim onun kim olduğunu başa düşmədi. Sonunda, 15 gün sonra almanların partizanları axtarmağa getməyindən istifadə edib keçikçi alman yefreytorunu öldürüb tüfəngi ələ keçirib kazarmanı dağıdıb qaçmışdı.
Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak etmiş və alman dilini öyrənmişdir. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşfiyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən "Il Pikkolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.
Ölümü
Mehdi Hüseynzadə 1944-cü ilin noyabrın 2-də tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak oldu.
Onun həlak olması haqqında bir neçə fərziyyə var. Ən birinci versiya Mixaylonun gizləndiyi evin partizan oğlunun danışdıqlarına əsaslanır. O, məlumat verir ki, onların evini qəfildən almanlar mühasirəyə alır. Bu zaman Mehdi Hüseynzadənin əlində 2 qumbara və 5 gilizli tapança var idi. Mixaylo onlarla döyüşə girdi və atışmağa başladı. Düşmən evə soxulanda Mixaylo onların dəstəsinə 2 qumbara atdı. Yaranan qarışıqlıqdan istifadə edib arxa pəncərədən tullanıb qaçmağa başladı. Onu görən almanlar təqib etməyə başladılar. Mixaylo ayaqlarını geniş aralayıb tapançasını çıxardı və öz ürəyinə atəş açdı.
Sloveniya versiyasına görə 1944-cü ilin 1 noyabrında Mixaylo və 3 sloven diversantı – İvan Suliç, Adam Zorn və Yordan Qoryan 9-cu korpusun qərargahına gedərkən Vitovlye kəndində dayandılar. Burada və Rençe kəndində partizanların konspirativ bazarları var idi. Onlar bundan almanların nəzarətində olan ərazilərə tapşırığa gedərkən istifadə edirdilər. Hadisələrin iştirakçısı A.Zornun şahidliyinə görə 8 nəfər partizanın əvvəlcədən gəlib gizləndiyi pəyə gecə qəfildən almanlar tərəfindən mühasirəyə alındı. Mixaylo və sloveniyalı Dreykeç (əsl adı: Andrey Komel) mühasirədən çıxıb qaçmağa çalışdılar, amma avtomatdan açılan güllələrlə vuruldular. A.Zornun versiyasına görə həmin gecə almanlar kənddə rekvizit aksiya keçirdilər. A.Zornun özü başqa partizanla birgə almanlar tərəfindən ələ keçirildi. Qalanları isə tapılmadı.
Sovet Bazovitsk batalyonunun qərargah rəisi və Mixaylonun yaxın dostu Cavad Həkimlinin hekayəti isə bəzi detalları ilə fərqlənir. Almanlar onları mühasirəyə alan zaman Mixaylo qaçmağa cəhd göstərərkən yaralanır və əsir düşməmək üçün özünü vurur. C.Həkimli belə güman edir ki, partizanları yerli əhalidən biri satıb.
Mehdi Hüseynzadənin nəşi yerli əhali tərəfindən dəfn edildi, sonra 18-ci sloveniya zərbəçi Bazovitsk briqadasının 2-ci rus batalyonunun partizanları tərəfindən Çenovan kəndinin qəbristanlığında dəfn olundu. Onun qəbri üstündə taxta piramida qoyuldu və ona bərkidilən dəmir lövhənin üstündə yazıldı:”Burada Mehdi Hüseynov (Mixaylo) dəfn olunmuşdur... 2 XI 1944-cü ildə Vipavedə qəhrəmancasına həlak olmuşdur”
Yuqoslaviya xalq azadlıq ordusunun 9-cu korpusunun 30-cu diviziyasının komandanlığının 9 noyabr 1944-cü il məlumatına əsasən, Mehdi Hüseynzadənin həlak olduğu ərəfədə, oktyabrın 30-dan 31-nə keçən gecə almanlar öz bölmələrini Tronovsk ovalığı ətəyində partizanların nəzarəti altında olan ərazilərə hücum etmək üçün planlı şəkildə yerləşdirdilər. Alman əməliyyatı 31 oktyabrda Qoritsa-Aydovşçina yolundan qabaqcıl dəstələrin Vitovlye və Şmihel kəndlərinə tökülməsi ilə başlandı. 31 oktyabrdan 1 noyabra keçən gecə 19-cu Sloveniya briqadasının patrulu Vitovlyedən Trnovo-Lokveyə gedən yolda alman hərbçilərinin olduğunu qeydə aldı. Bu zaman Vitovlyenin özünə partizanlar tərəfindən göndərilmiş patrul Müqəddəs Boqoridisa kilsəsinin yanında almanlarla toqquşdu. 1-2 noyabrda almanlar Trnovsk ovalığının ətəklərinə girmək üçün dəfələrlə cəhd etdilər. Trnovo kəndi istiqamətində döyüşlər 6 noyabra qədər davam etdi.
Ölümündən sonra
Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində rolu və fəaliyyəti uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum deyildi. 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” (“Qızmızı Ulduz”) qəzeti Keçmiş Partizan V.Sokolovun xatirələrinə əsaslanaraq Mixaylonun hünərlərinə həsr olunmuş “Partizan igidliyi” məqaləsini dərc etdi. Sonralar, həmin ilin oktyabrında başqa bir keçmiş partizan – Q.A.Jilyayev “Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” yazdı və əlyazmanı Azərbaycan SSR EA-nın tarix institutuna verdi. Tez bir zamanda institut tərəfindən partizanın rəşadəti haqqında əhəmiyyətli miqdarda material toplandı və bununla əlaqədar Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə gizli məktubla müraciət etdi. Azərbaycan SSR DTK əvvəlcə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığı təsdiq edən gizli axtarış aparmağa başladı. F.Kopılov Azərbaycan SSR MK-ya yazırdı: “SSRİ-nin Yuqoslaviyadakı səfirliyi Hüseynzadənin Yuqoslaviya partizan birliyindəki fəaliyyətini araşdırmaq və sənədləşdirmək üçün Yuqoslaviyanın münasib orqanlarına xahişlərlə müraciət etmişdi”. Araşdırma Sovet leytenantının rəşadətini təsdiq edən məlumatları almaqla başa çatdı; Yuqoslavlar tərəfindən həm də əlavə sənədlər təqdim edildi. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi (ölümündən sonra).
1957-ci ildə başda S.A.Kovpak olmaqla partizan və antifaşist hərəkatının iştirakçılarından ibarət nümayəndə heyəti Yuqoslaviyaya səfər edəndə bu heyətin tərkibində Sloveniya ərazisində fəaliyyət göstərən sovet partizan batalyonunun komandiri Anatoli Dyaçenko da var id . O, Mehdi Hüseynzadənin qəbrini ziyarətindən belə təəssüratla ayrılmışdı: “Yuqoslaviya xalqı bizim Mehdinin xatirəsini əbədiləşdimək üçün onun qəbrində gözəl bir abidə ucaltmışlar. Qəbir tər güllərlə bəzədilmişdir. Gülləri hər gün onun qəhrəman və cəsur əməlləri haqqında dəfələrlə eşidən yerli əhali gətirir. Yuqoslaviyanın şərəfli azərbaycanlı oğlu haqqında hekayətləri “Bizim dostumuz Mixaylo” sözləri ilə başlayır.”
7 dekabr 2012-ci ildə yazıçı P.Ameliettinin Sloveniyada əfsanəvi partizan Mehdi Hüseynzadə haqqında yazdığı “Bir nəfər hamı üçün və ya Mixaylonun intiqamı” adlı romanının təqdimatı baş tutdu. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Sloveniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Azər Xudiyev Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərindəki rəşadətindən ətraflı danışdı. Kitabın müəllifi toplaşanları romanın məzmunu ilə tanış etdi. Daha sonra “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli film nümayiş etdirildi.
Tarixçilər M.Hüseynzadə haqqında
1939-1945 İkinci Dünya müharibəsi tarixi nəşriyyatı Mehdi Hüseynzadəni Yuqoslaviyanın milli qəhrəmanları səviyyəsinə aid edir.
Tarixçi V.N.Kazak keçmiş YXAO 9-cu korpusunun 31-ci qərargahının rəisi Stanko Petalina-Vaykodan misal gətirir. Onun dediklərinə əsasən, təkcə Mehdi Hüseynzadə müxtəlif əməliyyatlar zamanı minə qədər faşist işğalçısını məhv etmişdi.
A.M.Sergienko RF Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin sənədlərini araşdıraraq SSRİ Xalq Müdafiə Komissarlığının Əks Kəşfiyyat Agentliyi kard əməkdaşı polkovnik-leytenant İvan Petroviç Rıbaçenkova böyük köməyindən danışır, hansı ki, 9-cu korpus qərargahı nəzdində sovet hərbi missiyası nümayəndəsi sifətində fəaliyyət göstərmişdir. Tarixçi yazır: “Alman dilini gözəl bilərək o, düşmənin hərbi müəssisəsinə daxil olur, qiymətli məlumatlar gətirirdi. Sovet komandanlığı üçün Rıbaçenkovun və onun köməkçilərinin alman hərbi hissələrinin İtaliyadan Macarıstana köçürülməsi haqqında ələ keçirdiyi məlumatlar böyük əhəmiyyət kəsb edirdi.”
Yuqoslaviya hərbi tarixçisi Stanko Patelin öz Qradnıkovun briqadası monoqrafiyasında Mehdi Hüseynzadəyə xüsusi başlıq həsr etmişdi. Tarixçi hesab edirdi ki, diversant Mixaylo daha çox rəqibin rəhbər kadrını məhv etmişdi, nəinki öz mövcudluğu ərzində bütün 9-cu korpus.
Mehdi Hüseynzadənin iki nəhəng diversiya aktı (2-22 aprel, 1944-cü il) haqqında məlumatlar “1941-1945-ci illərin xalq azadlıq müharibəsi xronologiyası”na daxil edilmişdir. 9-cu korpusun 31-ci diviziyası qərargahlarının bu aksiyalar haqqında məlumatları Belqrad hərbi-tarix institutu tərəfindən dərc edilmiş, Yuqoslaviyadakı xalq-azadlıq müharibəsi zamanı YXAO haqqında sənədlər toplusunda nümayiş etdirilmişdir.
Mehdi Hüseynzadənin fəaliyyətində sovet kəşfiyyatının rolu haqqında
1944-cü ilin 2 aprelindən müharibənin sonuna qədər xalq azadlıq ordusunun və Sloveniya partizan dəstələrinin nəzdində sovet hərbi missiyasının qrupu fəaliyyət göstərirdi. Ona SSRİ Xalq Müdafiə Komissarlığının Baş Kəşfiyyat Agentliyinin kadr kəşfiyyatçısı missiya rəisinin köməkçisi, diversiya-kəşfiyyat fəaliyyəti mütəxəssisi polkovnik Nikolay Kirilloviç Patraxalçev rəhbərlik edirdi. 6 iyunda daha bir BKA-nın əməkdaşı İvan Petroviç Rıbaçenkov rabitəçi Leonidovla bir araya gəldi. Rıbaçenkov və Leonidov 9-cu korpusun qərargahında möhkəmləndirildi. Onların vəzifəsi sovet hərbi köməyi çərçivəsində yüklərin qəbulunu təşkil etmək, rəqib haqqında məlumatlar yığmaq və hərbi mövzular üzrə Sloveniya komandirlərinə məsləhət vermək.
Mehdi Hüseynzadənin qrupu 9-cu korpusun ayrıca diversiya bölməsi qismində fəaliyyət göstərirdi. Bu məlumatları Qorişka bölgəsindəki 9-cu diversiya-kəşfiyyat qrupunun rəhbəri ilə (sabotažno skupino) Mehdi Hüseynzadənin kəşfiyyat qrupu arasında konspirativ kuryer əlaqəsi yaratmaq tapşırılan Simon Viçiç də təsdiq edir. Viçiç qeyd edir ki, Mehdi Hüseynzadə “… əsl kəşfiyyatçı tipi idi. Heç zaman adını demirdi. O həmişə sadəcə Mixaylo idi. Heç kəs onun haradan gəldiyini bilmirdi. O ancaq “Çar” (Car) (İvan Suliç) ilə danışırdı.” 30 oktyabr 1944-cü ildə Rençe (Renče) kəndindəki görüş zamanı M.Hüseynzadə və “Çar”, sovet diversiya qrupu ilə “Çar”ın dəstəsinin birləşməsinin məqsədəuyğunluğunu müzakirə etdilər. Bu məsələnin tam həlli üçün Sovet hərbi missiyasının razılığını və 9-cu korpus qərargahının sanksiyasını almaq tələb olunurdu.
Sloveniya xalq-azadlıq müharibəsi tədqiqatçısı Marian F. Kranç (Marijan F. Кranjc) Mehdi Hüseynzadənin qrupunun xidmətlərini analiz edərkən belə bir fərziyyə irəli sürür ki, Mehdi Hüseynzadə sovet kəşfiyyatının marağı və sovet hərbi missiyası əməkdaşlarının tapşırığı ilə işləyirdi. Mehdi Hüseynzadənin kəşfiyyatla əlaqəsi haqda tarixçi A.M.Sergienko da məlumat verirdi.
Şəxsi həyatı
Mehdi Hüseynzadənin iki bacısı var idi – Biko Əlizadə və Hürriyət Əzizbəyova. Böyük bacısının oğlu Aqşin Əlizadə məşhur Sovet və Azərbaycan bəstəkarı və Azərbaycan SSR xalq artisti oldu.
Mehdi Hüseynzadə həm şəkil çəkir, tar çalır, şeir yazır, həm də minatəmizləmə işini bilirdi, yüksək məharətlə maşın sürürdü. M.Hüseynzadənin dostu, sonralar isə Azərbaycan Rəssamlar İttifaqının katibi M.Tərlanovun dediklərinə görə onun ən sevdiyi şairlər Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun və Süleyman Rüstəm idi.
Xatirəsi
Azərbaycan yazıçıları İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə" povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Hər iki müəllifin ssenarisi əsasında isə çəkilmiş "Uzaq sahillərdə" bədii filmi isə Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir.
Sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanını yaratmışdır.
1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin heykəli ucaldılmışdır.
2013-cü ildə Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə “Təxəllüsü Mixaylo” və “9-cu korpus” sənədli filmləri nümayiş olunmuşdur.
Sumqayıt şəhərində və Novxanıda Mehdi Hüseynzadə adına idman kompleksləri açılmışdır.
2007-ci ildə Mehdi Hüseynzadə doğulduğu Novxanı kəndində onun abidəsi ucaldılır.
25 oktyabr 2007-ci ildə Sloveniyanın Nova Gorica şəhərinin yaxınlığında yerləşən Shempas kəndində Hüseynzadənin öldürüldüyü ərazidə qəhrəmanın büstünün açılması təntənəli mərasimi keçirildi.
21 dekabr 2013-cü ildə Mehdi Hüseynzadənin torpağa verildiyi Sloveniyanın Chepovan kəndində 95 illiyi münasibətilə ARDNŞ və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılan yeni memorial kompleksinin açılışı keçirilib.
17 noyabr 2017-ci ildə Sloveniyanın Maribor şəhərində Mehdi Hüseynzadənin abidəsi açılıb.
23 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Haqqında çəkilən filmlər
Uzaq sahillərdə (film, 1958)
Uzaq sahillərin əfsanəsi (film, 2002)
Təxəllüsü "Mixaylo" (film, 2008)