ABŞ-ın vitse-prezidenti Cey Di Vensin son açıqlaması Azərbaycanın İran və Türkiyə ilə münasibətləri baxımından diqqət çəkən yeni suallar yaradıb. Vens bildirib ki, Azərbaycan və Türkiyə də daxil olmaqla bir sıra ölkələr İranın kommersiya gəmilərinə hücumlarına görə məsuliyyətə cəlb edilməsi və Tehrana iqtisadi təzyiq göstərilməsi istiqamətində Vaşinqtona müəyyən formada kömək edir.
Bu açıqlama Azərbaycanın ABŞ-ın İran siyasətində hansı rolu oynadığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
ABŞ və İsrail Azərbaycanın İranla, Türkiyə ilə münasibətlərinin gərginləşməsinə çalışır?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, ABŞ hazırda İrana qarşı əsasən iqtisadi alətlərdən istifadə etməklə təzyiq göstərir:
“Bu istiqamətdə İranla qonşu olan və Tehranla iqtisadi əlaqələrə malik dövlətlərin adının çəkilməsi təsadüfi deyil. Burada əsasən iqtisadi kontekstdən söhbət gedir. ABŞ-ın vitse-prezidenti də, əslində bunu nəzərdə tutur.
Azərbaycanın vəziyyəti bir qədər fərqlidir. Hər hansı ticarət və ya tranzit yolu Azərbaycan-İran münasibətləri çərçivəsində fəaliyyət göstərirsə və həmin fəaliyyət zamanı ABŞ dolları ilə hesablaşmalar aparılırsa, bu məsələdə müəyyən məhdudiyyətlər yaranır. Azərbaycan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmur. Lakin hər hansı fəaliyyət ABŞ dolları ilə aparılırsa və ABŞ tərəfindən buna qadağa qoyulubsa, Azərbaycan həmin fəaliyyəti həyata keçirmir.
Bakının mövqeyi aydındır, hər hansı iqtisadi münasibətin həyata keçirilməsi ABŞ dollarından asılıdırsa və bu imkan ABŞ tərəfindən məhdudlaşdırılıbsa, o zaman reallaşdırılmır. Bu yanaşmanı Vaşinqtona dəstək və ya İrana qarşı təzyiq kimi qələmə vermək düzgün deyil.
Yəni Azərbaycanın burada məqsədi İrana qarşı ABŞ-ın siyasətini dəstəkləmək deyil. Söhbət daha çox ABŞ dollarından istifadə ilə bağlı mövcud məhdudiyyətlərdən və Azərbaycanın həmin məhdudiyyətlər çərçivəsində hərəkət etməsindən gedir”.