ABŞ-ın İranla müharibə fonunda raket ehtiyatlarının ciddi şəkildə azalması Çinin Tayvana qarşı mümkün hərbi əməliyyatı üçün əlverişli şərait yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Nəşrin məlumatına görə, ABŞ-ın yüksək dəqiqlikli sursat ehtiyatları müdafiə sənayesinin onları bərpa edə bildiyindən daha sürətlə azalır.
Hazırda ABŞ arsenalında 800-dən az “Patriot” raketinin qaldığı bildirilir. Müharibədən əvvəl bu göstərici təxminən 2300 olub.
THAAD sistemlərinin sayı isə təxminən 600-dən 250-yə düşüb.
Bundan başqa, son 18 ayda ABŞ “Tomahawk” qanadlı raketlərinin təxminən yarısını, “Precision Strike Missile” raketlərinin isə böyük hissəsini istifadə edib.
Ekspertlər problemin uzun illər ərzində formalaşdığını bildirirlər. Pentaqon əsas diqqəti təyyarə və gəmilər kimi iri hərbi platformalara yönəldib, sursat ehtiyatlarının artırılması isə arxa plana keçib.
Hazırda ABŞ raket istehsalını artırmağa çalışır. Lakin bəzi sistemlərin istehsalının lazımi səviyyəyə çatdırılması bir neçə il çəkə bilər.
Nəşr hesab edir ki, bu vəziyyət Pekin üçün ABŞ-ın hərbi ehtiyatları tam bərpa olunana qədər potensial “fürsət pəncərəsi” yaradır.
Xüsusilə Tayvan ətrafında mümkün münaqişə zamanı ABŞ-ın gəmiəleyhinə raketlər də daxil olmaqla kifayət qədər sursata malik olub-olmaması Vaşinqton üçün ciddi problem yarada bilər.
Vurğulanıb ki, ABŞ-ın mövcud ehtiyat çatışmazlığı Çinin mümkün hərbi addımını tam çəkindirmək imkanlarını zəiflədə bilər.