Erməni jurnalist Tatul Hakobyan Ermənistanda məmurların təyin edilmə və vəzifədən azad olunmasının bir neçə səbəbə əsaslana biləcəyini söyləyib. O qeyd edib ki, parlamentdə hakim qüvvənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı məsələlər üzrə komissiya sədrliyini öz üzərinə götürməsi, Avropa İttifaqı (Aİ) ilə bağlı məsələləri isə müxalifətə verməsi real siyasətin (realpolitik) təzahürüdür. Yəni düşüncə tərzinə görə rusiyayönlü olan hakim qüvvə Rusiya ilə münasibətləri qaydaya salmağa çalışır, Avropayönlü məsələləri isə müxalifətə həvalə edir.
Jurnalist İrəvanın Avropa ilə yaxınlaşmağa deyil, Rusiya bazarlarında Ermənistan mallarının satışının təmil edilməsinə diqqət yönəltməli olduğunu söyləyib.
Gloablinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, baş nazir Nikol Paşinyan hökumətinin son addımlarını Ermənistanın Avropa kursundan tamamilə imtinası kimi qiymətləndirmək hələ tezdir:
“Daha çox İrəvanın son illərdə Qərbə sürətli yaxınlaşmanın yaratdığı siyasi və iqtisadi riskləri nəzərə alaraq Moskva ilə münasibətlərdə müəyyən korrektəyə getdiyini görürük. Ermənistan təhlükəsizlik və xarici siyasətdə Aİ və ABŞ-la əməkdaşlığı genişləndirməyə çalışsa da, iqtisadi baxımdan Rusiya və Avrasiya İqtisadi İttifaqından qısa müddətdə uzaqlaşması olduqca çətindir. Rusiya bazarı Ermənistanın ixracı üçün mühüm istiqamət olaraq qalır, əmək miqrasiyası, pul köçürmələri və digər iqtisadi əlaqələr də İrəvanın manevr imkanlarını məhdudlaşdırır. Bu baxımdan parlamentdə Aİİ ilə bağlı istiqamətə hakimiyyətin daha çox nəzarət etməsi və bəzi kadr dəyişikliklərinin Moskva ilə dialoqu yumşaltmaq məqsədi daşıması realpolitik yanaşmasının əlaməti sayıla bilər.
Bununla belə, Ermənistanın yenidən birmənalı şəkildə Rusiyanın siyasi orbitinə qayıtdığını söyləmək də doğru olmazdı. Paşinyan üçün əsas məqsəd hazırda seçim etməkdən daha çox, mümkün qədər uzun müddət həm Avropa, həm də Rusiya istiqamətini paralel saxlamaqdır. Problem ondadır ki, Aİ ilə inteqrasiya dərinləşdikcə bu balansı qorumaq çətinləşəcək: Avropa İttifaqının iqtisadi və hüquqi məkanı ilə Aİİ-nin gömrük və ticarət sistemi arasında fundamental fərqlər mövcuddur. Buna görə müəyyən mərhələdə İrəvan qarşısında daha konkret strateji seçim məsələsi yarana bilər. Son proseslər isə Paşinyanın Avropadan üz döndərməsindən çox, belə bir seçimə hazır olmadığı və Rusiya ilə münasibətləri kəskinləşdirmədən Qərblə yaxınlaşmanı davam etdirmək istədiyini göstərir”.