Milli Məclisin fevralın 2-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini nəzərdə tutuan qanun layihəsi təsdiqlənib.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Bundan başqa, Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır.
Globalinfo.az-a danışan Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı bəzi məsələlərə yenidən baxmaq lazım idi:
“Naxçıvanın statusu ilə bağlı müəyyən konkretləşdirmələrə ehtiyac duyulurdu. İlk növbədə muxtar respublikanın Konstitusiyasının Azərbaycan Konstitusiyasına uyğunluğu məsələsi əsadır. Naxçıvan MR Konstitusiyasında Azərbaycan Respublikasının tərkibində muxtar respublika olması qeyd edilir. Bundan sonrakı korrektələrə əsasən, Naxçıvan MR Konstitusiyasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əksini tapacaq.
Eyni zamanda, muxtar respublikanın siyasi institutlarının mərkəzdən siyasi asıllığı genişləndirilib.
Sözügedən dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Moskva və Qars müqavilələrinə istinadın çıxarılması da bu baxımdan diqqət çəkəndir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında başqa ölkələrin imzası olan müqavilələrə istinadın olması həmin dövrün vəziyyətinə uyğun idi. Bugünkü düzəlişlərə əsasən preambulada onlara istinad yoxdur.
Hazırda bölgədə yeni proseslərin əsası qoyulub. Bundan sonra regional idarəetmə, ərazilər və sərhəd məsələləri yeni dövrün tələblərinə uyğun şəkildə həllini tapacaq”.