ABŞ administrasiyası Hörmüz boğazından neft tankerlərinin hərəkətini bərpa etmək üçün tədbirləri, o cümlədən ABŞ gəmilərinin müşayiət etdiyi gəmilər üçün rüsum tətbiq etmək imkanını müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığortaçıları Hörmüz boğazından təkrar istifadə etməyə inandıra biləcək variantları nəzərdən keçirir. Müzakirə olunan təkliflərdən biri gəmilərə bir növ "VIP keçid" - əlavə ödəniş müqabilində boğazdan sürətləndirilmiş keçid, ehtimal ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə verilməsidir. Amma bununla bağlı hələlik yekun qərar verilməyib.
“Kpler” analitik şirkətinin məlumatına görə, 220 neft tankeri də daxil olmaqla təxminən 500 gəmi Hörmüz boğazının girişində, Fars körfəzində təhlükəsiz keçidi gözləyir.