“Marmara dənizində 7–7,2 böyüklüyündə zəlzələ qaçılmazdır”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli professor Okan Tüysüz deyib.
O billdirib ki, İstanbulda sıx və nizamsız tikinti vəziyyəti mümkün bir fəlakət ssenarisində müdaxiləni xeyli çətinləşdirəcək:
“Marmarada baş verə biləcək güclü zəlzələdə təxminən 80 min bina dağıla, bu, İstanbulun idarəolunmaz vəziyyətə düşməsinə səbəb ola bilər. Hazırda bu bölgədə mümkün böyük zəlzələ ilə bağlı müzakirələr davam edir, ekspertlər həm mövcud tikinti fondunun vəziyyəti, həm də şəhərsalma layihələrinin əhatəsi barədə ictimaiyyəti tez-tez xəbərdarlıq edirlər”.
Professor qeyd edib ki, İzmit Körfəzi çıxışından Adalar önünə və Böyükçekməcəyə qədər uzanan fay seqmenti hələ qırılmayıb:
“Keçmişdə böyük dağıntıların baş verdiyi bölgələrdə oxşar böyüklükdə zəlzələlər təkrarlana bilər. Həmin seqmentin qırılması halında Marmarada təxminən 7,2 böyüklüyündə zəlzələ yaranması gözlənilir. Zəlzələnin yalnız böyüklüyü deyil, həm də təsir göstərəcəyi əhali sıxlığı və tikinti keyfiyyəti riskin miqyasını müəyyən edir”.