Rusiya xarici işlər naziri Sergey Lavrov Minsk Qrupu ilə bağlı ümumi vəziyyətin nə yerdə olduğunu bir neçə gün öncə etdiyi açıqlama ilə təsvir etmişdi: "ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər".
Bakı üçün bu açıqlamadan kimin kimə qarşı hansı addımı atdığından çox, bu qurumun vəziyyətinin nə yerdə olmasını öyrənmək daha vacib idi. Bunu da Rusiya XİN rəhbəri bir kəlmə ilə ifadə etdi. Son verilən qərar isə Rusiyanın bu məsələdə yeni mövqeyini ortaya qoydu.
Əslində proseslərin bu cür inkişafı Bakının çox böyük zəka oyununun nəticəsidir desək yanılmarıq. ATƏT-in Minsk Qrupunun böhran vəziyyətinə düşməsində Azərbaycan hakimiyyətinin verdiyi siyasi qərarlar, postkonflikt reallıqlarını düzgün dəyərləndirməsi amili xüsusi əhəmiyyətə malikdir. Bəlkə də Azərbaycan Rusiyanın Qarabağa daxil olmasına razılıq verməklə Qərb-Azərbaycan qarşıdurmasını adlamağı bacardı. Nəticədə Rusiyanı Qərblə üz-üzə qoydu ki, bu da iki qütb arasında mövqe savaşını gücləndirdi. İstənilən halda isə hər iki tərəfin nəticə etibarilə məsələnin sülh sazişi ilə yekunlaşmasına nail olmaq cəhdi ancaq Bakının xeyrinə ola bilərdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı son açıqlamasına, Rusiya-Qərb münasibətlərinin bu formatdakı son nəticəsinə nəzər saldıqda adıçəkilən qurumun de-fakto sülh prosesinin "autsayder"inə çevrildiyini aydın görə bilərik.
Ötən gün ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayevin isə Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunması deyilən məsələlərin nə qədər həqiqət olduğunu təsdiqləyir. Bu qərar isə o deməkdir ki, Rusiya Minsk Qrupu formatında fəaliyyətini qeyri-müəyyən zamana kimi müvəqqəti də olsa dondurdu. Moskvanın bu qərarı isə faktiki olaraq Minsk Qrupunun dağılması deməkdir.
3 gün öncə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı Azərbaycan Prezidenti də Minsk Qrupunun 30 illik yarıtmaz fəaliyyətinin nəticəsi olaraq artıq bu qurumun fəaliyyətinə heç bir zərurətin qalmadığı ilə bağlı çox maraqlı fikirlər səsləndirdi. Dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə martın 31-də aralarında baş tutan görüşə diqqət çəkərək dialoqlarından gəlinən nəticəni bəyan edib: "Görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir". Belə anlaşılır ki, Minsk Qrupunun fəaliyyətini rəsmi Bakı Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı məsələlərdə artıq tamamilə bloklamağa nail oldu.
İlham Əliyevin müşavirədə bununla bağlı fikirlərinin davamı olaraq dediyi "ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi" ifadələri deyilənlərin təsdiqi adlandırmaq olar.
Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilata, bu sahədə öz töhfəsini verə bilən təşkilata rəsmi Bakı "yox" deməyəcək. Amma bundan sonra Minsk Qrupunun bu istiqamətdə də hər hansı bir fəaliyyətinə lüzum qaldımı?
44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqı ilə rəsmi Bakı arasında təmasların daha intensiv xarakter aldığı göz önündədir. Brüssel görüşləri, səsləndirilən bəyanatlardan gəlinən nəticə deməyə əsas verir ki, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlərin yekun kommunikesində "Dağlıq Qarabağ", "status", "Artsax", "münaqişə" kimi ifadələrə yer verilməməsi deyilənlərin əyani sübutudur. Çünki münaqişə həllini tapıb. İndi isə belə görünür ki, artıq Avropa İttifaqı Minsk Qrupunun edə bilməyəcəyini (yaxud etmək istəmədiyini) etmək missiyasını üzərinə götürüb.
Brüssel görüşünün son raundundan sonra Aİ-nin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı qarşısına məqsəd qoyduğunu, bununla ciddi məşğul olduğunu görməmək mümkün deyil. Brüssel görüşündən sonra məlum oldu ki, Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət sülh təklifini Ermənistan qəbul etmək fikrindədir. İllər uzunu Minsk Qrupunun axsatdığı bir problemi öncə Azərbaycan Ordusu həll etdi, ardınca da münaqişəni tamamilə aradan qaldırmaq üçün bu missiyanı Aİ öz öhdəsinə götürdü ki, onun da artıq səmərəsi görünməkdədir. Bu dəqiqəyə kimi Qərbin Ermənistanla Azərbaycan arasında sülh istəyi səmimi görünür.
İrəvandan gələn son bəyanatlar da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini, ərazi iddiasından əl çəkdiyinə bir işarədir. Heç şübhəsiz ki, Brüssel görüşləri sonrası Nikol Paşinyanın parlamentdəki son çıxışları Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıdığını deməyə böyük əsas verir.
"Bu gün bizə beynəlxalq ictimaiyyət açıq deyir ki, Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmaq - tək Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Beynəlxalq birlik deyir ki, bizə ümid bəsləməyin - ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmərik", deyən erməni baş nazir xalqına və ona qarşı olan müxalif qüvvəllərə izah etməyə çalışdı ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu, bu dəfə ermənilərə daha baha başa gələcək.
Artıq istənilən əks qərarın özlərinə böyük zərbə olacağını anlayan rəsmi İrəvan Ankaraya münasibətlərin normallaşması çərçivəsində diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərin açılmasını təklif edib. Bu, Ermənistanın yeni bir riski gözə almaq istəmədiyini, iki ölkə ilə də (Azərbaycan-Türkiyə) paralel şəkildə münasibətləri qurmaq istiqamətində lazımı addımları atmaq barədə yekun qərar gəldiyindən xəbər verir.
Paşinyanın parlamentdə səsləndirdiyi "Günahkaram ki, xalqımıza deməmişəm ki, beynəlxalq birlik birmənalı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizdən də tanıyacağımızı umur, onu da gözləyir ki, Qarabağdan çıxmış azərbaycanlılar da Dağlıq Qarabağın gələcəyinin müəyyən edilməsi və idarəçiliyi məsələlərinə cəlb olunsunlar" fikirlər daha çox etirafa bənzəyir.
Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar. Görünür, Paşinyan növbəti müharibənin Azərbaycanın tarixi torpaqlarına qayıdışı, ilə nəticələnəcəyini anlayır. Ermənistan rəhbərinin bu açıqlamalarından belə nəticə çıxır ki, qarşı tərəf sülhə alternativ olmadığını, bunun Ermənistan üçün ən doğru variant olduğunu anlamağa başlayıb.
İrəvandan gələn bu tipdə müsbət ismarıcların sayı isə son günlər durmadan artır. Artıq Ermənistan prosesi ləngitməyin, manipulyasiyalar etməyin ziyanlarına işləyəcəyini bildiyi kimi, manevr etmək imkanlarının da bir xeyli məhdudlaşdığını elə ən çox arxayın olduğu Brüssel səfəri zamanı Qərbin yekun bəyanatından da anladı.
Buna görə də N.Paşinyan artıq çox ciddi səylə parlamentdə olan iqtidar mənsubları vasitəsilə, müxtəlif ictimaiyyət nümayəndələrinin yardımı ilə xalqı, daxili auditoriyanı Azərbaycanın şərtləri ilə razılaşıb, sülhü qəbul etməkdən başqa seçimlərinin qalmadığına inandırmaq istiqamətində çox ciddi addımlar atmağa başlayıb. Bu, xüsusilə Brüssel görüşünün ikinci raundundan sonra daha çox nəzərə çarpmağa başlayıb.
N.Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı Vigen Xaçatryanın son açqlamasını da bu qəbildən olan etiraf adlandıra bilərik: "1996-cı ildə Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmaması fikri irəli sürülmüşdü. Bu gün bunun yanlış bir fikir olduğunu söyləyə bilərik. Qarabağın Azərbaycanın tərkibində gələcəyi var. Biz Qarabağı itirdik, indi elə etməliyik ki, ordakı ermənilər qalıb yaşaya bilsinlər". Xaçatryan bu açıqlaması ilə onu demək istədi ki, "Qarabağ qeyd-şərtsiz Azərbaycan ərazisidir və bu yerlərin inkişafı da məhz Azərbaycanın adı ilə bağlı ola bilər. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər də məhz Azərbaycan vətəndaşı kimi qalıb, orada yaşamalıdırlar".
Paşinyanın son müraciəti rəsmi İrəvanın bu zamana kimi buraxdığı səhvləri, eləcə də bu cür yanlış qərarları nəzərdən keçirmək üçün sələflərinə və revanşist qüvvələrə tutulan bir güzgüyə bənzədi: "Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır".
Ermənistan baş nazirinin bu açıqlamasının əsas hədəfi çox güman ki, bu zamana kimi Ermənistandan öz maraqları üçün istifadə edən güclərə və özü başda olmaqla, onların əmrlərini canla-başla icra etmiş keçmiş dövlət başçılarına və xalqadır. Paşinyan bu açıqlama ilə bildirmək istəyir ki, "bu zamana kimi artıq bəsdir başqa-başqa dövlətlərin əlində vasitə olduq. Onun-bunun sifarişi əsasında atdığımız addımlar, verdiyimiz qərarlar, törətdiyimiz cinayətlər sonumuzu gətirmədən artıq özümüzə bir gün ağlamaq zamanıdır. Artıq Ermənistanın gələcəyini düşünməliyik". Belə aydın olur ki, Paşinyan da Ermənistanın gəlcəyinin Bakı və Ankara ilə münasibətlərindan asılı olduğuna inandı.
Əgər Ermənistan rəhbərliyi tezliklə bu prosesləri Bakının və Ankaranın dəstəkləyəcəyi istiqamətdə davam etdirə bilsə, çox güman ki, sülh sazişini çox gözləməyə gərək qalmayacaq. Bu isə həm Ermənistan üçün, həm də ümumilikdə region üçün yeni inkişaf perspektivlərinin yaranması demək olacaq.
Təhməz Əsədov
Milli.Az