Sifilis — ən ağır zöhrəvi xəstəlik olub, uzun illər davam edir və insanın bütün orqanlarını zədələməklə xarakterizə olunur. Alimlər elə hesab edirlər ki, sifilis insanla eyni vaxtda yaranıb. Avropada birinci kütləvi xəstələnmə halı 1493-cü ildə, Kolumb Amerikadan qayıtdıqdan az sonra baş verib.
Əvvəlcə sifilisi «cinsi taun», fransız xəstəliyi adlandırırdılar. Xəstəliyin müasir adı Sifilus adlı çobandan götürülüb. Rəvayətə görə Allahlar onu yüngül əxlaqına görə cinsiyyət orqanlarını xəstələndirməklə cəzalandırmışlar. Bu barədə 1530-cu ildə Frakastoro adlı italyan həkimi hətta poema yazmışdır.
Sifilisin səbəbi
Sifilisin törədicisi — solğun treponema ilk dəfə 1905-ci ildə kəşf edilmişdir. O, mikroskopiyada geniş istifadə edilən anil boyaları ilə zəif rəngləndiyi üçün "solğun" adlanır.
Solğun treponema spiral kimi burulmuş nazik sap formasında olub, ölçüləri böyük deyil – 14 mkm. Xüsusi quruluşu hesabına treponema tez hərəkət edir və insanın müxtəlif orqanlarına asanlıqla daxil olur.
Sifilisin törədicisi rütubətli şəraitdə bir neçə saat ərzində yaşaya bilir, lakin, quruduqda, yüksək temperatur və dezinfeksiya maddələrinin təsirindən dərhal məhv olur. Dondurulduqda həyat qabiliyyətini bir neçə gün ərzində saxlaya bilir.
Sifilis necə ötürülür
Sifilis cinsi yolla ötürülən infeksiyalara aiddir, yəni, xəstə adamdan sağlama cinsi əlaqə zamanı keçir. Yoluxma seksual kontaktın müxtəlif variantlarında baş verə bilər: oral-genital, anogenital, ənənəvi.
Əgər xəstə insanın ağız boşluğunda xırda sifilitik xoralar olarsa, o, infeksiyanı məişət yolu ilə də yaya bilər. Yəni, öpüşlə, dişləməklə, onun ağzında olan və ya tüpürcəyi ilə çirklənmiş əşyaları — müştük, qab, diş fırçası, fışdırıq, siqaret, pomada və digərlərini sağlam insan istifadə edərsə — keçə bilər.
Xəstəliyi ən çox sifilisin birinci və ikinci dövründə olan pasientlər yayır. Üçüncü dövrdə xəstənin ifrazatlarında solğun treponemaların konsentrasiyası kəskin şəkildə azalır.
Sifilisin daha iki ötürülmə yolu da var: xəstə adamın qanını sağlama köçürdükdə və hamiləlik zamanı anadan dölə keçdikdə. Hamiləlik zamanı sifilis erkən açılışa, 5-6-cı aylarda ölü uşağın doğulmasına və yaxud sifilislə xəstə uşağın doğulmasına səbəb olur.
Xəstə adamdan sağlam adamın dəri və selikli qişalarına düşən törədici onların səthində olan mikrozədələrdən orqanizmə daxil olub yayılır. Bu zaman mürəkkəb immunoloji proseslər baş verir. Lakin sağaldıqdan sonra immunitet daimi qalmır, bu səbəbdən, sifilislə bir neçə dəfə yoluxmaq olar.
Sifilisin klinikası
Sifilisin gizli mərhələsi
Xəstəlik inkişafında bir sıra ardıcıl mərhələlərdən keçir. Yoluxduqdan sonra pasient özünü tamamilə sağlam hiss edir. Lakin, bu dövr 4-5 həftə davam edir. Ona inkubasion dövr deyilir. Bu dövrdə mikrobların orqanizmdə çoxalması baş verir.
Bəzi hallarda — alkoqolizm, narkomaniya, vərəm, SPİD, onkoloji xəstəliklərdən zəifləmiş insanlarda simptomsuz keçən bu dövr 2 həftəyə qədər qısala bilər.
Əgər pasient inkubasion dövrdə başqa xəstəliklərin (qonoreya, xlamidioz və s.) müalicəsi məqsədilə antibakterial preparatlar qəbul etmişsə, onda sifilisin ilkin əlamətləri yoluxmadan bir neçə ay sonra büruzə çıxa bilər. Bütün bu müddət ərzində törədici orqanizmdə çoxalır, amma, xəstənin bundan xəbəri olmur.
Sifilisin əlamətləri dalğavari şəkildə üzə çıxır, kəskinləşmə epizodları gizli gedişlə növbələnir. Hər kəskinləşmə fazası daha ağır keçir, daha çox orqanı zədələyir.
Sifilisin əlamətləri
Xəstəliyin simptomları mərhələlərinə görə fərqlənir. Sifilisin birincili, ikincili və üçüncülü növü və ya dövrləri var.
Xəstəliyin başlanğıc simptomları törədicinin bədənə daxil olduğu yerdə əmələ gəlir. Burada kənarları bərk, ağrısız xora — bərk şankr formalaşır. Adətən, o, cinsiyyət orqanları nahiyəsində — dəridə və ya selikli qişada yaranır. Şankr yarandıqdan bir həftə sonra əvvəlcə qasıq daha sonra isə digər qrup limfa düyünləri böyüyür. Bu dövrün davam müddəti ay yarımdır.
İlk əlamətlər əmələ gəldikdən sonrakı bir ay ərzində standart seroloji analizlər hələ mənfi olur, yəni, diaqnozu təsdiqləmir, halbuki insan artıq digərləri yoluxdura bilər. qeyd etmək lazımdır ki, məhz bu dövrdə sifilisin müalicəsi daha effektivdir.
Birinci dövrün sonunda zəiflik, əhvalın pisləşməsi, ətraflarda ağrı, başağrısı əmələ gələ bilər.
Sonra ikinci dövr başlayır, hansı ki, 3-4 ilə qədər davam edir. Onun üçün dəridə səpkilər — sifilidlər xarakterdi. Xəstələrin hamısında sifilitik ləkələr (rozeola) olur. Eyni zamanda, zədə yerində tərkibində çoxlu miqdarda treponema mikrobları olan düyünlər (papulalar) əmələ gəlir. Xəstəliyin başlamasından təxminən yarım il sonra bədənin yuxarı hissələrində və boynun dərisində rəngsiz ocaqlar – sifilitik leykoderma və ya «Zöhrə boyunbağısı» yaranır. Eyni zamanda başda saçların tökülməsi xarakterdi.
Əgər ikincili sifilis müalicə edilməzsə — gizli mərhələyə keçir, yəni, xəstəliyin əlamətləri itir, lakin diaqnostik testlər müsbət qalır. Sonralar ikincili sifilisin residivləri baş verir, hansı ki özünü zəif səpki, leykoderma və əhvalın pozulması ilə göstərir. Residiv, yəni, qayıtma 2-4 dəfə ola bilər. Tədricən sümüklər, oynaqlar, əzələlər, gözlər, qulaqlar, sinir sistemi zədələnir.
Müalicə edilmədikdə 3-4 ildən sonra üçüncü dövr başlayır. O, dəridə yaralanmağa meylli olan qabarıqlıqların əmələ gəlməsilə müşayiət olunur. Bu cür qabarıqlıqlar eyni zamanda həm daxili orqanlarda, həm də, sümüklərdə əmələ gəlir. Onların parçalanması zamanı xəstənin ölümü ilə nəticələnə biləcək ağır fəsadlar ola bilər.
Sifilisin nəticələri — aorta (sifilitik aortit) və burun-udlağın zədələnməsidir. Orqanizmə düşdükdən 8-10 il sonra solğun treponema sinir sistemini dağıdaraq proqressivləşən iflic, başqa adla "bel quruluğu" verir.
Anadangəlmə sifilis
Bu xəstəlik xəstə qadından doğulmuş uşaqlarda olur.
Əgər qadın sifilisə hamiləliyin 5-6 ayına qədər yoluxarsa — döl ana bətnində ölür. Yox, əgər yoluxma daha gec baş verərsə — uşaq doğulduqdan 1-2 ay sonra xəstəliyin əlamətləri ortaya çıxır, 1 ay sonra isə analizlər müsbət olur.
Südəmər körpələrdə sifilis narahatçılıq, döşdən imtina, inkişafdan qalma, dərinin zədələnməsilə özünü göstərir. Onlar üçün sifilitik asqıraq xarakterdi — burundan selikli, irinli, qanlı və ya qaysaqlı axıntı olur. Sümük sistemi, qaraciyər, dalaq, ağciyərlər və digər orqanlar zədələnir.
Erkən uşaq yaşlarında xəstəliyin əsas əlaməti — arxa keçəcəyin kondilomalarıdı. Həmçinin uşaqda saçlar uzanmır, sinir sistemi zədələnir, boy inkişafdan qalır.
Anadangəlmə sifilisin gecikmiş variantı — erkən uşaqlıq dövründə müalicə olunmamış xəstəliyin residividir. Onun dəqiq əlamətləri dişlərin spesifik dəyişikliyi, gözün buynuz qişasının iltihabı və karlıqdır.
Sifilisin diaqnostikası
Sifilisin laborator diaqnostikası iki tip müayinələrlə aparılır: düz və dolayı.
Düz üsulların vasitəsilə bioloji maye və toxumalarda treponemanın özü və ya xromosomları aşkar edilir.
Dolayı üsulların köməyilə qan plazması və likvorda sifilisin törədicilərinə qarşı antitelləri aşkar etmək olar. Onlar orqanizmdə treponemanın daxil olmasına cavab olaraq yaranır.
Düz üsullarla diaqnozu daha dəqiq təyin etmək olar. Onlara aşağıdakı testlər aiddir:
törədicinin mikroskop altında tünd fonda və yaxud immunoflüoressensiya üsulu ilə rəngləməklə aşkar edilməsi;
PZR testi vasitəsilə toxuma və mayelərdə törədicinin DNT və ya RNT-si aşkar edilir.
Xəstənin qan zərdabını müayinə etməklə onun xəstə olmasını necə təyin etməli? Bundan ötrü dolayı üsullardan istifadə edilir. Onların da 2 növü var: qeyri-treponema və treponema.
Qeyri-treponema testləri
Prinsip ondan ibarətdir ki, xəstə insanın qanında yaranan antitellər treponemanınkı ilə oxşar olan kardiolipin antigenləri ilə qarşılıqlı təsirə girir. Bu sifilis testi ilk element, məsələn, bərk şankr yarandıqdan 2 həftə sonra antitelləri aşkar etməyə imkan verir. Belə reaksiyalar xəstəliyi hamıda deyil, yalnız hər 10 insandan 7-9-unda aşkar edir. Gec mərhələlərdə testin həssaslığı azalır və xəstəlik pasientlərin cəmi 30%-ində aşkar olunur.
Qeyri-treponema testlərinin çatmamazlığı çoxlu yalan-müsbət reaksiyaların olmasıdır. Üstünlükləri — reaktivlərin ucuz olması, sadəliyi və nəticənin tez alınmasıdır.
Qeyri-treponema testləri əhalinin kütləvi müayinəsi zamanı və həmçinin xəstəliyin aktivliyini və müalicənin effektivliyini qiymətləndirmək üçün istifadə edilir. Son iki halda antitellərin titrinə, yəni, konsentrasiyasına baxılır.
Bu reaksiyalara aiddir:
mikropresipitasiya reaksiyası və ya onun analoqları (məsələn, Vasserman reaksiyası — RW);
plazmanın reaqinlərinə ekspress-testlər (RPR);
reaginlərin skrininq testləri (RST);
USR testi və digərləri.
Treponema testləri
Bu testlərdə sırf treponema antigenləri istifadə edilir. Onların həssaslığı qeyri-treponema testlərinə nisbətən daha yüksəkdir — 70-100% halda xəstəlilyə düzgün diaqnoz qoymaq olur. Eyni zamanda spesifikliyi də yüksəkdir, yəni, yalan-müsbət nəticələr azdır. Bu, istifadə edilən antigenlə xəstənin qanında olan antitellərin maksimal dərəcədə uyğun gəlməsi ilə izah olunur. Treponema testləri adətən şübhəli və mübahisəli hallarda və həmçinin pasientlərin bəzi qruplarını (hamilələr, SPİD-lə yoluxanlar və digərləri) müayinə etmək üçün tətbiq edilir.
Treponema testləri xəstənin sağalmasını yoxlamaq üçün istifadə edilmir, çünki, qanda antitellər hələ uzun müddət qalır. Bu reaksiyalar təkcə sifilisdə deyil, həmçinin quruluşca ona yaxın mikroorqanizmlərin törətdikləri xəstəliklərdə də müsbət olur. Bundan başqa, onlar autoimmun patologiyası (Xaşimoto tireoiditi və digərləri), bəzi onkoloji və endokrin xəstəlikləri olanlarda da yalan-müsbət olur.
Treponema testlərinin aşağıdakı növləri var:
immunoferment analiz (İFA) — yüksək dəqiqliyi olan diaqnostika üsulu;
immunoblottinq — İFA-nın bir növüdür, daha dəqiqdir, praktik olaraq 100% həssaslıq və spesifikliyə malikdir;
immunohemilüminessensiya (İHL) — xəstənin qanında antitellərin miqdarını dəqiq qiymətləndirən üsul;
immunoxromatoqrafiya (İXQ) — sadə və tez aparılan testlər.
Sifilisə yalan-müsbət reaksiyalar
Bəzən sifilislə xəstələnməmiş insanlarda laborator testlər qanda treponemaya antitellərin olmasını göstərir. Belə hallarda yalan-müsbət reaksiya termini istifadə edilir. Bu vəziyyətin iki əsas səbəbi var: ya analiz düz aparılmır, ya da, orqanizmin fərdi xüsusiyyəti belədir.
Yalan-müsbət reaksiyaları da şərti olaraq kəskin və xroniki olmaqla 2 yerə bölürlər.
Kəskin reaksiyalar aşağıdakı hallarda müşahidə oluna bilər:
hamiləlik;
menstrual qanaxma;
yeni vurulmuş bütün vaksinlərdən sonra;
kəskin miokard infarktı;
infeksion xəstəliklər: qrip, respirator infeksiyalar, suçiçəyi, hepatit, SPİD;
dermatozlar (ekzema, neyrodermit və digərləri).
Xroniki reaksiyalar isə aşağıdakı hallarda qeyd oluna bilər:
autoimmun xəstəliklər (autoimmun tireoidit, I tip şəkərli diabet);
birləşdirici toxumanın sistem xəstəlikləri (dermatomiozit, qırmızı qurdeşənəyi);
bədxassəli törəmələr;
qaraciyər və öd kisəsi xəstəlikləri (öd daşı xəstəliyi, xolestatik hepatit, birincili biliar sirroz);
ürək-damar, endokrin, qan, ağciyər xəstəlikləri;
narkomaniya;
qoca yaş dövrü;
cənub ölkələrində yayılmış endemik treponematozlar.
İkincili sifilisdə nadir hallarda — SPİD-də, laboratoriya səhvlərində və s. yalan-mənfi reaksiya ola bilər.
Sifilisin müalicəsi
"Sifilis necə müalicə edilir?" sualına cavab onun məqsədlərindən asılıdır:
spesifik müalicə xəstələrə törədicidən azad olmaq üçün təyin olunur;
preventiv müalicə xəstənin cinsi partnyoruna təyin olunur, əgər əlaqədən 2 aydan az vaxt keçərsə;
profilaktik müalicə xəstələnmiş hamilə qadınlara, məsləhətlərə əməl etmədikdə isə — yenidoğulmuş uşaqlara təyin olunur;
sınaq müalicəsi sifilisə şübhə olduqda, lakin, laborator təsdiqlənmədikdə istifadə edilir.
Sifilisin müalicəsi adətən ambulator şəraitdə aparılır. Veneroloji stasionara üçüncülü sifilisi olanlar, xəstə hamilə qadınlar və uşaqlar, xəstəliyi fəsadlı keçənlər, həmçinin, antibiotiklərə allergiyası olan insanlar hospitalizasiya olunur.
Preparatlar
Sifilisə qarşı əsas dərmanlar – penisillinin uzun təsir müddətli formalarıdır – Bisiliin-1, Bisillin-5 və digərləri. Həmçinin, polusintetik penisillinlər (Ampisillin, Oksasillin), makrolidlər (Eritromisin), tetrasiklinlər (Doksisiklin), sefalosporinlər (Seftriakson) effektivdir.
Neyrosifilisdə prednizalon tabletləri, ürək və digər orqanlar zədələndikdə isə — uyğun preparatlar təyin olunur.
Sifilis müalicə olunurmu? Sözsüz müasir dövrdə sifilis müalicə olunan xəstəlikdir. Erkən mərhələlərdə cəmi bir neçə penisillin inyeksiyası kifayət edir ki, xəstəliyin törədicisi məhv edilsin. Cinsi partnyorların preventiv müalicəsi üçün də cəmi bir neçə penisillin inyeksiyası kifayət edir.
Arzuolunmaz effektlər
Antibiotiklərlə müalicədən sonra bəzən fəsadlar inkişaf edir. Onlar mikrobların kütləvi şəkildə ölməsi və qana onların parçalanma məhsullarının düşməsi ilə əlaqədardır. Bundan başqa, orqanizmə penisillin preparatlarının özləri də qısamüddətli toksiki təsir göstərir.
Birincili sifilisi olan xəstələrin üçdə birində antibiotiklər yeridiləndən dərhal sonra kəskinləşmə reaksiyası baş verir. O, bir neçə saat ərzində güclənir, lakin, sutkanın sonunda keçib gedir. Pasientlər titrəmə və qızdırmadan, başağrısından, zəiflikdən, tərləmədən şikayətlənir. Onlarda ürəkdöyüntüsü tezləşir, təngnəfəslik yaranır, arterial təzyiq düşür. İkincili sifilisdə dəri səpkiləri parlaqlaşır, elementlər bir-birilə birləşir, dərinin zədələnməmiş yerlərində yeniləri əmələ gəlir.
Belə reaksiya adətən orqanizmə elə də ziyan vermir və xüsusi müalicə tələb etmir. Lakin, çalışmaq lazımdır ki, hamilələrdə, uşaqlarda, ürək, göz, sinir sistemi patologiyaları olan şəxslərdə baş verməsin. Kəskinləşmə ehtimalını azaltmaq üçün prednizalon təyin olunur.
Penisillinin uzun təsir müddətli formaları yeridildikdən sonra pasientlərin bir hissəsində Xayn sindromu inkişaf edir. O, başgicəllənmə, dəridə solğunluq, görmənin pisləşməsi, müvəqqəti psixi pozğunluq və arterial təzyiqin yüksəlməsilə müşayiət olunur. Sonuncu simptom Xayn sindromunu damar kollapsından (təzyiqin qəflətən düşməsi) fərqləndirməyə imkan verir. Belə pristup 30 dəqiqədən çox çəkmir.
Nikolau sindromu — uşaqlarda penisillini arteriyadaxili yeritdikdə baş verən nadir ağırlaşmadır. O, dəridə sonralar qovuğa çevrilən ağrılı ləkələrin əmələ gəlməsilə müşayiət olunur. Bəzən ətrafların iflici baş verir.
Penisillinlərin istifadəsi zamanı digər yanaşı təsirlər yarana bilər:
qıcolmalar (ən çox uşaqlarda);
yanaşı xroniki ürək çatmamazlığı olan xəstələrdə ödemin artması;
allergik reaksiyalar, hansı ki, hər 10 xəstədən birində rast gəlinir;
arterial təzyiqin qəflətən düşməsi, ürək yığılmalarının zəifləməsi, huşun pozulması, boğulma ilə müşayiət olunan — anafilaktik şok.
Uşaqların və hamilə qadınların müalicəsi
Sifilisdə abort etmək mütləq deyil, çünki, gələcək ananın vaxtında müalicə edilməsi uşağın sağlam doğulmasına zəmin verir. Hamiləliyin saxlanılması və ya pozulması qərarını yalnız uşağın valideynləri verməlidir.
Vaxtında aparılan müalicə hamiləliyin 32-ci həftəsinə qədər başlanılan hesab edilir. Lakin, daha gec müddətdə də aparıla bilər. Penisillinin uzun təsir müddətli növləri təyin olunur. Spesifik terapiya kursundan bir qədər sonra profilaktik müalicə də aparılır. Penisillin preparatları hamiləlik vaxtı əksgöstəriş deyil.
Əgər qadın yaxşı müalicə almışsa, onun doğuşunu adi doğum evində qəbul edirlər, doğulmuş uşaq isə sağlam hesab edilir və heç bir əlavə müalicəyə ehtiyacı olmur.
Uşaqlarda erkən və gecikmiş və həmçinin qazanılmış sifilis penisillinin köməyilə müalicə edilir. Dozanı ehtiyatla seçirlər ki, ağır fəsadlar və ya allergik reaksiya yaranmasın.
Əgər sifilislə xəstələnmiş gələcək ana hamiləlik vaxtı yaxşı müalicə almamışsa, yeni doğulmuş uşağa hətta heç bir əlamət olmadıqda belə preventiv müalicə təyin olunur.
Müalicənin effektivliyinin kriteriyaları
Birincili və ya ikincili sifilis münasibətilə müalicədən sonrakı bir il ərzində qeyri-treponema testləri, məsələn, mikropresipitasiya reaksiyası mənfi olmalıdır. Əgər müsbətdirsə, antitellərin miqdarı heç olmasa 4 dəfə azalmalıdır.
RİF və İFA testləri uzun illər müsbət qala bilər. Bu, müalicənin uğursuz olmasını göstərmir.
Simptomlar qalarsa və ya seroloji reaksiyalar (RMP) müsbət olarsa, müalicənin effektsizliyindən danışmaq olar. Bu halda əlavə müayinə üsullarından sonra antibiotik kursu təkrarlanmalıdır.
Kontaktda olmuş şəxslərin müalicəsi
Əgər cinsi və ya çox sıx məişət kontaktından 2 aydan çox keçməyibsə, belə insanlara antibiotiklərlə preventiv müalicə təyin olunur. Əgər kontaktdan 2-dən 4 aya qədər vaxt keçibsə, iki dəfəlik diaqnostik testlə kifayətlənirlər, əgər 4 aydan çox keçibsə – analizi yalnız 1 dəfə aparırlar.
Xəstəliyin qarşısının alınması
Sifilisin profilaktikası üç prinsipə əsaslanır.
Sanitar maarifləndirmə.
Əhalinin skrininq yoxlanılması.
Xəstə və kontaktda olmuş insanların vaxtında müalicəsi.
Anadangəlmə sifilisin qarşısını almaq üçün aşağıdakı tədbirlər görülür:
qadının hamiləliyə görə qeydiyyata mümkün qədər erkən durması;
hamilələrin sifilisə görə üçqat yoxlanılması;
xəstəlik aşkar edildikdə — vaxtında və keyfiyyətli müalicə;
lazım gəldikdə — yenidoğulmuşların profilaktik müalicəsi.
Hər bir insanın şəxsi təhlükəsizliyinin əsası — intim və məişət gigiyenasına düzgün əməl olunmasıdır:
təsadüfi cinsi əlaqələrdən imtina;
yeni partnyorla əlaqədə prezervativdən istifadə edilməsi;
qorunmamış cinsi əlaqə olduqda — xüsusi vasitələrin (Miramistin və digərləri) tətbiqi.