Heyva latın d. Cydonia – Gülçiçəklilər “Rosaceae” ailə-sinə mənsubdur. Hündürlüyü 1.5-4.5 metrə çatan, may-iyun aylarında ağ və solğun çəhrayı çiçəklər açan, Aralıq dənizi boyu ölkələrdə geniş yayılmış meyvə ağacıdır. Meyvələri - girdə və ya armudvari formada olub, payızda yetişən, büzücü və şi-rintəhər dada malik meyvədir.
Kidon alması və ya adi Heyva/Cydonia oblonga, Qədim Yunanıstanda tanınırdı və ona qadın məhsuldarlığının simvolu kimi yanaşırdılar. Büzücü və şirintəhər dada malik olduğuna görə həm də sevgi, xəyanət, çətinliklərlə dolu olan nigahın rəmzi hesab edilirdi. Qədim yunan qanunvericisi Solon belə bir qərar çıxarmışdı ki, yeni evlənənlər nigahın ilk günü kidonalması yeməli idilər ki, evlilik sirlərini onun dadından anlaya bilsinlər.
Heyva tədricən nigahın simvoluna çevrilir və gəlinə qə-dim adət-ənənələrə görə heyva hədiyyə edilərdi. Amma bəy heyvanı yeməzdi və yalnız qadının nəsil artırma xüsusiyyətlərinə malik olması səbəb göstərilərdi.
Romalılarda heyvanın bir neçə növü məlum idi, həm də Tanrıça Veneraya həsr edilmişdi və məhsuldarlıqla sevginin simvolu hesab edilirdi. Çiçəkləyən heyva ağacı bağçanın bəzəyi sayılırdı.
Heyva qədim yəhudilər arasında erotik bir məna daşıyırdı. Qədim yəhudilərin çadırlarda keçirdiyi Kuş/ Məhsul bayr-mında lulav (xurma budağı), etroq, yəni budda barmağı adlanan, limona bənzər meyvə ilə əvəz olundu: “Sürgün əsnasında baş verən dinin islahatı dövründə yəhudilər orgiastik rituallarla əlaqələrini kəsdilər”.
Çadır bayramı, Ay tanrıçasının şərəfinə keçirilən digər bayramlarla yanaşı, yəhudilər tərəfindən, ehtimal ki, Xanaanlılardan alınmışdır: “Bayram, ilin ilk yeni ayı doğanda, heyva mövsümündə başlayardı”.
Sasani dövrü zamanı perslərdə Yeni il yay fəslində bayram edilirdi. Yeni il süfrəsinə 7 növ ağacın çubuqlarından qoyulardı ki, bu ağacların içərisində biri də heyva çubuğu idi.
Özbəklərdə isə heyva çubuğu yas məqasimində istifadə edilirdi.
Belə ki, dünyasını dəyişmişin şərəfinə çıraq yandırılardı, onun yanına bir piyalə su və heyva ağacı çubuğu qoyulardı. İnanclara görə ölənin ruhu bir kəpənəyə çevrilərək axşamlar gəlib öz evini ziyarət edərdi, həmin heyva çubuğuna qonan ruh xatırlandığını görüncə isə sevinərək, oxunan dualarınmüşayiətilə həmin sudan içib, uçaraq geriyə qayıdardı.
Bu mərasim 40 gün davam edərdi. Hər axşam piyalədəki su axar çaya, arxa atılaraq yenisi götürülərdi .
Heyvanın müalicəvi xüsusiyyətləri.
Anemiya. Heyvanın tərkibində dəmir maddəsi çox olduğuna görə qanazlığının müalicəsində xeyirlidir.
Düz bağırsaq çatları. Heyvanın şirəsi və ya suda qaynadılmış lətli hissəsi yerli şəkildə istifadə zamanı effektivdir.
Uşaqlıq qanaxması. Gündə 3 dəfə xırda doğranmış heyvadan, qurudulmuş meyvələrindən hazırlanmış çay klimakterik qanaxmanı, gur menstruasiyaları nizamlaya bilir.
Atonik qəbizlik. Heyva tumlarının 20%-i selikdən ibarət olduğuna görə qəbizliyi aradan qaldırır.
Bronxit və öskürək. Heyva tumlarından alınmış selik öskürəyə və mədə ağrılarına da müalicəvi təsir göstərir.
Kserostomia (ağız quruluğu sindromu). Bu sindrom zamanı adından məlum olduğu kimi, ağızda həddən çox quruluq olur. Ona görə uzun müddətli söhbətdən əvvəl, qızdırma zamanı ağızda bir –iki ədəd heyva tumu saxlamaq məsləhət-dir. Heyva yeyildikdən sonra onun tumlarını saxlayıb, 40-50 dərəcə istilikdə qurudub müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək olar.
Amma heyva tumlarını əzmək, üyüdüb istifadə etmək olmaz. Çünki tərkibində 0.53% amiqdalin var ki, o da mədədə zəhər hesab edilən sinil turşusuna çevrilir. Heyvadan hazırlanmış dəmləmələri xroniki qəbizlikdə, plevritdə də istifadə etmək olmaz. Bəzi məlumatlara görə hətta heyva qırtlaq və səs tellərinə də mənfi təsir edir.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından