Ya bir yol seç, ya bir yol tap, ya da yoldan çəkil!
Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində anadan olmuşdur. XIII-XIV əsrlərin qovşağında yaşayan Şeyx Səfiəddin Ərdəbilinin dövründən fəaliyyətə başlayan Darül-irşadi bütün Yaxın Şərq aləmində gedən elmi, fəlsəfi görüşlərin ən güclü mərkəzlərindən birinə çevrilmişdir. Qızılbaşlıq adı ilə tanınan Səfəviyyə cərəyanı burada formalaşmış, Şərqin bir -çox ölkələrinə yayılmışdır. Buraya inamla gələn sufilər, müridlər İsmayılın babası, Şeyx Cüneydə, atası Şeyx Heydərə arxa olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymağa yaxından kömək etmişlər. İsmayılın çox gənc yaşlarında döyüşlərə atılması, gələcəkdə qüdrətli bir Azərbaycan dövləti yaratması onun babalarının çox əsrlik mübarizələrinin nəticələri idi.
İsmayıl ana tərəfdən də köklü bir ailəyə məxsus idi. Anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Ağqoyunluların Səfəvilərlə qohumluq əlaqələri yaratmaları bu sülalənin artan nüfuzu ilə bağlı idi. Lakin Ağqoyunluların Səfəvilərlə münasibəti sabit qalmır, Səfəvilərin günü-gündən artan qüdrəti onları qorxuya salırdı. Şeyx Heydər qəddarlıqla öldürülür, arvadı Aləmşah bəyim isə iki öğlu - İbrahim və balaca İsmayılla bərabər İstəxrdəki həbsxanaya salınır. Ağqoyunlu hökmdarı Sultan Yaqubun öldrülməsindən sonra hakimiyyət uğrunda gedən mübarizədə Rüstəm mirzə Səfəvilərdən istifadə etmək məqsədi ilə Şeyx Heydərin övladlarını həbsdən azad edir. Öz səhvlərini sonradan anlayan ağqoyunlular İsmayıl və ailəsini bir daha ələ keçirə bilmirlər. Şah İsmayıl Gilan hakimi Həsən xanın himayəsi altında Lələ Hüseyn bəy tərəfində tərbiyə edilir, bir dövlət xadimi kimiyetişdirilir.
Yeni qurulacaq dövlətin adının Səfəvilər olması İsmayılın ulu babalarından olan, el arasında Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülmüşdür.
1499-cu ildə İsmayıl və onun tərəfdarları hakimiyyəti ələ almağa qərar verirlər. Ağqoyunlular arasında hakimiyyət uğrunda gedən döyüşlər bunun üçün ən yaxşı şərait idi. İsmayıl və onun tərəfdarları bu əlverişli şəraiti dəyərləndirərək 70 nəfərdən ibarət bir dəstə ilə Ərdəbilə döğru hərəkət edirlər. Yolboyu onlara ustaclı, təkəli, varsaq, qacar, zülqədar, əfşar tayfalarından olan çoxlu adam qatılır. Onlar Ərdəbilə daxil olaraq, Şeyx Səfi məqbərəsini ziyarət edir, gələcək planları haqqında söhbətlər aparırlar. Digər ölkə və şəhərlərə dağılmış Səfəviyyə təriqətinin ardıcıllarını baş verəcək hadisələrlə xəbərdar etmək üçün elçilər göndərilir. İsmayılın başçılıq etdiyi əsas dəstə Gəncə, Qarabağ və Göyçə gölü istiqamətində hərəkət edir, Çuxursəddən keçərək Sarıqaya yaylağına gəlib çıxırlar. Qızılbaş dəstələrinin Ərzincana toplanması, İsmayılın tərəfdarlarının onun yanına axışıb gəlməsinə səbəb olur. Bu hadisə bir ilə qədər vaxt alır. Ərzincandakı toplantıdan Şirvan üzərinə yürüş qərarı çıxır.
1500-cü ildə İsmayıl yeddi minlik ordu ilə Şirvanşah Fərrux Yasarın iyirmi min atlı, altı min piyada ordusu ilə Şamaxı yaxınlığında Cabanü düzündə qarşılaşır. Fərrux Yasar məğlub olur və Buğurd qalaçasına qaçmaq istəyir. O, yolda Lələ Hüseyn bəyin yaxın adamları tərəfindən tutulub öldürülür. Daha sonra Şirvanşahların əsirləri tərəfindən həmin adamın Fərrux Yasar olduğu öyrənilir. Bu qələbədən sonra qızılbaş ordusu Bakı üzərinə yeriyir. Şirvanşahların paytaxtı Bakı şəhəri tutulmaqla yanaşı Şirvan xəzinəsi də ələ keçirilir. İsmayıl bundan sonra ordusu ilə Şamaxıya qayıdaraq Buğurd, Gülüstan və Surxab qalalarını ələ keçirməyə hazırlaşır. Gülüstan qalasının mühasirəsi zamanı Ağqoyunlu Əlvənd Mirzənin Culfaya hücum etmə xəbəri İsmayılı sərkərdələri ilə geri qayıtmağa vadar edir. Ağqoyunluların müxtəlif istiqamətlərdə hərəkət edən dəstələri qızılbaşlar tərəfindən məğlub edilir. Əlvənd Mirzə ilə İsmayıl arasında əsas döyüş Naxçıvan yaxınlığındakı Şərur düzündə baş verir. Əlvənd Mirzənin ordusunda Venesiyalıların köməyi ilə top və tüfənglərin olmasına baxmayaraq onlar məğlub olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə canını qurtarıb Ərzincana qaçır. Ağqoyunluların birinci qolunun məğlub olduğu bu şöhrətli qələbədən sonra İsmayıl Təbriz istiqamətində yol alır. O, burada özünü şah elan edirək Səfəvilər dövlətinin əsasını qoyur, adına xütbə oxudur. Bir müddət sonra Şah İsmayıl Səfəvilər dövlətinin sərhədlərini genişləndirir. 1503-cü ildə Mazandaran, 1504-cü ildə Yəzd, Kirman, Fars, Kaşan, 1506-cı ildə Mərəş, Diyarbəkir, 1508-ci ildə Bağdad da daxil olmaqla bütün İraq Səfəvilər xanədanlığına qatılır. Şah İsmayılın ordusu hələ Bağdada daxil olmazdan əvvəl onun adına xütbə oxunur. O, Bağdadda olduğu müddətdə ziyarətgahlara böyük qayğı göstərir, bir çox quldurluqla məşğul olan dəstələri məhv edir.
Bilindiyi kimi, Teymurilər dövründə Azərbaycanın bir çox elm və mədəniyyət xadimləri, sənətkarları Səmərqənd, Herat və Buxara şəhərlərinə sürgün edilmişdi. Səfəvilərin Şeybanilər üzərində qələbəsi onların övladlarının ata-baba yurdlarına qayıtmasına şərait yaratdı.
XVI əsrin birinci rübünün əvvəllərində Mərkəzi Asiyada vəziyyət o qədər də yaxşı deyildi. Sultan Hüseyn Bayqara bir tərəfdən yaxın əyanları tərəfindən qızışdırılan övladları, digər tərəfdən də Şeybani xan tərəfindən sızxışdırılırdı. Bunun üçün o, düşmənlərindən yaxa qurtarmaq üçün Şah İsmayılla elçiləri vasitəsi ilə dostluq əlaqələri yaradırdı. 1505-ci ildə onun qəfil ölümü ilə Şeybani xanın onun varisi üzərində hiylə ilə qələbə qazanması vəziyyəti xeyli dəyişdirdi. Şeybani xan Xorasan və Heratı işğal etdikdən sonra Şah İsmayıla təhqir və hədə-qorxularla dolu qərəzli məktublar göndərir. İki dəfə Şeybani xanın sarayına elçilər göndərərək münasibətləri qaydaya salmağa çalışan Şah İsmayıl bu alicənablığı qorxaqlıq kimi qiymətləndirən xanla dinc yolla əlaqələri qaydaya salmağın mükün olmadığını anlayır. Şah İsmayıl 1510-cu ildə Şeybani xana bir məktub yazıb, Məşhədə ziyarətə gəlməyə hazırlaşdığını bildirir və sürətlə Xorasan istiqamətində irəliləyir. Qızılbaşların bu ani yürüşünün xəbərini alan Şeybani xan Mərv qalasına sığınır. İsmayıl hərbi hiylə işlədərək geri qayıtmaq üçün ordusuna əmr verdiyinə Şeybaniləri inandırır. Qaladan çıxan Şeybani xan qəfil hücum edən qızılbaşlara məğlub olur və öldürülür. Xorasan və Heratdan başlamış Bədəxşan, Kabil və Qəndəhara qədər böyük bir ərazi Səfəvilərin hakimiyyətinə qatılır. Herat Səfəvilərin ikinci mühüm mərkəzinə çevrilir. İsmayılın oğlu Təhmasib Herat mərkəz olmaqla Mərkəzi Asiyaya vali təyin edilir. İsmayıl 1510-cu ilin qışına qədər Heratda qalır.
Səfəvilərin sürətli inkişafı, qısa bir müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsi, qızılbaş idealogiyasının qonşu dövlətlərin, eləcə də osmanlıların idarəsində olan ölkələrin əhalisi arasında geniş yayılması həmin dövlətlərin Səfəvilərə düşmən münasibəti yaratmasına səbəb olur.
Şah İsmayıl hələ Səfəvilərin ilk çağlarından Çaldıran döyüşünün başlanmasına qədər, Osmanlılarla ehtiyatla davranmışdır. Osmanlı sultanı Bəyazidin ilk əvvəl səfəvilərə düşmən münasibət bəsləməsinə baxmayaraq sonralar İsmayılla aralarında xoş münasibətlər yaranmışdır. Bu Osmanlıların 1504-cü ildə Səfəvilər dövlətini tanıması ilə sübut olunur. Bu dövrlərdə Trabzon hakimi olan Yavuz ləqəbli Səlim, Sultan Bəyazidin Şah İsmayılla münasibətinə xor baxırdı. O Türkiyədə gündən-günə güclənən, ətrafına çoxlu tərəfdar toplanan qızılbaşlıq hərəkatına imperiya üçün təhlükəli bir qüvvə kimi baxırdı. Məhz buna görə də o, qəti tədbirlərə əl atmaq fikrində idi.
Sultan Səlim 1512-ci ildə hakimiyyət başına keçən kimi ölkəsini daxilən möhkəmləndirməyə başladı. Yeniçərilərin və bir çox dövlət idarəçilərin etirazlarına baxmayaraq, qızılbaşların siyahısını tutdurub, qırx mindən çoxunu edam etdirib, ibrət almaq üçün bəzi qızılbaşlara qızmar dəmirlə damğa vurdurur. Bundan sonra isə din nümayəndələrini toplatdırıb qızılbaşlar əlehinə fitva verdirir. Bu hazırlıqdan sonra Sultan Səlimin iki yüz minlik odlu silah və ağır səhra topları ilə silahlanmış ordusu Səfəvilər üzərinə yürüşə başlayır.
Maku yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlıq çağında qəfil hücum etmək təklifinə Şah İsmayıl "mən karvan basan quldur deyiləm" cavabı ilə etiraz edir. Nəhayət günün aydınlanan vaxtında iki möhtəşəm türk ordusu qarşılaşır. Döyüş üç gün davam edir. Xüsusi rəşadət göstərən İsmayılın və sərkərdələrinin cəsarətlə vuruşmasına baxmayaraq döyüşdə osmanlılar qalib gəlir. Ağır yaralanan İsmayıl döyüş bölgəsindən uzaqlaşdırılır.
Çaldıran məğlubiyyətinin əsas səbəblərindən biri İsmayılın öz gücünə hədsiz inanması, özünü məğlubedilməz hesab etməsi, ağıllı məsləhətlərə qulaq asmaması və bir sıra taktiki səhvlərə yol verməsi ilə bağlıdır. Digər bir tərəfdən İsmayılın bu döyüşə yaxşı hazırlaşmaması və döyüş gününə qədər osmanlılarla müharibənin olmasına inanmaması onun uduzma səbəblərindən sayılır.
Şah İsmayılın bu ilk məğlubiyyətinin ağır nəticələri tədricən özünü göstərir. Diyarbəkir, daha sonra Ərzincan Osmanlı torpaqlarına qatılır. Çaldıran məğlubiyyəti İsmayılı dərindən sarsır, bundan sonra o, bir daha özünə gələ bilmir. Çünki, bu məğlubiyyət adi bir məğlubiyyət deyildi. Bütün arzularının məhv olması demək idi.
Çaldıran döyüşündən sonra Şah İsmayıl ömrünün sonuna kimi heç bir ciddi hərbi səfər etmir. Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına gəlir. Şəki mahalına gələn Şah İsmayıl Şahdağa ov etmək üçün hazırlaşdığında yerli adamlardan birinin yüksəkliyin onun sağlamlığına zərər gətirəcəyini bildirsə də buna əhəmiyyət vermir. Nəhayət ov zamanı onun səhhətində problemlər yaranır, özünü yaxşı hiss etməyən Şah İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə yola düşürlər. Sərab yaxınlığında halı o qədər pisləşir ki, Manqutayda düşərgə salmalı olurlar. Bütün müdaxilələrə baxmayaraq hökmdarın həyatını xilas etmək mümkün olmur. Görkəmli dövlət xadimi 1524-cü ilin iyun ayının 23-də əbədiyyətə qovuşur. Sərkərdələri onun cəsədini Ərdəbilə gətirərək, babalarının yanında Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Ömrünün 38 yaşında vəfat edən Şah İsmayıl Azərbaycanla bağlı arzularından və istəklərindən ayrılmalı olur. Qısa müddətdə gördüyü işlər onu daim könüllərdə yaşadacaqdır. Şah İsmayılın bu mübarizəsi vahid Azərbaycan dövləti yaratmaq istəyindən irəli gəlirdi. O, Azərbaycan - türk dilini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafında inanılmaz dərəcədə böyük bir işlər görmüşdür.