Babək əl-XürrəmiBabək Xürrəmi -Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana başçılıq etmiş böyük sərkərdədir.
Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində belə yazır: “Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur”. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşağı -Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.
Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına-Bilalabada qayıdır.
Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağırılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüfən Babəkin anasının evində qonaq olurlar. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.
Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm - de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq." Bu hadisə 816-cı ildə baş verdi.
Babək əl-XürrəmiCavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi. Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsini qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Çox keçmir, üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə -Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilir.
Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Nəticədə, xəlifə Məmun ardıcıl məğlubiyyətlərə məruz qalıb və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirib.
Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir. Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.
Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Döyüşün gərgin çağında gizlənən xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.
Babək əl-XürrəmiBir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.
833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür. Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı: "Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."
Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. Xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaçmaqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.
Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sursat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda, onu Azərbaycan hakimi təyin edir.
836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyirdi.
Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti öyrənib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.
Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Afşin Babəkin qaçdığını bilən kimi hər tərəfə xəbər verdi ki, bütün şübhəli adamları tutub saxlasınlar.
Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xəlifənin qızıl möhürü ilə bir məktub gəldi, Mötəsim Babəkə aman bəxş edirdi. Afşin bu əhvalatdan lap çaşıb qaldı. O, Babəkin əsir edilən böyük oğlunu yanına çağırıb dedi: "Mən bunu Əmir əl-Möminindən heç gözləmirdim və Babəkin indiki vəziyyətində aman haqqında ona şəxsən özüm bir şey yazmaq fikrində deyiləm".
Lakin Babəkin oğlu atasına xəlifənin məktubunu aparıb verməkdən imtina etdi. Əsir düşmüş iki xürrəmi göndərildi. Onlar xəlifənin məktubundan əlavə, Babəkin oğlunun məktubunu da apardılar. Bu məktubda o, atasından xahiş edirdi ki, xəlifənin verdiyi amanı qəbul edib həyatını saxlasın. Oğlunun məktubunu oxuyan kimi, Babək bərk qəzəbləndi, qasidlərdən birini öldürdü və xəlifənin məktubunu açmadan ikinci qasidə belə dedi: "Get, o fahişə oğlundan soruş, bunu nə məqsədlə mənə yazmışdır?" Bundan sonra Babək öz oğluna belə cavab yazdı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Lakin indi sənin fahişə ananın əxlaqsızlığı mənə aydın oldu! Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli adam çıxmamışdır və mən deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır".
Belə bir rədd cavabı Afşinin, xoşuna gəldi, çünki, Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarını axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə gizlənirdi. Babəkin iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. Yəqin ki, İbnət əl-Kələndaniyyə Sünik knyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi.
Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər. Yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və Şəkinin hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu, sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən".
Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xələfimiz yoxdur". Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadır. Bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu. Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər. Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi.
Afşin Babəkin və onun qardaşının əsir alındığı barədə Mötəsimə xəbər göndərdi. Xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə İraqa yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim". 837-ci ilin 15 sentyabrında Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci ilin 4 yanvarında Samirəyə gətirildilər. Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samirədə asıldı.