Macarıstanın baş naziri Viktor Orban: o, Avropada öz müttəfiqləri tərəfindən ən çox hücuma məruz qalan lider kimi tanınır; ultra-liberallar onu Avropa dəyərlərinə zərbə vurmaqda ittiham edir, macar xalqı isə 15 ildir öz taleyini məhz bu liderə həvalə edib; təkcə bu amil Orbanın Macarıstan üçün nələr etdiyinə və onun birbaşa şəxsinə diqqət çəkir.
Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən qeyri-rəsmi zirvə toplantısına qatılmaq üçün Budapeştə səfər edən Prezident İlham Əliyev Orbanla görüşdə Macarıstanın Avropada müstəqil siyasət aparan nadir ölkələrdən biri olduğunu dilə gətirdi. Bu, təsadüfi fikir deyil, həqiqətən də Avropa İttifaqının üzvü olan bir ölkənin öz milli maraqlarında prinsipiallığını qoruması və bütün hücumlara rəğmən, geri addım atmaması, həm də bunun fonunda ittifaqın daxilində mövcudluğunu saxlaması beynəlxalq siyasətdə nadir hadisə kimi qiymətləndirilə bilər. Və təbii ki, bu, ölkə liderinin düşünülmüş siyasəti, eləcə də qətiyyətindən qaynaqlanan amildir. Macarıstanın baş naziri Viktor Orban Avropada məhz bu xarakteri-siyasəti ilə seçilən liderdir.
Azərbaycan Prezidenti də Budapeştdə mətbuata bəyanatında bu məqamlara toxundu.
“Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə” – Prezident İlham Əliyev bildirib.
Viktor Orbanın Macarıstanın milli maraqları uğrunda sərgilədiyi qətiyyətli mövqeyi Avropada süngü ilə qarşılanır, xüsusilə ultra-liberal dairələr macar lider haqqında ən sərt qarayaxma ittihamları belə səsləndirirlər. Misal üçün, Orban əvvəldən Rusiya-Ukrayna müharibəsinin başlanmasının yanlış addım olduğunu və bundan Avropanın əziyyət çəkəcəyini dediyi üçün onu “Rusiyapərəst” elan etdilər, lakin müharibənin davam etdiyi 3 il ərzində macar liderin dedikləri tamamilə doğru çıxdı. Orban həm də Avropa İttifaqının yanlış siyasətini açıq tənqid etdiyi üçün sərt təzyiqlərlə üzləşir. Bildirir ki, Avropa Ukrayna müharibəsinin davam etdirilməsində maraqlıdır, halbuki, gec-tez bu məsələ masa ətrafında həll olunacaq və bunun nə qədər gec baş verməsi Aİ-nin bir o qədər zərər görməsi deməkdir. Qərb mediasının bütün “romantik hekayələrinə” rəğmən Ukrayna müharibəsi dalana dirənib və Avropanın həmişə arxasındakı güc kimi gördüyü ABŞ da artıq məsələnin bitməsini tələb edir. Orban sonuna qədər haqlıdır, lakin Avropada müharibənin davam etməsində maraqlı qüvvələr buna görə onu “satqınlıqda” belə ittiham edirlər.
Orbanın süngü ilə qarşılanan bu mövqeyinin səbəblərinə diqqət etdikdə məsələnin məhz Macarıstan xalqının maraqlarının müdafiəsi olduğu aydın görünür. Macarıstan həmişə Avropanın bir çox ölkəsi kimi enerji təhlükəsizliyini Rusiyanın resursları hesabına təmin edib. Bu, Budapeştin təkbaşına etdiyi seçim yox, bütövlükdə Avropanın seçimi olub və bir sıra Qərb ölkəsi Ukraynada müharibə apardığı Rusiya qazının idxalına davam edirdi. Aİ-nin əsas gücü və iqtisadi resursları geniş olan ölkələri müharibənin yaratdığı çətin vəziyyətə dözmək iqtidarında olsa da, Macarıstan kimi ölkələr üçün reallıq fərqlidir. Macarıstan iqtisadiyyatı müharibə dövründə 20 milyard avrodan artıq itki ilə üzləşib, eyni zamanda, ölkədə enerji qiymətləri 4 dəfəyə yaxın yüksəldi. Bu, müharibənin macar xalqının həyatına birbaşa təsirləri deməkdir. Orban məhz bu təsirləri nominallaşdırmaq və enerji böhranını həll etmək üçün Aİ-nin müharibə apardığı Rusiya ilə enerji münasibətlərini saxladı, buna görə Avropada “arzuolunmaz siyasətçi” elan edilsə belə. Ukraynanın tranzitdən imtina etməklə Macarıstan və Rusiyanın enerji münasibətlərinə tətbiq etdiyi məhdudiyyətlər qarşısında da Orban xalqının maraqlarını qorumaq siyasətindən imtina etmədi. Bu dəfə Azərbaycan Macarıstanın enerji böhranından çıxmağına kömək edir.
Prezident İlham Əliyevlə görüşdə bu məqama toxunan Viktor Orban deyib: “Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcək. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcək... Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik”.
Orbanın Macarıstana rəhbərlik etdiyi 15 illik fəaliyyəti macar xalqının maraqları uğrunda Avropa ilə siyasi döyüşdə keçib. 2010-cu ildə yenidən hakimiyyətə gələn (ilk hakimiyyət dövrü 1998-2002-ci illərdə olmuşdu) Orban ilk növbədə Avropa İttifaqı ilə münasibət prinsiplərini yenidən nəzərdən keçirdi, çünki avrostrukturların üzv ölkələrin daxili işlərinə müdaxiləsi bir çox hallarda milli maraqların arxa plana keçməsi ilə nəticələnirdi. Macarıstanın baş naziri ədalətli olmayan bu sistemi qəbul etmirdi.
2014-cü ilin seçkilərində Orban sədri olduğu “FİDES” partiyasının şüarı bütün Avropada müzakirələrə səbəb olmuşdu.
“Brüsselə mesaj: macarlara hörmət edin!” (macar dilində: “Üzenjünk Brüsszelnek, tiszteletet a magyaroknak!”)
Bu şüar Avropada müstəqil siyasətin səsi idi və artıq liberal düşərgədə “arzuolunmaz siyasətçi” kimi qəbul edilən Orbanın hakimiyyətdən getməsi üçün bütün cəhdlərə baxmayaraq, macar xalqı onun maraqları uğrunda mübarizə aparan liderə yenidən etimad göstərdi.
Seçkilərdən sonra – 2014-cü ilin iyul ayında baş nazir Viktor Orban Macarıstanda “qeyri-liberal demokratiya” qurulduğunu elan etdi. Liberal düşərgədə qəzəblə qarşılanan bu gedişin iki əsas hədəfi vardı:
Birincisi, 2008-ci il qlobal maliyyə böhranından ciddi zərər görə Avropanın sərhədlərini aşaraq, doğru iqtisadi siyasət tətbiq edən digər ölkələrin təcrübəsindən yararlanmaq: Orban elan etdi ki, Orban Çin, Hindistan, Rusiya, Türkiyə və Sinqapur kimi Aİ üzvü olmayan ölkələr böhrandan uğurla çıxıb və onlardan öyrənmək lazımdır;
İkincisi, ultra-liberalların “demokratiya” adı altında ailə və dini ənənələri, ümumilikdə xalqların milli maraqlarını hədəfə aldığı sistemə qarşı milli mübarizəni təşkil etmək;
Orban ciddi təzyiqlə üzləşsə də, Macarıstanın maraqları naminə geri çəkilmədi. Və cəmi bir il sonra – 2015-ci ildə yaşanan miqrant böhranı Orbanın Macarıstanın milli təhlükəsizliyinin təmin edilməsini Aİ prinsiplərindən kənar həll etmək istəklərində nə qədər haqlı olduğunu göstərdi. Miqrant axını ilə üzləşən Macarıstan faktiki olaraq, Aİ-dəki müttəfiqləri tərəfindən yalnız buraxıldı. Əksinə, ultra-liberal dairələrin əlində “hücum silahı” kimi istifadə olunan qeyri-hökumət təşkilatları miqrant böhranı ilə əlləşən rəsmi Budapeştin addımlarını tənqid etdilər. Orban geri çəkilmədi və 2015-ci ildən etibarən Corc Sorosun nəzarətində olan QHT-lərin Macarıstandakı fəaliyyətinə qarşı mübarizəyə start verdi. 2018-ci ildə bu təşkilatların fəaliyyətini məhdudlaşdıran “Stop-Soros” qanun layihələri paketini qəbul etdi. Macarıstanın baş naziri bildirirdi ki, “Human Rights Watch”, “Migration Policy Institute”, “Freedom House”, “Open Society Foundations” kimi təşkilatlar qeyri-qanuni mühacirələrin və terrorçuların Avropa ölkələrinə daxil olmasına şərait yaradır.
Sorosa hücum Orbanın Avropanın ultra-liberal qruplarına savaş elan idi və cavabın olacağı gözlənilirdi. 2015-ci ildən sonra Sorosçu qrupları macar lider Viktor Orbanın devrilməsi istiqamətində səylərini gücləndirdi: müxalifətə güclü dəstəklə seçkilərə müdaxilə etməyə çalışır, eyni zamanda, ölkədə iğtişaşların törədilməsi ssenarilərinə cəhdlər edilirdi. Lakin Orban Macarıstan xalqının dəstəyi ilə bu təzyiqlər qarşısında geri çəkilmədi və onun bu gün də ölkənin “sükanı arxasında” olması qalib gəldiyinin göstəricisi hesab oluna bilər.
Viktor Orban Macarıstanın maraqları naminə izlədiyi siyasəti bir neçə punktla qeyd etmək olar.
1. Milli təhlükəsizliyin təmin edilməsi;
Macarıstan NATO üzvü olsa da, kollektiv müdafiə planlarına qoşulmaqla yanaşı, milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində müstəqil addımlar da atır. Macarıstan ordusunun “Zrinyi 2026” proqramı çərçivəsində modernləşdirilməsi bu addımlardan biridir və yeni hərbi akademiyaların açılması, Silahlı Qüvvələrdə canlı qüvvə sayının 70 minə çatdırılması planlaşdırılır. Macarıstan Türkiyə və Albaniya ilə hərbi texnika istehsalı sahəsində fəal əməkdaşlığı da əsas addımlardan biridir.
Macarıstan 2020-ci ildə yeni Milli Təhlükəsizlik Strategiyasını qəbul edib. 2012-ci ildə hazırlanmış 51 bəndlik köhnə strategiya 179 bəndə çatdırılıb və bura qanunsuz miqrant axınından tutmuş pandemiya ilə mübarizəyə qədər geniş hədəflər daxildir. Yeni strategiyanın hədəflərindən biri də QHT-lərin milli təhlükəsizliyə yarada biləcəyi təhdidlərin aradan qaldırılmasıdır. Çünki Qərbdə QHT-lərdən milli hökumətlərə təzyiq vasitəsi kimi istifadə edildiyi və ölkələrin daxili işlərinə məhz onlar üzərindən müdaxilə olunduğu faktdır.
2. İqtisadi inkişaf və rifahın qorunması;
2008-ci il maliyyə böhranı və Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra yaranmış çətinliklərə baxmayaraq, Orban ölkənin iqtisadi inkşifaı və xalqın rifahını saxlamaq istiqamətində addımlar atır. Bura milli valyutanın dəyər itirməsinə qarşı tətbiq olunan strategiyadan tutmuş enerji təhlükəsizliyinin şaxələndirilməsinə qədər mühüm addımlar daxildir. Misal üçün, 2023-cü ildə hökumətin inflyasiyanı birrəqəmli həddə endirmək üçün qəbul etdiyi 20 bəndlik proqram sosial inkişafın və rifahın qorunmasında effektiv addımlardandır.
3. Macar mədəniyyətinin qorunması;
Orbanın liderlik etdiyi hakim komanda Macarıstan mədəniyyətini liberalizm adı altında Avropada həyata keçirilən siyasətin yan təsirlərindən qorumağa, milli ənənələrin davam etdirilməsinə xüsusi diqqət yetirir.
4. Ailə dəyərlərinin qorunması;
Macarıstan ailə dəyərlərinin məhv edildiyi Avropada sonuncu qalalardandır. Orban liberal-sol qrupların LGBT hüquqları adı altında ailə dəyərlərinin məhv edilməsi siyasəti qarşısında qalxan rolunu üzərinə götürüb və ölkədə bu dəyərlərin müdafiəsi ilə bağlı köklü addımlar atılır.
Bunu 2011-ci ildə qəbul edilmiş Macarıstan konstitusiyasının yeni nəşri sübut edir. O, “Allah macarları qorusun” sözləri ilə başlayır (bu ifadə ölkənin dövlət himnində də var). Yeni konstitusiya da ənənəvi ailənin əhəmiyyətini vurğulayır. Macarıstan dövlətinin dini dəyərlərə önəm verməsi də məhz ailə institutunun qorunması siyasəti ilə eynilik təşkil edir. 2011-ci ildə qəbul edilən ölkə konstitusiyası “Allah macarları hifz etsin” sözləri ilə başlayır. Bu ifadə Macarıstanın dövlət himində də yer alır. Yeni konstitusiyada ənənəvi ailənin əhəmiyyəti də vurğulanır.
Viktor Orban ölkəsinin milli maraqları naminə qətiyyətli mövqe sərgiləyən, macar cəmiyyətini dağıdıcı kənar müdaxilələrdən qoruya bilən lider kimi Avropa İttifaqı məkanında müstəqil siyasət yürütmək cəsarətinin nümunəsini yaradıb. Bu, Aİ-nin sərt prinsipləri fonunda Prezident İlham Əliyevin dediyi kimi, əsl qəhrəmanlıqdır.