Dəhşətli epidemiyanı artıq geridə qoymağımıza baxmayaraq, tez-tez eşidirik ki, koronavirusdan sağalan xəstələr əzələ, ayaq, qol, çiyin, ümumiyyətlə bütün bədənin ağrımasından şikayətlənir. Mütəxəssislər bildirir ki, ciddi bir yoluxucu xəstəlik yalnız tənəffüs sisteminə mənfi təsir göstərmir, həm də bütün bədənə təsir göstərir. Xüsusilə xəstəliyin daha ağır gedişində 3-6 ay sonra dayaq-hərəkət toxumalarında ən ciddi təzahürlər görünməyə başlayır. Üstəlik, oynaqlarda, onurğada və ya əzələlərdə problemlərlə bağlı şikayətlər digərləri ilə müqayisədə ən çox rast gəlinənlər sırasındadır. Və bu cür problemlər demək olar ki, hər ikinci sağalmış insanı narahat edir. İnsanın yeriməsi çətinləşir, sadə hərəkətləri yerinə yetirməkdə çətinlik çəkir, yorğunluq hissi keçmir, oynaqlar ağrıyır. Bərpa dövrü bir neçə il çəkir və bəzən tam reabilitasiya, ümumiyyətlə baş vermir.
Bəs bu ağrılar niyə keçmir, xəstəlikdən sonra əzələ-skelet ağrılarını necə aradan qaldırmaq olar?
Publika.az bu barədə ekspertlərin fikirlərini öyrənib.
Əgər 2020-ci ildə, xüsusən də onun başlanğıcında yeni ortaya çıxan xəstəlik haqqında praktiki olaraq heç nə məlum deyildisə, indi həkimlər daha geniş məlumata malikdirlər. Professor Əlizamin Sadıqov Post-COVİD-19 sindromuna aydınlıq gətirib. O, bildirib ki, Post-kəskin COVİD-19 sindromu simptomların 3 həftədən çox, xroniki Post-COVİD-19 sindromu isə xəstəliyin başlanğıcından sonra 12 həftə və daha çox davam etməsidir.
Autoimmun xəstəliklər COVİD-19 infeksiyasından sonra kəskinləşir
“COVİD-19 pandemiyası 3 ildən çox tarixə malikdir. Bununla belə insanlar hələ də simptomların davam etdiyini bildirir. Yəni onu keçirmiş xəstələrdə bu sindromu aylarla və illərlə müşahidə edə bilirik. Bəs bunun səbəbi nədir?
Qeyd etmək istərdim ki, bütün hallarda Post-COVİD-19 sindromu olan pasientlərdə simptomlarla yanaşı laborator, hətta radioloji dəyişikliklər davamlı olaraq qeyd edilir. Ağ ciyərlər və digər orqanlarda, eyni zamanda nevroloji sistemdə baş verən iltihabi fibrotik ve degenerativ dəyişikliklər aylarla, hətta illərlə insanları narahat edir. Konkret olaraq çiyin ağrıları və vertebral ağrılara gəldikdə, onlar bir qayda olaraq vertebral dəyişikliklər və bunun nəticəsində radikulyar irritasiya ilə əlaqəlidir. Adətən öncədən vertebral algiya problemləri olan, lakin o qədər də kəskin olmayan bir vəziyyət COVİD-19 olarkən kəskinləşib və xəstənin daha çox narahat edir. Əzələ-skelet, vertebral ağrıların uzun müddət davam etməsi və onların adi konservativ müalicəyə cavab verməməsi Post-COVID-19 sindromunun əsas meyarlarıdır”.
Həkim qeyd edib ki, post-COVİD-19 dönəmində artrit, artralji, artroz və s. kimi autoimmün xəstəliklər inkişaf edir. Ən çox koviddən əvvəl sümük-oynaq toxumasının və ya əzələlərinin xroniki xəstəlikləri olan insanlar zərər çəkir:
“Problemin digər aktuallığı isə xəstələrdə subklinik və ya gizli gedən autoimmun xəstəliklərin COVİD-19 infeksiyasından sonra kəskin aktivləşməsidir və bu xəstəliklər də əsas algiya sindromuyla özlərini büruzə verir. Yəni çiyin ağrıları da daxil olmaqla bütün əzələ və oynaq sistemlərinin simptomları xroniki iltihab ilə əlaqəli ola bilər”.
Koronavirusla birbaşa bağlı olub-olmamağı daha ətraflı araşdırılacaq
Adil Qeybulla Qubad İbadoğlunun ADR Hərəkatından istefa verdi –
Professor Adil Qeybulla qeyd edib ki, pandemiya və onun vurduğu fəsadlar hələ də davam edir:
“Dünyanın mötəbər müalicə və profilaktika müəssisələri bununla bağlı rəy bildirməyib. Həm də Ümumdünya Səhiyyə Təşkilatının raportu ortada yoxdur. Karantin xeyli yumşalsa da, pandemiya hələ davam edir. Hesab edirəm ki, karantinin tam aradan qalxması yalnız və yalnız Ümumdünya Təşkilatının raportundan sonra mümkündür.
COVİD-19 keçirmiş xəstələrdə long-covid – uzunmüddətli kovid və s. kimi terminlər orataya çıxıb. Bununla bağlı müəyyən araşdırmalar davam edir. COVİD-19-un gedişi, ümumiyyətlə müxtəlif mərhələlərdə ona verilən dəyərlər ola bilər ki, müəyyən dövrdən sonra dəyişsin. Bu araşdırmalar konkret bir nəticəyə gəlməyə imkan verəcək. Digər tərəfdən koronavirus keçirmiş xəstələrdə müxtəlif xəstəliklərin kəskinləşməsi immun sistemində gedən təlatümlərə, onkoloji xəstəliklərin artmasına və autoimmun xəstəliklərin artmasına gətirib çıxarıb. Xeyli xəstəliklər kəskinləşib. Pandemiya öz izini qoyub.
Əgər COVİD-19-da hər hansı bir ağırlaşma olubsa, ağciyərlərdə olan müəyyən iltihabi proseslər və bitişmələr də ağrı verə bilər. Hesab edirəm ki, koronavoirusdan sonra ortaya çıxan əzələ ağrılarının da səbəb və nəticələri, həmçinin koronavirusa birbaşa bağlı olub-olmadığı daha ətraflı araşdırılacaq. Yəqin ki, yaxın illərdə biz bununla bağlı kifayət qədər məlumatlar əldə edəcəyik. Əlbəttə ki, müəyyən ilkin nəticələr var, lakin birmənalı nəticəyə gəlmək üçün hələ tezdir”.
Tibbi ekspert Klimoviç Elina Valerievna qeyd edib ki, əzələ zəifliyi və çox şiddətli yorğunluq COVID-19 keçirmiş insanların ümumi şikayətləridir.
“Xəstəliyin kəskin dövründə ağrının səbəbi, prostaglandinlər də daxil olmaqla, bir çox bioloji aktiv maddələrin sərbəst buraxıldığı bədənin iltihablı reaksiyasıdır. Onlar ağrı reseptorlarının həssaslığını artırır, ağrı isə öz növbəsində iltihabı artırır. İltihabi reaksiya xüsusilə koronavirus infeksiyasının orta və ağır formalarında özünü göstərir”.
Sümük və oynaqlara birbaşa mənfi təsir göstərir
Terapevt Svetlana Kuzminiça da öz növbəsində etiraf edir ki, koronavirus qığırdaq, sümük və oynaqlara birbaşa mənfi təsir göstərir. Ekspert bildirib ki, ÜST-ün statistikasına əsasən koronavirusdan sonra ağrılar ən çox onurğa ilə bağlı olur. İkinci yerdə boyun, baş və ya oynaq ağrıları gəlir, üçüncü yerdə bud oynağı, eləcə də diz ağrıları qərarlaşıb:
“Bu zaman bütün əzələ-skelet sistemi əziyyət çəkir, çünki lazımi qidaları, eləcə də vitaminləri qəbul edə bilmir. Bədənin qüvvələri virusla mübarizəyə yönəlib. Bu, toxumalara da təsirsiz ötüşmür. Virus hər hansı bir canlının orqanizmində öləndə heç bir yerdə həll olunmur və iz qoymadan yoxa çıxmır. Ölü zərərli hüceyrələr toksinlər və ya sadə dillə desək, zəhərlər ifraz edir. Onlar daxil olduqları toxumaları zəhərləyirlər, bununla da daxili iltihabi proseslərə səbəb olurlar. Bütün bədən bu prosesdən təsirlənir, lakin ən çox əziyyət çəkən oynaqlar, əzələlər və ya orqanlardır. Ölü bir virusun yaratdığı toksinlər iltihabı təhrik edir.
Fiziki fəaliyyətin əhəmiyyətli dərəcədə azalması da əzələ və oynaqlarda ağrıların kəskinləşməsinə səbəb olur. Həmçinin xroniki xəstəliklərin kəskinləşməsi öz sözünü dedi. Koronavirus əsasən yetkin əhaliyə, daha çox isə yaşlılara təsir edir. Onların bir çoxunda onsuz da dayaq-hərəkət sistemi ilə bağlı problemlər var. Koronavirus bu problemləri daha da gücləndirir”.
Həkimin sözlərinə görə, ağrılar insanlarda özünü müxtəlif yollarla göstərə bilər. Bəziləri üçün uzun və darıxdırıcı bir ağrıdır.
“Onlar ağır əzab vermir, lakin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir, həmçinin ümumi vəziyyəti və əhval-ruhiyyəni korlayır. İnsanlar qeyd edirlər ki, artıq uzun müddət dayana bilmirlər, çünki kürəkləri və ya ayaqları ağrımağa başlayır. Oturmuş vəziyyətdə olmaq da rahat deyil. Belə problemlər iş qabiliyyətinə və aktiv həyat tərzinə təsir göstərir.
Bəzən ağrı daha aqressiv olur. Onlar açıq bir xarakterə malikdirlər. Bir insan şiddətli əzab çəkir və artıq ağrıdan başqa heç bir şeyə diqqət yetirə bilmir. Unutmayın ki, zədələnmiş oynaqlarda düzgün qan dövranı pozulur. Bu, oksigen çatışmazlığına, başgicəllənməyə, gözlərdə qaralmalara və bəzən huşunu itirməsinə səbəb olur. Belə simptomlar həyatı daha da çətinləşdirir.
Post-kovid oynaq sindromu təkcə fiziki deyil, həm də psixoloji vəziyyətə son dərəcə mənfi təsir göstərir. Ağrı hiss edən insan həyata marağını itirir, apatiyaya və ya depressiyaya düşür. Buna görə ilk narahatedici əlamətləri hiss etdikdən sonra dərhal bir mütəxəssisdən kömək istəmək lazımdır. Ümumi müalicə sxemi yoxdur. Hər bir insan üçün post-kovid artikulyar sindromu müxtəlif yollarla özünü göstərir və reabilitasiya proqramı individual olaraq seçilir. Xəstədə temperaturun kəskin artması müşahidə edilmirsə, ümumiyyətlə bədənin vəziyyəti qənaətbəxşdirsə, ona xüsusi fizioterapiya prosedurları təyin edilə bilər. Məsələn, ultrabənövşəyi kvars cihazları ilə şüalanma. Onlar effektivdir, çünki bütün toxumalarda və daxili orqanlarda qan axınını yaxşılaşdırır, bədənimizin müstəqil müdafiə mexanizmlərini stimullaşdırır və artırır, iltihabi proseslərin aradan qaldırılmasına müsbət təsir edir, bütün metabolik prosesləri əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Ultrabənövşəyi şüalara əlavə olaraq, reabilitasiya proqramlarında maqnitoterapiya cihazları istifadə edilə bilər. Onlar həmçinin əzələlərin və oynaqların ümumi vəziyyətinə faydalı təsir göstərir, iltihabı aradan qaldırır, birləşdirici toxumanın bərpasını və formalaşmasını təşviq edir.
Bunlara əlavə olaraq, reabilitasiya proqramlarında digər müalicə tədbirləri də tez-tez istifadə olunur. Əksər hallarda, xüsusilə oynaqların bərpasına yönəlmiş xüsusi fizioterapiya məşqləri və ya gimnastika mütləq daxil edilir. Xəstə oynaqlarını əvvəlki kimi istismar etmək olmaz. Onlar güclü və mürəkkəb yüklərə məruz qalmadan tədricən, ehtiyatla inkişaf etdirilməlidir.
Xəstəlikdən sonra oynaqların reabilitasiyasına yönəlmiş tədbirlər kompleksi çox müxtəlifdir. Dediyim kimi, ümumi bir sxem yoxdur. Proqramlar hər bir xəstənin xüsusiyyətləri nəzərə alınmaqla seçilir. Onlar müxtəlifdir və müxtəlif fəaliyyətlərdən ibarətdir” , - terapevt yekunda vurğulayıb.
Amerikalı alimlər hansı fikirdədir?
“Skeletal Radiology” jurnalında dərc olunan məqalədə bildirilib ki, Şimal-Qərb Universitetinin alimləri Şimal-Qərb Tibb klinikaları şəbəkəsinin həkimləri ilə birlikdə 2020-ci ilin may və 2020-ci ilin dekabr ayları arasında Çikaqoda Şimal-Qərb Memorial Xəstəxanasına daxil olan xəstələr arasında retrospektiv tədqiqat aparıblar. Müəlliflər bu xəstələri radioloji metodların - CT, MRT, ultrasəs - kombinasiyasından istifadə edərək müayinə aparıblar və aşkar ediblər ki, post-kovid sistemi simptomları çox vaxt bədənin autoimmün reaksiyası ilə əlaqələndirilir.
“Biz başa düşdük ki, koronavirus bədənin özünə hücum edir və bu, uzunmüddətli müalicə tələb edən revmatoloji problemlərə səbəb ola bilər. Əzələ-skelet sistemi xəstəlikləri olan xəstələrin əksəriyyəti COVID-19-dan sağalır, lakin bəziləri üçün simptomlar o qədər şiddətlənir ki, həyat keyfiyyətinə təsir edə bilər”, - Tibb Fakültəsinin dayaq-hərəkət aparatının radiologiyası kafedrasının dosenti Svati Deşmuk bildirib.
Müəlliflərin fikrincə, bu hallarda daha dəqiq diaqnoz üçün müasir rentgen üsullarından istifadə etmək lazımdır.
“Rentgen bizə qrip kimi sadə bədən ağrıları ilə COVID-19-un yaratdığı əzələ və oynaq ağrılarını ayırd etməyə imkan verir. Bəzi hallarda, radioloqlar hətta dayaq-hərəkət sisteminin görüntüləri əsasında koronavirusa yoluxduğundan şübhələnməyən xəstələrə diaqnoz qoya bilirlər”, - Deşmuk qeyd edib.
Müəlliflər qeyd ediblər ki, radioloji üsullar müxtəlif formasiyaları görməyə imkan verir: toxumalarda ödem və iltihablı dəyişikliklər - maye və şişlərin olması; hematomlar - qan yığılması; qanqrenanın başlanğıcını göstərən ölü toxuma.
“Bəzi xəstələrdə sinirlər zədələnir, digərlərində isə qan dövranının pozulması və laxtalanma qeydə alınır. Virusun birbaşa nəyə səbəb olduğunu və reaksiyanın nə ilə əlaqəli olduğunu fərqləndirmək vacibdir. Düzgün müalicə üçün həkim nə baş verdiyini bilməlidir. Məsələn, COVID-19-a yoluxduqdan sonra xəstədə davamlı çiyin ağrısı yaranarsa, müalicə edən həkim xəstəni MRT və ya ultrasəs müayinəsinə göndərə bilər, radioloq isə koronavirus infeksiyasının bəzən iltihablı artritə səbəb olduğunu bilərək, əlavə müayinə üçün xəstəni revmatoloqa yönləndirəcək”.