Yoluxucu xəstəliklər üzrə mütəxəssis Vladimir Neronov peyvənddən imtinanın ciddi sağlamlıq riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, bu məsələ artıq nəzəri deyil və peyvəndləmə səviyyəsinin azalması epidemioloji vəziyyətə birbaşa təsir göstərir.
E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, peyvəndləmə əhatəsi müəyyən həddən aşağı düşdükdə (təxminən 80–95%), yoluxucu xəstəliklərin yayılma zənciri yenidən aktivləşir. Bu isə əvvəllər nəzarət altına alınmış xəstəliklərin geri qayıtmasına səbəb ola bilər.
Vladimir Neronov vurğulayır ki, peyvənddən imtina yalnız fərdi deyil, həm də ictimai risk yaradır. Xüsusilə immun sistemi zəif olan, kimyaterapiya və ya transplantasiya keçirmiş şəxslər peyvənd oluna bilmədiyi üçün onların qorunması cəmiyyətin ümumi immun səviyyəsindən asılıdır.
Həkim bildirir ki, müasir peyvəndlər üçün ciddi əks göstərişlər çox azdır və əksər hallarda bu məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Məsələn, yüksək hərarət və ya xroniki xəstəliklərin kəskinləşməsi zamanı peyvənd təxirə salına bilər.
Mütəxəssis həmçinin əlavə edir ki, peyvəndlər vaxtında olunmayıbsa, sonradan da xüsusi cədvəl üzrə təhlükəsiz şəkildə aparıla bilər. Lazım gəldikdə, immun vəziyyət laborator analizlərlə də yoxlanıla bilər.