Pakistan İrana xəbərdarlıq göndərərək, Yəməndəki Husi üsyançılarının Səudiyyə Ərəbistanına intensiv hücumlarından sonra onları ram etməyi tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə Ərəbistanı, Pakistan və İran rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, bu, münaqişənin daha da gərginləşməsinin və tammiqyaslı regional böhrana çevrilməsinin qarşısını almaq üçün əlaqələndirilmiş diplomatik cəhddir.
Çərşənbə axşamı, 8 sentyabrda husilər Hamis Muşaytdakı hava bazasına, eləcə də qonşu şəhərlərdəki neft infrastrukturuna zərbələr endiriblər. Hücum nəticəsində 73 nəfər yaralanıb.
Buna cavab olaraq Səudiyyə Ərəbistanının hava qüvvələri Yəməndəki yaraqlıların mövqelərinə hücum edib. Husilərin hərbi sözçüsü Yəhya Sari bildirib ki, krallığın hava qüvvələri 12 saat ərzində Yəmənin müxtəlif əyalətlərində 54 hava hücumu həyata keçirib və əlavə edib ki, onlar "cəzasız və ya cavabsız qalmayacaqlar".
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında mövcud müdafiə müqaviləsi nəzərə alındıqda, İslamabadın xəbərdarlığı əhəmiyyətli dərəcədə vacib amil kəsb edir. Pakistanın müdafiə naziri Havaca Asif vurğulayıb ki, hərbi əməliyyatların Səudiyyə Ərəbistanı ərazisinə keçirilməsi kollektiv müdafiə mexanizmini işə sala bilər. Eyni zamanda, İslamabaddakı rəsmilər vurğulayırlar ki, onların iştirakı krallığın sərhədlərini qorumaqla məhdudlaşacaq.
Asif Pakistan televiziyasında bildirib ki, "Bir ölkəyə qarşı təcavüz hər üç dövlətə qarşı təcavüz hesab olunacaq. Burada heç bir qeyri-müəyyənlik və ya şübhə yoxdur... Səbəbsiz təcavüz və ya hücumların... Səudiyyə Ərəbistanı ərazisinə ötürülməsi bu razılaşmanı mütləq aktivləşdirəcək".
Regional diplomat qeyd edib ki, İslamabad diplomatik həll yolu axtarır və Səudiyyə Ərəbistanı Pakistandan birbaşa hərbi müdaxilə tələb etməzdən əvvəl İranı öz əlaltıları olan husilərə təsir göstərməyə məcbur edir.
İranın yüksək vəzifəli rəsmisi xəbərdarlığın alındığını etiraf etsə də, Tehranın "Husilərə nəzarət etmədiyini" iddia edib.
Lakin iki İran mənbəyi qeyd edib ki, ötən həftə Tehran husilərə Səudiyyə Ərəbistanına zərbə endirməyi tapşırıb. Onlar bildiriblər ki, Tehran əlavə maliyyələşdirmə və silah vəd edib və İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə komandiri hücumları əlaqələndirmək üçün Yəmənə gedib.
Səudiyyə Ərəbistanı rəsmiləri artıq Ər-Riyadda Pakistan və Türkiyə hərbi liderləri ilə birgə əməliyyatlar hazırlamaq üçün görüşüblər. Tərəflər silahlı qüvvələrinin Yəmən ərazisinə girməyəcəyi və hər hansı cavab zərbəsinin yalnız Səudiyyə Ərəbistanı ərazisindən həyata keçiriləcəyi barədə razılığa gəliblər.
Pakistanlı mənbələrdən biri cavab zərbələrində iştirakla bağlı yekun qərarın hələ verilmədiyini bildirib. Lazım gələrsə, Pakistan Səudiyyə Ərəbistanının sərhədləri daxilində quru, hava və ya texniki dəstək verə bilər, lakin xarici ərazilərdə döyüş əməliyyatları aparmayacaq.