Globalinfo.az ehtiyatda olan polkovnik və strategiya və təhlükəsizlik üzrə türkiyəli ekspert İbrahim Keleşlə müsahibəni təqdim edir:
– İstanbulda İŞİD-lə əlaqəli olduğu və Türkiyədə terror planlaşdırdığı güman edilən şəxs zərərsizləşdirib. Digər əməliyyat nəticəsində FETÖ-yə maliyyə dəstəyi verən 10 şübhəli saxlanılıb. Türkiyəyə qarşı bu fəaliyyətlərin arxasında hansı qüvvələr dayanır və məqsəd nədir?
– Bu suala cavab verərkən Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçillin Türkiyə ilə bağlı bir sitatını xatırlatmaq istərdim: “Türkiyə fidan kimidir. Quruyanda sulanmalı, uzananda isə budanmalıdır”. Xüsusilə, Birinci Dünya müharibəsindən sonra bölgənin yenidən formalaşması, yeni dövlətlərin yaradılması və Osmanlı İmperiyasından sonra Türkiyənin qurulması məhz bu açıqlamadan sonra baş verdi. Türkiyə nə zaman öz ayaqları üzərində dayanmağa çalışsa, buna səy göstərsə, mütləq başımıza pis bir şey gəlib. İkinci Dünya müharibəsinə qədər dünyaya hakim olan Britaniyanın yerini sonradan Amerika tutdu, lakin Britaniya siyasəti dəyişməz olaraq davam etdi. Türkiyədə 1960-cı ildə başlayan və 15 iyul 2016-cı ilə qədər davam edən çevriliş prosesləri də bu müddəaya əsaslanır.
Əlbəttə ki, daxildə çevrilişlər həyata keçirənlər olduğu kimi, terror təşkilatları da Türkiyənin inkişafına mane olmaq üçün istifadə edilən vasitələrdir. 1975-ci ildən 1982-ci ilə qədər Ermənistanın ASALA terror təşkilatı onlarla diplomatımızı şəhid etdi. Həmin terror təşkilatı öz mövcudluğunu dayandırdığı il bu dəfə PKK terror təşkilatı başımıza bəla oldu. Biz təxminən 40-45 il ona qarşı mübarizə apardıq. Bu terror təşkilatı üzündən təəssüf ki, Türkiyənin inkişafı üçün istifadə etməli olduğumuz maliyyə resurslarını terrorizmə xərcləmək məcburiyyətində qaldıq.
Əlbəttə ki, burada yalnız PKK deyildi. Ondan əlavə, ifrat solçu təşkilatlar və İraqın işğalından sonra ortaya çıxan, Prezident Trampın ABŞ tərəfindən yaradıldığını bildirdiyi İŞİD terror təşkilatı da Türkiyəyə özünün fəaliyyət sahəsi kimi baxırdı. Dindar xalqımızın hisslərini istismar edən və onlardan sui-istifadə edən terror təşkilatını unutmamalıyıq.
Adları nə olursa olsun, bu terror təşkilatları təkbaşına Türkiyə Respublikasının mövcudluğunu təhdid edə bilməz. Bir terror təşkilatının bölgəmizdə illərlə mövcud ola bilməsi yalnız kənar qüvvələrin dəstəyi ilə mümkündür. PKK-nın illərdir digər dövlətlər tərəfindən istifadə olunduğunu və son illərdə, xüsusən də Suriyada onun silahını yerə qoymasına ən çox qarşı çıxan ölkənin İsrail olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu terror təşkilatlarının məqsədi əsasən Böyük Britaniya Baş naziri Çörçillin əvvəldə qeyd etdiyim sözlərini həyata keçirməkdir.
FETÖ-yə qarşı mübarizəmiz 10 ildən çoxdur davam etsə də, yalanı özünə şüar edən bu terror təşkilatına qarşı mübarizə aparmaq asan olmayıb. Dövlətimiz qarşısına qəti şəkildə bu vəzifəni qoyub və FETÖ terror təşkilatını tamamilə məhv etmək üçün bütün qurumları ilə mübarizəsini davam etdirir. Bu, tam məhv edilməsi bir az vaxt aparacaq məkrli bir təşkilatdır.
Bu terror təşkilatlarının tamamilə aradan qaldırılması, onların istifadə müddətinin bitməsindən asılıdır. Əgər İŞİD və FETÖ kimi terror təşkilatları hələ də müəyyən şeylər etmək gücünə malik olduqlarını hiss edirlərsə, bu o deməkdir ki, onların “faydalılığı” hələ bitməyib. Lakin bölgəmizdə baş verən hadisələr də göstərir ki, bu terror təşkilatlarının mövcudluğu artıq onları dəstəkləyən ölkələrə də bir fayda verməyəcək.
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey adalarında hərbi fəaliyyətlərini artırmasına münasibət bildirərkən deyib ki, Ankara yaxşı qonşuluq münasibətlərinin tərəfdarıdır, lakin beynəlxalq müqavilələrin pozulmasına göz yummayacaq.Türkiyə dövlət başçısının bu açıqlamasını necə şərh edərdiniz?
– Prezidentimizin istifadə etdiyi bu cümləni izah etmək üçün tarixə nəzər salmaq lazımdır. Bildiyiniz kimi, Birinci Dünya müharibəsindən sonra Yunanıstan Kiçik Asiya adlandırdıqları Anadolunu ələ keçirmək üçün İzmirdən Türkiyə ərazisinə daxil oldu. Və onlar Ankara yaxınlığındakı Polatlıya qədər gəldilər. Yunanıstanın bunu təkbaşına etmək imkanı yox idi, lakin onları ingilislər dəstəkləyirdi. Və ingilislərin verdiyi dəstəklə Yunanıstan Türkiyənin dərinliklərinə doğru irəlilədi. Lakin Birinci Dünya müharibəsindən məğlub çıxan Türkiyə yenidən vətənin müdafiəsinə qalxdı. Bu milli mübarizədə yunanlar bir çox cəbhədə məğlub oldular. Nəhayət, 9 sentyabrda İzmirdən dənizə qovuldular və Türkiyəni tərk etdilər. Bu məğlubiyyət Yunanıstan üçün böyük bir itki idi. Onlar bunu əsrin kiçik fəlakəti kimi təsvir edirlər. Yunanıstan Türkiyə Respublikası ilə nə zaman qarşı-qarşıya gəlibsə məğlub olub. Demək ki, tarixlərini yaxşı bilmirlər...
– Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bir müddət əvvəl Afinada Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) rəhbəri Themistoklis Demiris ilə görüşüb. Bildirilib ki, tərəflər ikitərəfli münasibətlər, regional proseslər, NATO təhlükəsizliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, ABŞ–İran münaqişəsi, Suriya, Liviya və Fələstin məsələləri müzakirə ediblər. Bu görüşün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdim.
– Bildiyiniz kimi, Yunanıstan İsrailin, Kipr Yunan administrasiyasının dəstəyilə və Hindistanla sıx əlaqələr quraraq bölgədə bir ittifaq yaratmağa çalışır. Xüsusilə, Lozanna müqaviləsində açıq şəkildə göstərilməsinə baxmayaraq, silahsızlaşdırılmalı olan adaları silahlandırmaları, orada hava hücumundan müdafiə sistemləri və digər raketlər, eləcə də qoşun yerləşdirmələri Lozanna müqaviləsinə ziddir. Yunanıstanın bu adalara doğru genişlənməsi təkbaşına edə biləcəyi bir şey deyil. Şərqi Aralıq dənizi və Egey dənizindəki mübarizəni nəzərə alsaq, Yunanıstan hazırda İsrailin dəstəyilə belə bir macəraya atılmaq niyyətindədir.
Lakin həqiqət budur ki, Yunanıstan Kipr Sülh Əməliyyatı ilə bağlı tarixi bir faktı unudub. Onlar hesab edirlər ki, Türkiyə ilə Yunanıstan toqquşsa, İsrail onların köməyinə gələcək. 1974-cü ildə ordumuz Kipr yunanlarının terrorçu fəaliyyətlərinə son qoymaq üçün əməliyyat başlatdıqda, Yunanıstan təxminən 1300 mil məsafədən müdaxilə etməyə çalışdı. Lakin Egey dənizinin cənubunda Yunanıstanın bütün hava və dəniz fəaliyyətləridayandırıldı. Çünki bu bölgə bizim nəzarətimizdədir. Yunanıstanın adadakı Kipr yunanlarına dəstəyi tamamilə kəsildi.
Yunanıstan bu tarixi faktı çox tez unudub. Əgər bir gün İsrailin təşviqi ilə Türkiyəyə qarşı düşmənçilik fəaliyyəti başlasa, İsrailin hazırkı mövqeyindən Yunanıstanı dəstəkləməsi mümkün deyil. Şərqi Aralıq dənizində bir dənə də olsun İsrail qırıcı təyyarəsi uça bilməz.
Yunanıstan Türkiyə ilə ədavət aparmaq yerinə, mehriban qonşuluq münasibətləri çərçivəsində əməkdaşlıq etməlidir. Egey dənizinin neft və təbii qaz ehtiyatları iki ölkə tərəfindən çıxarılmalı və bu sərvətlər bölüşdürülməlidir. Lakin, təəssüf ki, Yunanıstanı idarə edənlər bu reallığı anlaya bilmirlər.
Amerikanın hazırda düşdüyü vəziyyət tam olaraq belədir. İsrailin təşviqi və yalan məlumatlarla İrana hücum edən Amerika indi bataqlıqda ilişib qalıb. Eyni şey sabah Yunanıstanın da başına gələcək. Yunanıstan xalqı və onların liderləri bu suala cavab verməlidirlər: Əgər sabah Türkiyə ilə Yunanıstan arasında toqquşma yaşansa, İsrail sizə kömək edəcəkmi? Biz bu sualın cavabını bilirik, ümid edirəm ki, onlar da bunu öyrənəcək.