İspaniya hökuməti cümə axşamı günü yüzlərlə miqrantın sərhədi qanunsuz keçməsinə görə təhlükəsizliyi artırmaq üçün Şimali Afrikadakı Seuta anklavına ordu bölmələri yerləşdirəcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
30 iyul axşamı İspaniya Daxili İşlər Nazirliyi Silahlı Qüvvələrin 60 üzvünün, eləcə də Mülki Qvardiyanın əlavə 30 zabitinin Seutaya göndəriləcəyini açıqlayıb.
Nazirlik bildirib ki, "Silahlı Qüvvələr Mülki Qvardiyaya səlahiyyətlərinin həyata keçirilməsində və Seuta şəhərində təhlükəsizliyin təmin edilməsi üçün zəruri ola biləcək digər tədbirlərdə dəstək verəcək".
Daha əvvəl Seuta Regional Prezidenti Xuan Xesus Vivas Madridi milli fövqəladə vəziyyət elan etməyə və muxtar şəhərdəki vəziyyəti nəzarətə götürməyə çağırmış, yerli hakimiyyət orqanlarının miqrantların nəzarətsiz gəlməsindən narahat olduğunu bildirmişdi.
İspaniya Daxili İşlər Nazirliyi əvvəlcə fövqəladə vəziyyət elan etməkdən imtina etmiş və mülki müdafiə qaydalarının miqrasiya axınlarını risk kimi təsnif etmədiyini bildirmişdi. Daha sonra Nazirlik asayişi bərpa etmək və təhlükəsizliyi artırmaq üçün qoşunların yerləşdirildiyini elan etdi.
Son bir həftə ərzində Mərakeşdən dənizi keçərək Seutaya 1500 miqrant daxil olub.