Mərhum senator Lindsi Qrehemin dəstəklədiyi yeni qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiyanın enerji daşıyıcılarının ən böyük idxalçılarına qarşı rüsumlar tətbiq etmək üçün yeni səlahiyyətlər verəcək. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Nəşrin məlumatına görə, bu qanun layihəsi Rusiyanın Ukraynaya qarşı işğalına görə Moskvanı cəzalandırmaq məqsədi daşıyır: “Bu həftə Konqresə təqdim ediləcəyi gözlənilən qanun layihəsi Rusiya nefti və qazının beş ən böyük alıcısını hədəf alacaq. Bu siyahıda ilk yerlərdə Çin və Hindistan qərarlaşır”. Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, qanun layihəsinə əsasən Donald Tramp Rusiyanın enerji daşıyıcılarının satışına kömək edən ayrı-ayrı ölkələrə və şəxslərə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq edə biləcək. Bu rüsumların tətbiqi barədə qərarı yalnız ABŞ prezidenti verəcək. Analitiklərin fikrincə, qanun layihəsi qəbul edilərək qüvvəyə minərsə, bu, Konqresin gömrük rüsumlarından açıq şəkildə geosiyasi təzyiq vasitəsi kimi istifadəyə ilk dəfə rəsmi icazə verməsi olacaq.