Görünən odur ki, İranın əlində olan güclü vasitələrdən biri Hörmüzlə bağlıdır. ABŞ çalışır ki, bunu neytrallaşdırsın və İranın bu boğaz üzərindən formalaşdırdığı təsir imkanlarını zəiflətsin. Bu isə faktiki olaraq danışıqlar prosesinin bir elementi kimi də qiymətləndirilə bilər. Çünki müharibə günlərində birbaşa danışıqlar baş verməyib, tərəflərin mövqeləri vasitəçilər üzərindən ötürülüb. İndi isə artıq tərəflər bir-birinin güclü kartlarını müəyyən edib və ABŞ həmin imkanları zəiflətməyə çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov ABŞ-ın Hörmüz boğazı ilə bağlı addımlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, atəşkəs yalnız danışıqların aparılması üçün şərait yaratmaq məqsədi daşıyıb və tərəflər bu müddətdə mövqelərini dəqiqləşdiriblər:
“Hazırkı mərhələdə ABŞ-ın addımları daha çox İranın strateji üstünlüklərini zəiflətməyə yönəlib və bu proses danışıqların tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bütün bunlara baxmayaraq, atılan addımlar regionda növbəti eskalasiyaya səbəb ola bilər”.
Qeyd edək ki, ABŞ tərəfi yaxın saatlarda Hörmüz boğazı və İran limanlarına qarşı blokada tətbiq etməyə hazırlaşdığını açıqlayıb.