ABŞ konqresmeni, Respublikaçılar Partiyasından olan Karlos Ximenez diqqət çəkən çağırış edib.
Publika.az xəbər verir ki, o, özünün "X" sosial şəbəkə hesabında paylaşım edərək Kuba ilə bağlı turistlərə xəbərdarlıq edib. Ximenez yazıb ki, hazırda Kubada olan turistlərə ada ölkəsini tərk etmək tövsiyə olunur.
Konqresmenin çağırışında deyilir: "Nə qədər ki, çox gec deyil, adadakı bütün turistlər buradan getməlidirlər!".
Xatırladaq ki, yanvarın 29-da ABŞ prezidenti Donald Tramp Kubadan gələn milli təhlükəsizliyə təhdidlər səbəbindən ABŞ-da fövqəladə vəziyyət elan etmişdi. Onun sözlərinə görə, Kuba hökumətinin siyasəti və hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini birbaşa təhdid yaradır. Tramp əlavə edib ki, fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün tarif sisteminin yaradılmasını elan edib. Bununla bağlı bəyanat Ağ Evin saytında dərc edilib.
Venesuelada baş verənlərdən sonra diqqət gündəmi Kubaya yönəlib. Bəziləri ABŞ Prezidenti Donald Trampın növbəti hədəfinin Kuba olacağını gözləyir. Yayılan xəbərlərə görə, Vaşinqton 2026-cı ilin sonuna qədər Kuba hökumətini dəyişməyi prioritet kimi nəzərdən keçirir.