Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya Avropa İttifaqına (Aİ) daxil olmağa kömək edəcəyini vəd edib.
Publika.az xəbər verir ki, o, Belqradda Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra belə bir bəyanatla çıxış edib.
Vuçiç vurğulayıb ki, Belqrad Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bütün klasterlərini nəinki mümkün qədər tez açmasını, həm də onları mümkün qədər tez bağlamasını istəyir.
"Bizim bununla bağlı heç bir problemimiz olmayıb və bundan sonra da olmayacaq. Əksinə, Ukraynaya Avropa yolunda kömək etmək üçün əlimizdən gələni edəcəyik", – deyə Vuçiç sözlərini yekunlaşdırıb.
Vuçiç ilə Zelenskinin görüşü avqustun 8-də baş tutub. İki ölkənin liderləri təkbətək danışıqlar aparıblar, bundan sonra nümayəndə heyətlərinin görüşü keçirilib.
Vuçiç qeyd edib ki, onlar hərbi əməkdaşlıq məsələsini müzakirə etməyiblər, lakin bu, Ukraynadakı münaqişə başa çatdıqdan sonra müzakirə mövzusu ola bilər.