İsrailin keçmiş Baş naziri Naftali Bennett Baş nazir Benyamin Netanyahunun artıq ölkəni idarə etmək qabiliyyətini itirdiyini bildirib.
Publika.az xəbər verir ki, Bennett amerikalı aparıcı və bloqçu Mario Navfala müsahibəsində Netanyahunun ifrat sağçı nazirlər İtamar Ben-Qvir, Bezalel Smotriç və ultra-pravoslav partiyaların təzyiqi altında qaldığını iddia edib.
Onun sözlərinə görə, baş nazir hakimiyyətdə qalmaq üçün koalisiya tərəfdaşlarından asılı olduğundan onlara qarşı çıxmağa gücü çatmır.
Bennett bildirib ki, hazırkı hökumət radikal qüvvələrin təsiri altındadır və o, Ben-Qvir kimi siyasətçiləri öz kabinetinə daxil etməzdi.
Keçmiş baş nazir İsrailin beynəlxalq nüfuzunun zəifləməsinə görə də hökumətin siyasətini tənqid edib. O vurğulayıb ki, ölkənin əsas problemi artıq təkcə xarici təhlükələr deyil, daxildə ifratçı qüvvələrin təsiri altına düşmüş idarəçilikdir.
Bennett həmçinin Qəzza, Livan və İran istiqamətində uzunmüddətli hərbi əməliyyatların İsrailə ciddi iqtisadi və hərbi yük yaratdığını deyib. O, son olaraq, ölkənin region dövlətləri ilə münasibətləri bərpa edə biləcək və müharibələri sona çatdırmağı bacaran yeni hökumətə ehtiyac duyduğunu qeyd edib.