Malidəki Azavadın Azadlığı Cəbhəsi silahlı qruplaşması gərgin döyüşlərdən sonra Kidal şəhərinə nəzarəti ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, silahlılar Qao regionunda da bir neçə mövqeyi ələ keçirib.
“Bu səhər Kidalda döyüşlər yenidən başladı. Düşərgəyə sığınan sonuncu rus əsgərlərini buradan qovacağıq”, - döyüşçülərdən biri agentliyə açıqlamasında deyib.
Rusiya Teleqram kanalları isə yazır ki, Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusunun döyüşçüləri yaraqlılar tərəfindən ələ keçirilən Kidaldan maneəsiz çıxmaq üçün üsyançılarla danışıqlar aparmaq məcburiyyətində qalıblar.
Mali silahlı qüvvələrinin şəhərdəki qarnizonu da silahlılara təslim olub.
Qeyd edək ki, Malinin şimalında döyüşlər zamanı Rusiya hərbi helikopteri üsyançı qüvvələr tərəfindən vurulmuşdu.