Xəbərlər



Putinin dəstəyi ÖZÜNÜ GÖSTƏRDİ: Yaxın zamanda ORDULAR DANIŞACAQ
Putinin dəstəyi ÖZÜNÜ GÖSTƏRDİ: Yaxın zamanda ORDULAR DANIŞACAQ


Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da Rusiyaya səfərdən imtina etməklə üzünü Avropaya çevirməsi, təbii ki, Kremlə qarşı atılan addım idi. Dekabrın 15-də Brüssülə səfər etməyə razı olan Paşinyan, 2 gün əvvəl Soçidə görüşdə iştirakına dair razılıq verdi. Paşinyan Soçidə keçiriləcək görüşdə məruz qalacağı təzyiqlərdən özünü sığortalamaq üçün Ermənistan ərazisində açılmalı olan nəqliyyat dəhlizlərinin əleyhinə bəyanatlar səsləndirir. N.Paşinyan 9 noyabrda Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı olmadığını, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurduğunu, Azərbaycanın dəhlizlə bağlı Ermənistana qarşı ərazi iddiaları irəli sürdüyünü, Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütdüyünü və Ermənistan ərazisində olan Azərbaycan anklavları barəsində danışmağın əssasız olduğunu bildirib.
Dəyişkən əhval ruhiyyəsi ilə daim fərqlənən N.Paşinyan öz fikrini üçtərəfli bəyanatda dəhliz ifadəsinin olmaması ilə əsalandırır. Əslində üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Amma həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alır. Bənddə yazılıb: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Bu isə Ermənistanın nəzarət-buraxılış məntəqəsi olmadan Azərbaycanın cənub rayonları ilə Naxçıvan arasında maneəsiz hərəkətini nəzərdə tutur.
N.Paşinyan dəhliz ifadəsinin Laçın dəhlizinə münasibətdə işlədilməsini iddia etməsi isə manipulyasiyadır. Paşinyan ya həqiqətən birgə Bəyanatı oxumaqda çətinlik çəkir, ya da bilərəkdən faktları saxtalaşdırır. Laçın korridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən əgər Ermənistan Azərbaycana məxsus Laçın dəhlizindən istifadə edirsə bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaqdır.
Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngilan dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi mövcuddur və onlar açıqdır.
Görünür Ermənistan nə Vətən Müharibəsi, nə sərhəd, nə də dəhliz və nəzarət buraxılış məntəqələri mövzusunda aldığı dərslərdən düzgün nəticə çıxarmaylb. Bu dərslərdən bəziləri hələ çox erkən mərhələdədir. Məsələn Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində – Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu isə istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.
N.Paşinyan iddia edir ki, 9 noyabrda Rusiya Prezidenti V.Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı o deyildir. Rusiya mənbələri isə təsdiq edirlər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Diplomatik mənbələr də təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina etmişdir. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşünün yekun bəyanatı da hazırlanırdı. Paşinyan Ermənistanın xilaskarı olan Rusiyaya bu addımı ilə hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etdi və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu. Digər tərəfdən bəlkə Paşinyanı başa düşmək olardı. 9-10 noyabr 2020-ci ildə o, kapitulyasiya aktını imzalamışdı. Yəqin növbəti dəfə Paşinyan eyni tarixdə sənəd imazalamamaq üçün Rusiyaya getməkdən imtina etdi.
Paşinyan qeyd edir ki, Zəngəzur korridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Coğrafiya və tarixin günahkarı Azərbaycan deyildir. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixini də öz yalanları üzərindən öyrənməyə çalışır. Azərbaycan coğrafi/tarixi adları öz adları ilə çağırır. Məsələn dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi/coğrafi adlar mövcuddur. Heç kim onların mövcudluğunu şübhə altına qoymur. Əgər bu ərazinin adı Zəngəzurdusa, biz niyə onu başqa adla adlandırmalıyıq?
N.Paşinyan Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edir. O zaman sual yaranır: 30 il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də Artsax adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir. Darmadağın olan Ermənistan ordusuna arxalanaraq belə bəyanatların səsləndirilməsi, Paşinyan hakimiyyəti üçün ağır nəticələrə səbəb ola bilər.
Paşinyan Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin ODKB-dən (KTMT) çıxmaq niyyətində olmadığı deyir. 16 noyabr təxribatını törədən zaman Ermənistanın rəsmiləri NATO, Avropa İttifaqı və digər qurumlara müraciət edərək məgər Rusiya və ODKB-ni təhqir etmədilər? Paşinyan hətta Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etməsi faktdır. Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsini isə yəqin ki, Moskvada yaxşı başa düşürlər.
Paşinyan xəritələrin çox olduğunu özü etiraf edir və hətta onları şəkilli kağız adlandırır. O, Azərbaycanın mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan Silahlı Qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisidir. Əgər Paşinyan buna şübhə ilə yanaşırsa, bu onun öz işidir.
Paşinyan eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunur (Qazax istiqaməti) və onlar barəsində danışmağın əssasız olduğunu deyir. Anklavlara gəldikdə dərhal Paşinyanda onların hüquqi əsaslandırılması barədə suallar yaranır. Əgər elədirsə, onda Azərbaycanda tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib. Paşinyan nədənsə bu faktları hələlik görməzdən gəlir. Bu isə uzun müddət davam edə bilməz. Azərbaycanın səbr kasasını daşırmağa cəhd edənlər, yaxın tarixə bir daha nəzər salmalıdır. Nə qədər ki, siyasətçilər və diplomatlar danışır, Əsgər gözləyir. Birincilər dayananda isə Əsgər “danışmağa” başlayacaq. Təcrübə göstərir ki, Azərbaycan Əsgərini dayandırmaq Paşinyanın üz tutduğu qurum və ölkələrin imkanları xaricindədir. Paşinyan imzaladığı birgə Bəyanatın şərtlərində göstərilən fəaliyyətləri yerinə yetirməlidir, əks halda Azərbaycanın bunu zor gücünə həyata keçirilməkdən başqa yolu qalmayacaq.
Paşinyan noyabrın 16-da olduğu kimi, istənilən an atdığı sərsəm bir addımla münaqişəni təkrar alovlandıra bilər, amma bu dəfə atəşkəsə nail olmaq, onun və havadarlarının imkanından kənar məsələ olacaq. Növbəti “Dəmir Yumruq” Ermənistan üçün maneəsiz dəhlizin açılması, işğalda qalan 8 kəndimizin azad edilməsi, sərhədlərin təyin edilməsi, erməni silahlılarının Qarabağdan çıxarılması və bunlara paralel olaraq sülh sazişinin hazırlanması mövzusunda əlavə impuls verə bilər. Görünür Ermənistan hakimiyyəti mütəmadi olaraq başlarından zərbə almayanda reallıqları unudur, hətta imzaladıqları sənədi təkrar və diqqətlə oxumaqda çətinlik çəkirlər.
Ədalət Verdiyev, hərbi ekspert
Baxış sayı: 361