Bəzi körpələr, əmizdirmə zamanı kürlük edir, ağlayır və ya döşdən imtina edirlər.
Bunun baş verməsinin bir sıra səbəbləri var. Bu hal, adətən körpə 6-8 həftəlik olduqda müşahidə olunur. Lakin, bu istənilən ay baş verə bilər. Körpə döşdə olarkən kürlük etdikdə və ya hər hansı bir ana uşağının əmizdirmə zamanı niyə kürlük etdiyini soruşduqda, mən aşağıdakılara nəzər salıram:
-Körpə neçə aylıqdır?
Bir çox körpələr, həyatının ilk günləri və ya 7-10 günlüyündə, 4-6 həftəliyində, 3 ayında, 4 ayında, 6 ayında, 9 ayında və s., inkişaf sıçrayışlarından keçir. Bir çox uşaqlar inkişaf sıçrayışları zamanı kürlük edir.
-Uşaq yeni inkişaf mərhələsindədir?
Dünyaya diqqət yetirməyə başlayan uşağın fikri həddən artıq çox yayınır. Onun həyatında baş verən hər hansı yeni inkişaf mərhələsi müvəqqəti olaraq əmizdirməyə təsir edə bilər: körpə əmizdirmə zamanı kürlük edə və ya sadəcə daha tez-tez süd əmmək istəyə bilər.
-Körpə nə zaman kürlük edir?
Kürlüyün səbəbini müəyyən etmək üçün, onun həm əmizdirmə sessiyası zamanı, həm də gün ərzində nə zaman kürlük etdiyinə diqqət yetirmək lazımdır.
Əgər körpə döşə süd gələn zaman (və ya dərhal sonra) kürlük edirsə, çox güman ki, o, döşə südün sürətlə gəlməsindən dolayı kürlük edir. Əgər körpə döşə süd gəlməzdən əvvəl və ya süd əmməyə başladıqdan bir neçə dəqiqə sonra (və döşə süd gəldikdən bir az sonra) kürlük edirsə, onda körpə döşə süd gəlməsi ilə südün sürətli axımından dolayı səbrsizlənir.
Əmizdirmə sessiyasının sonunda (və ya sonuna yaxın) kürlük etməsi, körpənin gəyirmək istəməsinə işarə ola bilər və ya o əmizdirməni bitirməyə hazırdır və ya sadəcə əmmək istəyir (və bu məqamda döşə süd gəlməsini istəmir) və ya südü digər döşdən əmmək istəyir və ya südün daha sürətli axmasını istəyir. Əgər körpə adətən səhərlər kürlük edirsə, bu, digər vaxtlara nisbətən döşə südün daha sürətlə gəlməsi ilə bağlı ola bilər. Körpə uzun müddət yatır və ananın döşləri həmişəkindən daha dolu olur. Əgər körpə axşam əmizdirmələri zamanı kürlük edirsə, bu, bir çox uşaqların axşam keçirdiyi normal kürlük vaxtı ilə əlaqəli ola bilər.
Baxmayaraq ki, bir çox uşaqlar analarının yediyi qidalara reaksiya vermir, lakin bəziləri istisnadır. Əgər siz hər gün (və ya tez-tez) günün eyni vaxtı müəyyən qidanı yeyirsinizsə və körpə gün ərzində müntəzəm bir vaxtda kürlük edirsə, vəziyyətin qaydaya düşüb-düşməyəcəyini yoxlamaq üçün, bir və ya iki həftə həmin qidanı yeməməyə çalışın.
-Körpə hər iki döşdə kürlük edir, yoxsa sadəcə birində?
Bir çox anaların bir döşünə süd digərindən daha sürətlə gəlir və (və ya) bir döş daha çox süd ehtiyatına malik olur. Odur ki, körpə bir döşü əmərkən daha çox kürlük edir və bunun səbəbi bu fərqlər ola bilər.
-Səbəb daha nə ola bilər?
Körpə xəstədi və ya dişi çıxır? Onun mühitində yeni və ya fərqli nəsə baş verir? O bərk qidalar yeməyə başlayıb və ya yeni qida dadır? Əmizdirmə zamanı kürlükdən başqa digər əlamətlər də nümayiş etdirirmi?
Aşağıda, südəmizdirmə zamanı kürlüyə səbəb olan bəzi müxtəlif məsələlər barədə müzakirələr verilib. Yadda saxlayın ki, problem həmçinin bir neçə məsələnin birləşməsi ola bilər.
Körpə gəyirmək istəyir?
Bir çox körpələr gəyirmək istəyəndə ağlayır, kürlük edir, başını arxaya itələyir və s. Körpəni bir döşdən o birinə keçirəndə və əmizdirmədən sonra onu gəyirtməyə çalışın, lakin o gəyirmirsə və məmnundursa, narahat olmayın. Ümumiyyətlə süd əmən körpələr, süni qida yeyən uşaqlardan daha az hava udur, odur ki, onlar tez-tez gəyirməyə ehtiyac duymurlar. Əgər körpə süd əmməzdən əvvəl ağlayırsa və ya çox acdığı üçün “coşğun” şəkildə süd əmirsə və ya ananın döşünə süd sürətlə gəlibsə, körpənin qarnına daha çox hava dolar və o tez-tez gəyirmək istəyə bilər.
Körpəni gəyirtməyə adətən ilk aylar ərzində ehtiyac olur, lakin bu daha uzun müddət davam edə bilər. Körpəniz daha müstəqil şəkildə hərəkət etməyə başladıqda, mədə qazını özü xaric edəcəkdir. Bu, adətən 4 və 6-cı aylarından etibarən başlayır, lakin bəzi körpələrdə daha tez və bəzilərində daha gec ola bilər.
Əgər körpə gəyirməkdə çətinlik çəkirsə, süd əmizdirmə zamanı onu daha tez-tez gəyirtməyə çalışın. Ən yaxşı gəyirtmə mövqeyi, körpənin qarnına sıx təzyiq göstərməkdir. Məsələn, onu qarnıüstə böyüklərdən kiminsə çiyninə qoymaq adətən çox işə yarayır.
İnkişaf sıçrayışı
Körpələr adətən inkişaf sıçrayışları zamanı, döşdə olarkən başlarını arxaya itələyir və kürlük edirlər. Bir çox uşaqlar, həyatının ilk günləri və ya 7-10 günlüyündə, 4-6 həftəliyində, 3 ayında, 4 ayında, 6 ayında, 9 ayında inkişaf sıçrayışları keçirirlər. İnkişaf sıçrayışları haqqında daha çox məlumatı burada oxuya bilərsiniz.
Fikri yayınan körpə
Əgər körpənin diqqəti nəyəsə (real və ya xəyali) yayınaraq onun döşdən imtina etməsinə səbəb ola bilər.
Südün döşə güclü gəlməsi
Bəzi körpələr ananın döşünə süd güclü gələndə və ya süd gəldikdən dərhal sonra döş əmməkdən imtina edirlər. Körpə, südün döşə gəlməsi səbəbilə süd axınının sürətlənməsinə əsəbləşə bilər. Südün döşə çox güclü gəlməsi, həmçinin həddən artıq qaza və ya qusmaya səbəb ola bilər.
Südün döşə yavaş gəlməsi
Bəzi körpələr döşə südün yavaş gəlməsindən səbrsizlənirlər.
Körpə südün daha sürətlə axmasını istəyir
Hətta ən balaca körpələr də diqqət yetirir ki, döşü ağızlarından çıxarmaq, dartışdırmaq, südün əlavə gəlişinə və daha sürətli, daha asan süd axınına səbəb ola bilər. Bəzi körpələr, südün döşə ilk olaraq sürətlə gəldikdən sonra yavaş axınla axmasından səbrsizlənirlər. Bu, südün döşə yavaş gəlməsi ilə əlaqəli ola da, olmaya da bilər.
Uşaq süd əmməyə başlayanda, döşdə bir neçə damcı süd olur. Döşə ilk süd gəldikdə isə (əmizdirmə başlayandan sonra, bir neçə saniyədən bir dəqiqəyə qədər), süd axını nisbətən sürətlənir. Bu zaman süd çox sürətlə sıza, fışqıra və ya püskürə bilər. Bir neçə dəqiqə sonra, süd axını yenidən yavaşlayır və körpə döşə daha çox süd gətirmək üçün güclü şəkildə əmməlidir. Körpənin döşü güclü şəkildə əmməsi döşə ardıcıl, çoxsaylı şəkildə süd gəlişinə səbəb ola bilər. Tədricən, körpə öyrənəcək ki, o güclü əmdikcə/udduqca, süd axını yenidən güclənəcəkdir.
Süni qidalanma zamanı, axın ardıcıl və davamlı olur. Körpənin çox hərəkət etməsi tələb olunmur. Əgər körpə bir dəfə və ya bir neçə dəfə əmzikli şüşədən qidalandırılsa, o bu qidalanmanın asan olduğunu anlayaraq döşdən imtina edə bilər. O südün döşə ilk gəlişinə və süd axınının yavaşlamasına əsəbləşə bilər.
Əgər körpəni əmzikli şüşədən qidalandırırsınızsa, heç olmasa bir müddətlik bu cür qidalanmanı dayandırın. Əmziklik şüşədən istifadə etməli olsanız, yeni doğulmuş körpələr üçün olan əmzikdən istifadə edin. Çünki, bu cür əmzikli şüşədən süd axını sürətli olmur və körpə anlayır ki, süd əldə etmək üçün bir balaca hərəkət etmək lazımdır.
Bəzən, anasının süd ehtiyatı çox olan və ya döşünə süd sürətlə gələn körpələr sürətli süd axınına alışır və təqribən 3 həftə ilə 3 ay arasında süd axını normal şəkildə yavaşlamasına etiraz edirlər. Bu halda, siz gözləmədiyiniz anda körpə kürlük etməyə başlayarsa, döşünüzü ovcunuzla sıxmağın sizə köməyi toxuna bilər. Bu, süd axınını yenidən sürətləndirməyə kömək edəcəkdir. Sıxmalar daha işə yaramayanda, körpə kürlük etdiyi zaman onu digər döşə keçirməyə cəhd edin və ehtiyac olduqca (sıxmalardan sonra) bunu təkrarlayın.
Körpə bir an içində əmməni dayandırır
Əgər körpə, bir balaca əmdikdən sonra kürlük etməyə başlayırsa və siz bütün səbəbləri nəzərdən keçirmisinizsə, bəlkə də o süd əmmə şəklini dəyişmək prosesindədir. Körpələr böyüdükcə və yetkinləşdikcə, döşdə daha effektli olurlar. Onlar, əvvəl tələb olunandan daha az müddətdə, bir əmizdirmə sessiyası ərzində döşə daha çox süd gətirə bilərlər. Körpənin əsəbləşməsi, sadəcə onun südü bitirdiyinə və davam etmək istədiyinə işarə ola bilər.
Həmçinin, adətən körpələr əmizdirmə sessiyasının sonunda sadəcə əmmək istəyirlər və döşə südün gəlməsi səbəbi ilə süd axını onları əsəbləşdirə bilər. Belə olan hallarda, siz ona barmağınızı və ya əmzik (əgər körpə 4-6 həftədən böyükdürsə) təklif edə bilərsiniz.
Körpə bir döşə üstünlük verir
Bəzən, körpələr döşə südün yavaş və ya əksinə çox güclü gəlməsi və ya nisbətən azalması ilə əlaqədar olaraq kürlük edirlər. Onlar, daha tez südlə dolan və daha səxavətli döşə üstünlük verirlər.
Axşamlar kürlük
Bir çox körpələr axşamlar döşdən imtina edir və kürlük edirlər. Bu normaldır.
Diş çıxarma
Dişlərin çıxması, körpələrin əmizdirmə zamanı kürlük etməsinə səbəb ola bilər, çünki bəzi körpələr əmmə zamanı damaqlarında ağrı hiss edirlər. Körpə əmməyə başlaya, lakin daha sonra döşü ağzından çıxararaq ağlamağa və ya kürlük etməyə başlayır və daha süd əmmək istəmir.
Süd yarası
Döşdən tez-tez imtina etmək, süd yarasının səbəbi ola bilər.
Burun tutulması
Körpənin burnunun tutulması, onun döşdə kürlük etməsinə səbəb ola bilər. Əgər körpənizin burnu tutulubsa və o eyni zamanda nəfəs alaraq süd əmməkdə əziyyət çəkirsə, soyuqdəymə və burun tutulmasına qarşı tədbirlər həyata keçirməyə dəyər.
Allergiya və ya qidaya qarşı həssaslıq
Bəzi, allergiyalı və ya qidaya qarşı həssas olan körpələr, əmizdirmə zamanı kürlük edirlər. Adətən, ananın yediyi qidalardan hansınasa qarşı həssaslıq olduqda, körpə ac da olsa, südün dadında/qoxusunda onun mədə-bağırsaq ağrısına səbəb olacaq nəsə hiss etdikdə, o döşü ağzından çıxarır, başını irəli-geri çevirir və s. Ananın rasionundakı qidalara qarşı həssaslıq nadir hallarda baş verir. Əgər problem bundadırsa, çox güman ki, həddən artıq tüpürmə və ya qusma, kolik, ishal, səpki, güclü burun tutulması və ya burun axması və ya həddən artıq qaz kimi digər simptomlar da nəzərinizə çarpacaqdır.
Zəif süd axını
Zəif süd axını, körpənin döşdə kürlük etməsinə səbəb ola bilər. Əgər siz süd ehtiyatınızın zəif olmasını hiss edirsinizsə südün artırılmasına dair məsləhətlərə riayət edin. Ətraflı burada. Həmçinin südartıran təbabət və kulinariya reseptləri ilə ətraflı burada tanış ola bilərsiniz.
Reflyüks
Reflyüks körpənin döşdə kürlük etməsi ilə nəticələnə bilər.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com