Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışı məsələsi yenidən gündəmdədir. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdəki qələbəsindən sonra Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyəti daha da aktivləşib. İcma müxtəlif festival və tədbirlər təşkil edir.
Ermənistanda son siyasi proseslər fonunda Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsinin yenidən gündəmə gəlməsi necə dəyərləndirilir? Qərbi Azərbaycanla bağlı mədəni və ictimai tədbirlərin artması Qayıdış Konsepsiyasının təşviqinə hansı töhfəni verə bilər?
Globalinfo.az-a danışan QAİ-nin İdarə Heyətinin sədrinin müavini, deputat Hikmət Babaoğlu deyib ki, bu, Azərbaycan xalqına qarşı törədilmiş ədalətsizliklərə və hüquq pozuntularına qarşı mübarizəni ifadə edən konsepsiyadır:
“Burada siyasi iddia yoxdur, hüquqi və humanitar xarakter daşıyır. Beynəlxalq hüquqa görə, hər bir insanın doğulduğu yerdə yaşamaq haqqı var. Qərbi azərbaycanlılar müxtəlif dövrlərdə, o cümlədən Sovet hakimiyyəti illərində və sonrakı mərhələlərdə Ermənistandan deportasiya olunub, etnik təmizləmə siyasətinə məruz qalıblar. Buna baxmayaraq, onlar öz tarixi torpaqlarına, ata-baba yurdlarına qayıdaraq həmin ərazilərdə yaşamaq hüquqlarını bərpa etmək istəyirlər. Bu baxımdan, söhbət hər hansı ərazi iddiasından deyil, fundamental insan hüquqlarının təmin olunmasından gedir”.
Deputat bildirib ki, regionda sülh üçün əlverişli şəraitin formalaşdığı bir dövrdə Qərbi Azərbaycana qayıdışla bağlı festivalların, elmi konfransların və digər tədbirlərin keçirilməsi bu məsələnin beynəlxalq hüquq müstəvisində araşdırılmasına, hüquqi əsaslarının öyrənilməsinə və tətbiq mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir:
“Qərbi Azərbaycan təkcə qərbi azərbaycanlıların deyil, bütövlükdə xalqımızın tarixi-mədəni irsinin və etnomədəni coğrafiyasının ayrılmaz hissəsidir. Bu tədbirlər Azərbaycan cəmiyyətində Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşındakı yerini daha da möhkəmləndirməyə yönəlib. Hesab edirəm ki, heç bir siyasi məqsəd daşımayan bu qayıdış təşəbbüsü ədalətin bərpasına, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə, iki xalq arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Bu isə öz növbəsində regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına töhfə verə bilər”.