Kanadanın Alberta əyalətində müstəqilliklə bağlı referendum keçirmək üçün tələb olunan imza sayı toplanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.
Məlumata görə, separatçı “Stay Free Alberta” hərəkatının lideri Mitç Silvestr bildirib ki, qanunvericiliyə əsasən tələb olunan 178 min imza həddi keçilib. Belə ki, artıq 300 mindən çox imza toplanıb.
İmzalar təsdiqlənəcəyi təqdirdə referendumun bu il oktyabrın 19-da keçirilməsi mümkündür. Səsvermədə seçicilərə, “Alberta əyalətinin Kanadanın tərkibindən çıxaraq müstəqil dövlətə çevrilməsini dəstəkləyirsinizmi?” sualı ünvanlanacaq.
Hərəkat lideri prosesi “tarixi an” kimi qiymətləndirərək bildirib ki, bu, növbəti mərhələyə keçid üçün ilk addımdır.
Separatçıların fikrincə, rəsmi Ottava əyalətin maraqlarını xüsusilə neft-qaz sektorunda yetərincə nəzərə almır. Qeyd edilir ki, Alberta ölkənin ən böyük neft istehsalçısıdır və adambaşına düşən ÜDM göstəricisinə görə lider mövqedədir. Ölkədə keçirilən rəy sorğusuna görə, əyalət əhalisinin təxminən 25 faizi ayrılmanı dəstəkləyir, lakin əksəriyyət buna qarşıdır.
Eyni zamanda, referendum təşəbbüsü hüquqi çətinliklərlə də üzləşib. Alberta məhkəməsi yerli xalqların hüquqlarının pozulacağı ilə bağlı iddia əsasında imzaların yoxlanılması prosesini müvəqqəti dayandırıb. Hüquqşünas Kevin Hill bildirib ki, mümkün müstəqillik beynəlxalq sərhədlərin dəyişməsi ilə yerli icmaların həyat tərzinə və hüquqlarına ciddi təsir göstərə bilər.
Nəşr onu da qeyd edir ki, Kanadada ikinci belə təşəbbüs də gündəmdədir. Belə ki, Kvebek əyalətində fəaliyyət göstərən separatçı qüvvələr seçkilərdə qalib gələcəkləri təqdirdə suverenliklə bağlı referendum keçirməyi vəd ediblər.