Türkiyənin güclənməsi İsrail üçün yeni bir gedişat yaradıb. Düşünürəm ki, İsrail kəşfiyyat və döyüş təcrübəsi baxımından hələ də üstünlüyə malikdir. Ancaq indi İsrail yeni “Tayfun”ları, modernləşdirilmiş böyük bir F-16 donanması, tezliklə xidmətə girəcək 5-ci nəsil KAAN və inkişaf etməkdə olan PUA ekosistemi olan Türkiyə ilə qarşı-qarşıyadır.
Axar.az xəbər verir ki, bunu israilli hərbi ekspert Aharon Lapidot deyib.
Ekspert bildirib ki, Ankara regional strategiyalar baxımından düzgün addımlar atır:
“Türkiyə artıq ikinci dərəcəli təyyarələrlə deyil, birinci dərəcəli strateji qırıcılarla uçur. 9 milyard avro dəyərində “Tayfun” (Eurofighter) müqaviləsi, F-16 modernləşdirilməsi və KAAN-ın yüksəlişi ilə birgə Türkiyənin tarixi bir dönüş nöqtəsinə daxil olduğu aydındır. 2020-ci illərin sonuna qədər Türkiyə təkcə regional güc deyil, həm də qlobal hava məkanında həlledici aktor olacaq. Yəni səmalar yenidən türklərin əlindədir”.