Xəbərlər
ailehekimiklinikasi.az » Gündəm » Mədəniyyət » Mirzə Fətəli Axundov niyə Atatürklə iftixar edirdi?
Mirzə Fətəli Axundov niyə Atatürklə iftixar edirdi?
Qan Turalı yazır...
Atatürkün inqilabları arasında “Hərf inqilabı” xüsusi əhəmiyyət daşıyır. Bu ideya necə və hansı zərurətdən yaranmışdı? Türkiyə kimi Azərbaycanda da ərəb qrafikalı əlifbadan istifadə edirdilər. Ərəb əlifbasında altı, dilimizdə isə doqquz sait olduğu üçün mətləbi izah etmək bir çox hallarda mümkünsüz olurdu.
Cəlil Məmmədquluzadənin bu mövzuya həsr etdiyi çoxsaylı felyetonların biri vəziyyəti dəqiq təsvir edir. Belə ki, hamilə yaxınından xəbər gözləyən şəxsə məktub gəlir. Ancaq məktubu oxuyan başa düşmür ki, “uşaq öldü” yazılıb, yoxsa “uşaq oldu”.
Bundan əlavə, ərəb əlifbası qəliz idi, insanlar bu əlifbanı öyrənməkdə çətinlik çəkdikləri üçün savadsızlıq kütləvi olaraq qalırdı. Bu məsələni Mirzə Cəlildən də qabaq onun böyük ustadı Mirzə Fətəli qaldırmışdı. O yazırdı: “Mində bir adamda tayı-bərabəri tapılmayan müəllimimin səyi və can yandırmasına baxmayaraq, mənim oxumağı öyrənməyim üç-dörd il çəkdi. Məgər üç-dörd il səbir edən insanların sayı çoxdurmu? Buna görədir ki, İslam tayfaları arasında on min nəfərdən bir savadlı adam tapılır”.
Axundov əvvəlcə ərəb əlifbasına yeni saitlər əlavə edərək problemi aradan qaldırmaq istəyirdi. Türkiyədə bu problemi ilk dəfə qaldıran da o oldu. Belə ki, layihəsini 1863-cü ildə Osmanlı Elm Cəmiyyətində təqdim edən Axundov kəskin etirazla qarşılaşdı. Osmanlı mətbuatında gedən qızğın müzakirələr zamanı yeni əlifba şəriət əleyhinə olan əməl kimi qələmə verilirdi. Görkəmli türk ədibi Namık Kamal Axundovun müdafiəsinə qalxmışdı.
Atatürk “hisslərimin atası” adlandırdığı Namık Kamalın əsərlərini oxuduğu üçün 24 yaşında gənc bir kapitan ikən həbs edilmişdi.
Bu məqamda Rusiya və Osmanlının əbədi düşmən olduğunu, Krım müharibəsinin yenicə bitdiyini və Axundovun çiyinlərində rus ordusunun polkovnik poqonlarını daşıdığını xatırlamaq gərəkdir. Axundovun səfər üçün icazəni necə çətinliklə aldığı və bir zaman həmin səfərin asanlıqla onun əleyhinə çevrilə biləcəyini başa düşmək üçün tarixçi olmağa ehtiyac yoxdur.
Axundov ömrünün son illərində ərəb əlifbası fikrindən də vaz keçərək latın əlifbası üzərində dayandı. Onun üçün həyatda ən prinsipial məsələ bu idi. On illərlə davam edən nəticəsiz fəaliyyəti Mirzə Fətəlini bədbinləşdirmişdi.
Atatürk əlifba üzərində hələ 1905-ci ildən düşünməyə başlamışdı.1922-ci ildə ondan “Niyə latın əlifbasına keçmirik?”, - deyə soruşulanda “Hələ vaxtı deyil” deyə cavab vermişdi. 1923-cü ildə İzmir konqresində məsələ yenidən gündəmə gəldi. Ancaq konqresin sədri Kazım Qarabəkir Paşa islam dünyası ilə həmrəyliyin pozulacağını deyərək təklifi rədd etdi.
Axundov həmfikiri Mirzə Melkum xana yazırdı: “Mən və sən yeni əlifba fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında yerinə yetirmişik. Bizim adımız tarixdə qalacaqdır. Biz istəyirik ki, müasirlərimiz bu fikri həyata tətbiq etməklə gələcək nəsillər qarşısında iftixar əldə etsinlər”.
Atatürk siyasət olimpində mövqelərini möhkəmlədən kimi 1928-ci ildə latın əlifbasını TBMM-də qəbul etdirdi. Parlamentdə söylədiyi nitqdə Atatürk belə deyirdi: “Hərf inqilabı Türkiyə Cümhuriyyətinin yüksəlişi yolunda əhəmiyyətli bir mərhələdir”.
Axundovun müjdələdiyi iftixar Atatürkə nəsib oldu…
P.S. Azərbaycan Xalq Cümhuriyyətinin latın əlifbası ilə bağlı layihə hazırladığını, amma həyata keçirə bilmədiyini, Sovet hakimiyyəti illərində (1922) ərəb əlifbası ilə paralel latın əlifbasının qəbul edildiyini və 1938-ci ildə kiril əlifbası qəbul edilənə qədər latın əlifbasının işlədildiyini də unutmayaq.