Dəfnənin Kiçik Аsiya mənşəli bitki olması və onun Yunanıstana gətirilməsi tarixi faktdır. Ellinlər dəfnəni yalnız dini kultlarda deyil, məişətdə də geniş istifadə edirdilər (kəskin ətirli dəfnə tüstüsü ilə evi təravətləndirirdilər). Romalılar isə dəfnə yarpaqlarını pulların üzərində həkk edirdilər, ondan hazırlanmış çələnglər onların başlarını bəzəyirdi.
Geraldikada dəfnə yarpağı qələbənin emblemi kimi təsdiqini tapıb. Bu qədim simvolun intibahı isə Fransa Böyük burjua inqilabından sonra (1789-1794) meydana gəlib. Dəfnə budaqları Fransa respublikasının gerbində həkk edilmişdi ki, ondan sonra triumf olaraq (mükafat) dövlət gerbində də öz yerini aldı. XIX-XX əsrlərdə dəfnə çələngi Əlcəzair, Braziliya, Qvatemala, Yunanıstan, İsrail, Kuba, Meksika, Salvador, San-Marino və Efiopiyanın gerbini də bəzədi.
Sərkərdələri, idmançıları dəfnə çələngi ilə təltif etmək ki-mi qədim bir ənənə bu günümüzə qədər gəlib çıxmışdır. Belə ki, konkursun qalibi olan idmançılara, artistlərə, musiqiçilərə, yazıçılara, şairlərə dəfnə çələngi təqdim edilir, onlara verilən qızıl və ya gümüş medalların üzərində dəfnə budağı həkk edilir.
Orta əsrlərdə ölümsüzlüyün maraqlı bir emblematikası incəsənətin himayədarı olan Lorenso Mediçiyə mənsub idi (1448-1492). Emblemin üzərində həkk edilmiş həmişəyaşıl dəfnə kolu var idi və bu deviz belə izah edilirdi: “Xoşməramlı bu cürdür (və ya belə olur)” həmişəyaşıl dəfnə kimi. Romalılar bu ənənəni hərbi qələbələrə də şamil etmişdilər. Yuli Sezar bütün rəsmi mərasimlərdə dəfnədən hazırlanmış çələng geyinərdi. İngilis pullarının üzərində II Karl, I Georq və II Georq, daha sonra isə II Yelizaveta dəfnə çələngində təsvir edilmişlər. “Alfa-Romeo”, “Fiat” və “Mersedes-Bens” avtomobil kompaniyaları da üstünlük simvolu olaraq dəfnə çələngini seçmişlər. Delos adasında, Letonun Apollonu və Artemidanı doğduğu yerdə, müqəddəs dəfnə bitən Apollon məbədi var.
Dəfnə yarpaqlarının axıdılmış qanları ritual olaraq təmizlədiyinə, dəfnə ağacı əkən birisini heç zaman ildırım vurmadığına inanılırdı. Qurbanlıq heyvanlarla yanaşı dəfnə budaqları da yandırılırdı və onun qəbul ediləcəyinə inanılırdı. Erkən xristianlıqda da həmişəyaşıl dəfnə ağacı əbədi və yeni həyatın simvolu sayılırdı.
Əsrlərdir ki, tanrıça Nika (lat. Viktoriya) alleqorik obraz kimi əlində qəhrəman və qaliblərə təqdim edəcəyi dəfnə çələn-gi ilə təsvir edilir.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından